Bu gün dünya kinosunun əfsanələrindən biri Çarli Çaplinin anadan olmasından 137 il ötür. İllər ötsə də, onun ağ-qara filmlərindəki o səmimi ruh hələ də müasir dünyanın rənglərinə meydan oxuyur. “Fuyuzat.az” saytı olaraq sizlərə aktyorun qızı Ceraldinaya yazdığı, artıq sənət tarixinin klassikasına çevrilmiş məşhur məktubunu təqdim edirik.
Bu məktub sadəcə bir atanın övladına qayğısı deyil, şöhrətin parıltısı ilə həyatın sərt reallığı arasında körpü quran, səmimiyyətlə yazılmış bir ömür hekayəsidir…
“Sən də buna cəhd et”
Sən məndən o qədər uzaqdasan ki… əgər sənin şəklin gözlərim önündə deyilsə, qoy mən kor olum. O buradadır, stolumun üstündə – qəlbimin yaxınlığında. Bəs sən haradasan? Orada – nağılvarı Parisdə. Yelisey teatrının möhtəşəm səhnəsində rəqs edirsən. Mən bunları yaxşı bilirəm. Bununla belə, bu sakit gecədə sanki sənin ayaq səsini eşidir, qış gecələrinin ulduzlarıtək parlayan gözəl gözlərini görürəm. Eşidirəm ki, sən bu bayramsayağı və parlaq tamaşada Tatar xan tərəfindən əsir edilmiş fars gözəlinin rolunu oynayırsan. Gözəl ol və rəqs et! Ulduz olub parla! Ancaq elə ki tamaşaçıların həyəcan və minnətdarlıqları səni məst etdi, elə ki sənə göndərilən güllərin xoş ətri başını gicəlləndirdi, bir anlığa küncə çəkilib mənim məktubumu oxu. Atanın səsinə səs ver. Mən sənin atanam. Ceraldina! Mən Çarli Çaplinəm, Çarli Çapli
Heç bilirsən çarpayının yanında neçə gecələr keçirmişəm? Sən lap körpə idin… Sənə o qədər nağıl danışmışam ki… Yatmış gözəl barəsində, qorxunc əcdaha haqqında. Yuxu bu qoca atanı mürgülədəndə isə mən ona gülür və deyirdim: “Çıx get! Mən qızımın arzuları ilə yatıram”. O zaman mən sənin arzularını, gələcəyini görürdüm, Ceraldina, sənin bu gününü görürdüm. Səhnədə rəqs edən qızı, göylərdə süzən pərini görürdüm. Tamaşaçıların dediklərini eşidirdim: “Bu qızı görürsünüzmü? O, qoca təlxəyin qızıdır. Yadınızdamı, onun adı Çarli idi?”.
Bəli, mən Çarliyəm, qoca təlxəyəm! İndi növbə sənindir. Rəqs elə! Mən cırıq, enlibalaq şalvarda rəqs etmişəm, sən isə ipək şahzadə paltarında rəqs edirsən. Bu rəqslər, bu gur alqış səsləri səni göylərə qaldıracaq, hərdən yerə də en. İnsanların həyat tərzini müşahidə et. Sən ac qalan, soyuqdan tir-tir əsən, dilənçi həyat keçirən rəqqasələrin sərsəri həyatını görməlisən. Mən onlar kimi olmuşam, Ceraldina! O sehrkar gecələrdə mənim nağıllarımla yuxuya getmisən. Yatmayıb çöhrənə baxmışam, qəlbinin döyüntüsünü eşitmişəm və elə hey özüm-özümdən soruşmuşam: “Çarli, görəsən, bu pişikciyəz səni nə vaxtsa tanıyacaqmı?”. Sən məni tanımırsan, Ceraldina!
O gecələrdə mən sənə çox nağıl danışmışam… amma öz nağılımı söyləməmişəm. O da maraqlıdır… Londonun yoxsul məhəllələrində oxuyan, rəqs edən ac təlxəyin nağılını… Budur mənim nağılım. Ac qalmağın, evsizliyin nə olduğunu dərk etmişəm! Qəlbində ümmanlar qədər qürur gəzdirən atan, köçəri-təlxək olmağına görə o qədər təhqiredici əzablar çəkib ki… Bütün bunlara baxmayaraq yaşamışam. Dirilər haqqında adətən az danışılır. Yaxşısı budur, sənin haqqında danışaq,
Ceraldina!
