Paris Beynəlxalq Cərrahlar Akademiyasının üzvü, cərrah, kardioloq, görkəmli ictimai xadim, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru, Türk Dil Qurumunun fəxri üzvü, İstanbul universitetinin fəxri doktoru, Azad İslam Universitetinin cərrahı, türkoloq, “Varlıq” jurnalının naşiri, “Tibb elmi” jurnalında onlarca məqalənin müəllifi, böyük ədib və naşir, alim, professor doktor Cavad Heyət…
– Hörmətli doktor, öncə sizi “Füyuzat” jurnalının redaksiya heyəti adından salamlayırıq…
– Çox sağ olun, mütəşəkkirəm.
– Uca Yaradanın izni ilə uzun illərdir insanlara şəfa bəxş edən doktor, milli dəyərlərimizi, maarifi, əsl insan olmağı, xalqının keşiyində dayanmağı həmvətənlərinə aşılayan bir alim, bir ustad bu gün nə ilə məşğuldur? Yeni yazılarınız, yeni fəaliyyətiniz?..
– İki şeylə: bir həkimliklə, təbabətlə, bir də türk dünyası ilə, türkoloji ilə. Həmçinin dil, ədəbiyyat, tarix və s. ilə.
Bu günlərdə bir tərəfdən yeni məqalələr hazırlayıram, bir tərəfdən də keçmişdə yazdığım məqalələri kitab şəklində toplamaq istəyirəm. Çünki mən dörd yüzdən çox məqalə yazmışam. Onların böyük bir hissəsi ana dilimizdə – türkcədir, bir hissəsi Türkiyə türkcəsi, bir hissəsi farsca, bir hissəsi fransızca, ingiliscədir; bunları hissə-hissə, əhəmiyyətinə görə toplayıb kitab halına salmaq istəyirəm.
– Doktor, həyatda bir insan kimi formalaşmağınızda kimin böyük rolu olmuşdur? Örnək götürdüyünüz insan kimdir?
– Atamın… Atamın. Atam böyük bir insan, böyük bir alim idi. Həm ilahiyyat alimi, həm filosof, həm də hüquqşünas idi. Ali Məhkəmənin sədri, həm də ədliyyə naziri işləyirdi. İlk müəllimim o olub…
– Hörmətli ustad, uzun illərdən bəri naşiri və müdiri olduğunuz “Varlıq” dərgisi illərdir maariflənməyi, elm və tədrisi aşılamağa çalışan bir jurnaldır. Jurnalın adı ilə bağlı bir sual vermək istərdik. Nədən məhz “Varlıq”? “Varlıq” sözü ilə istəyiniz nəyi anlatmaqdır?
– Biz İran Azərbaycanındanıq… Cənubluyuq… Pəhləvilər dövründə İranda 60 ilə yaxın ana dilimiz, mədəniyyətimiz inkar edilmiş, hətta qadağan olunmuşdur. Onun üçün xalqımız özündən, kimliyindən, dilindən, ədəbiyyatından və tarixindən xəbərsiz qalmışdır. Bu da bir xalqın, bir millətin varlığının məhv olmasına hazırlıqdır. Millət belə, bu şəkildə məhv olur. Yəni ruhən, mənən məhv olur. Bizim bunun önünü almağımız və bu boşluğu doldurmağımız lazım idi. Xalqımıza dilini, ədəbiyyatını, tarixini xatırlatmağımız lazım idi. Ona görə də ədəbi, mədəni bir dərgi, bir jurnal çıxartmağa başladıq. Məktəbimiz olmadığı üçün islam inqilabından sonra bizə nisbi bir dil azadlığı verdilər. Biz ondan faydalandıq və məktəb işini görən bir dərgi çıxarmağa başladıq. Onun üçün “Varlıq” dərgisini çıxardıq. “Varlıq”da dilimiz, ədəbi dilimizin faydaları, ədəbiyyatımızın tarixi, folklorumuz, tariximiz haqqında silsilə məqalələr verdik. Hətta bu məqalələri sonra kitablar şəklində buraxdım. Amma niyə bu dərginin adını “Varlıq” qoyduq? Çünki hələ Pəhləvilər zamanında bizim varlığımızı inkar edirdilər. Deyirdilər ki, “siz türk deyilsiniz, sizin diliniz farscanın bir ləhcəsidir. Bu dildə yazmaq, oxumaq olmaz”. Biz buna qarşılıq olaraq jurnalımıza “Varlıq” adı qoyduq ki, biz varıq. Onun üçün də biz bu adı seçdik.
– Çar Rusiyasının bütün istibdadlarına baxmayaraq, 1906–1907-cı illərdə Əli bəy Hüseynzadənin, Hacı Zeynalabdin Tağıyevin böyük zəhmətləri ilə nəşr etdirdikləri “Füyuzat” jurnalının bu gün yenidən bərpası sizdə hansı təəssüratları oyadır?