Sən mənim soyadımı daşıyırsan – Çaplin! Qırx ildən artıqdır o, yer üzünün insanlarını güldürür. Onların güldüyündən daha çox, mən ağlamışam. Bil ki, sən yaşadığın dünya təkcə musiqi və rəqsdən ibarət deyil!
Gecə yarısı böyük salonlardan çıxanda öz varlı pərəstişkarlarını unut. Amma səni evə aparan taksi sürücüsündən arvadının vəziyyətini soruşmağı unutma. Əgər onun arvadı hamilədirsə, əgər gələcək uşağa pal-paltar almağa onların imkanı yoxdursa, onun cibinə pul qoy. Tapşırmışam, sənin bu cür xərclərini bank ödəyər. Başqa xərclərdə isə qənaətcil ol! Hərdən bir metrodan da istifadə et. Şəhəri gəz. İnsanları müşahidə et. Heç olmasa gündə bircə dəfə öz-özünə “Mən də bunlardan biriyəm!” de.
Bəli, qızım, sən onlardan birisən! Adətən incəsənət insanlara səmaya uçmaq üçün qanad verməmişdən əvvəl onların ayaqlarını qırır. Elə ki özünü tamaşaçılardan yüksəkdə hiss etdin, o saat səhnədən uzaqlaş. Qarşına çıxan ilk taksilərdən birinə əyləş, Paris ətrafına dolan. Sən bu yerlərdə sənin kimi, hətta səndən də gözəl, səndən də qəşəng, qürurlu rəqqasələrə rast gələcəksən. Burada teatrların gözqamaşdırıcı procektorlarından əsər-əlamət olmayacaq. Onlar üçün procektor – aydır. Onlara yaxşı-yaxşı nəzər sal. Bəlkə onlar səndən də yaxşı rəqs edirlər? Etiraf et, mənim qızım! Həmişə səndən yaxşı rəqs edən, səndən də yaxşı oynayan tapılar. Və yadında saxla ki, hələ Çarli ailəsindən elə bir kobud adam çıxmayıb ki, o, Sena sahillərində dilənənlərə gülmüş olsun, onları ələ salsın…
Mən öləcəyəm. Lakin sən yaşayacaqsan. Sənin yoxsul olmağını istəmirəm. Bu məktubla bərabər, sənə çek kitabçamı göndərirəm. Nə qədər istəyirsən, o qədər də xərclə. Amma elə ki iki frank xərclədin, bil ki, üçüncüsü sənin deyil. Bu bir frank ehtiyacı olan naməlum adama qismət olmalıdır. Sən belələrini asanlıqla tapa bilərsən. Əgər bu cür naməlum kasıbları görmək istəsən, onlara hər yerdə rast gəlmək olar. Səninlə pul haqqında ona görə danışıram ki, mən bu “şeytanın” aldadıcı qüvvəsinə bələdəm.
Bilirsən, mən uzun müddət sirkdə işləmişəm. Həmişə də kəndirbazlar üçün həyəcan keçirmişəm. Lakin bir həqiqəti sənə deməyə məcburam: adamlar möhkəm torpaq üstündə etibarsız kəndir üstündəkindən daha tez-tez yıxılırlar. Brilyanta məftun olmusansa, sənin yıxılacağın labüddür. Ola bilər günlərin bir günündə bir şahzadə səni özünə məftun edə. Sən elə bu andan dönüb təcrübəsiz kəndirbaz olacaqsan. Təcrübəsizlər də həmişə yıxılır.
Qəlbini daş-qaşlara, qızıla satma. Bil: dünyada ən böyük brilyant günəşdir. Xoşbəxtlikdən, o da hamının üzünə şəfəq saçır.
Ceraldina, artıq Çarli qocalıb. Gez-tez səhnədə geydiyin ağ paltar əvəzinə, qara geyinib qəbrimin üstünə gələcəksən. Səni kövrəltmək istəmirəm. Ancaq hərdən bir güzgüyə bax, orada məni görəcəksən. Damarlarında mənim qanım axır. Damarlarımdakı qan dayananda da istəyirəm ki, sən atanı – Çarlini unutmayasan. Doğrudur, mən mələk olmamışam. Amma insan olmağa həmişə can atmışam.
Sən də buna cəhd et!
Öpürəm səni, Ceraldina.
Qənirə Əmircanova
Füyuzat jurnalı, №5 (43) 2008,