– “Füyuzat” dərgisinin bərpası, məncə, milli şüurun yenidən dirçəlməsini göstərir mənə, bu, çox xoş bir xəbərdir, çox yaxşı, xeyirli bir işdir. “Füyuzat” dərgisini və Əli bəy Hüseynzadəni mən çoxdan tanıyıram və bundan 30 il əvvəl “Varlığ”ı çıxartdığım zaman həm Əli bəy Hüseynzadənin tərcümeyi-halını, həm də “Füyuzat” dərgisi haqqında yazmışam. Bizim “Varlıq” bəzi baxımlardan bir az “Füyuzat”a bənzəyir. Həm şərait baxımından, həm məfkurə və dil baxımından. “Füyuzat” çıxdığı zaman Allah rəhmət eləsin, nur içində yatsın, Zeynalabdin Tağıyev kimi müdrik insan onlara kömək edirdi. Bizim zamanımızda biz hələ ki, belə şey görməmişik. Ancaq öz zəhmətimizlə, öz malımız-canımızla onu çıxarırıq.
– Ustad! Əli bəy Hüseynzadə həm “Füyuzat” jurnalının mühərriri, həm bir təbib idi, həm də böyük bir ədib…
– Bəli… Bəli… həm də mənim bitirdiyim universiteti bitirmişdi – İstanbul universitetini.
– …həm də bir mütəfəkkir idi. Millətinin xoşbəxtliyini mənəviyyatda, mənəvi səadətdə görürdü. Eyni zamanda doktor Cavad Heyət də bir təbib, həm də millətinin maariflənməsinə, savadlanmasına illərdən bəri səy göstərən bir insan olaraq millətinin səadətini nədə görür?
– Millətimin səadətini elmdə və mənəviyyatda, milli şüur qazanmaqda, insani duyğularını qüvvətləndirməkdə görürəm.
Bizim millətimiz bəzi mövzularda Avropadan geri qalmış və eyni zamanda milli sitəmə məruz qalmışdır… Biz Avropaya çatmaq üçün çox çalışmalıyıq. Az tətil, az istirahət etməli və Avropanın elm və texnikadakı sürətini yaxalamalıyıq. Amma Avropa mədəniyyətini də seçərək almalıyıq. Çünki Avropa mədəniyyəti başqa, bizim Şərq mədəniyyətimiz, İslam mədəniyyətimiz başqadır. Hər birinin gözəl tərəfləri var. Biz Avropa mədəniyyətini kor-koranə qəbul edə bilmərik. Biz ancaq açıq gözlə, ağılla, şüurla seçərək Avropa mədəniyyətini almalı və inkişaf etdirməliyik.
Bir də biz zaman-zaman milli sitəmə məruz qalmışıq. İstər burada, istərsə də İranda, yəni, məsələn, İranda dilimiz rəsmi deyil. İranın rəsmi dili farscadır. İranda uzun illərdir belədir və bunu da, fars dilini İrana gətirib rəsmi edənlər də bizim əcdadımız türklər olmuşdur. Qəznəvilər, Səlcuqlar olmuşlar, biz bunu qəbul edirik. Amma onun yanında biz ana dilimizin də rəsmi olmasını istəyirik. Məktəbimizdə farscanın yanında türkcənin də, yəni Azərbaycan türkcəsinin də oxunmasını və o dildə tədris olunmasını istəyirik ki, bu milli sitəm ortadan qalxsın. Çünki uşaq ana dilində savadlandırılmalıdır. Türkdilli xalqlarda uşaq 6 yaşına qədər ana dilindən başqa dili öyrənmir, eşitmir və oxumur. Ana dili onun beynində bir şəbəkə şəklində yerləşir. Hər dilin özünəməxsus ifadə tərzi var ki, ona “iç bünyəsi” deyərlər. Uşaq o ifadə tərzi ilə, o ana dilinin ləhcəsi ilə anlama və anlatma qabiliyyəti ilə 6 yaşına gəlir. Dünyanı ana dili pəncərəsindən görür və ana dili ilə adlandırır. Məktəbə gəlir, məktəbdə bambaşqa bir dil ilə qarşılaşır. O zamana qədər “su” demiş, orda ona müəllim “ab” deyir. Bu çocuq “ab”ı bilmir, yazmasını da bilmir. Çünki ana dilində oxuma-yazma görməmişdir. Onun üçün məcbur olur yaddaşlara vursun. Və çocuq türk dilinin ifadə tərzi ilə dünyanı anladığı və anlatdığı halda fars dilinin qarşısında aciz qalır. Fars dilinin də öz mənası, öz ifadə tərzi var, ləhcəsi var. Bunlar onun beynində bir qarışıqlıq əmələ gətirir. Çocuq inkişafdan dala qalır və bir az çətinlik çəkir. Onun üçün bizdə ən yaxşı xətiblər fars çocuqları, fars uşaqlarıdır. Halbuki fars dili alimlərinin çoxu azərbaycanlıdır. Çünki bizdə bizim çocuqlar fars dilini bir elm kimi oxuyub-öyrənirlər. Amma danışanda ona fürsət yoxdur. O, beynində türkcəni tərcümə edir farscaya və dərhal izah etməsi lazım gəldiyi üçün şaşırır. Onun üçün bir fars uşağı kimi belə gözəl səlis, axıcı şəkildə məramını, fikrini izah edə bilmir. Onun üçün dünyada hər yerdə əvvəla ana dili oxunur, ondan sonra məmləkətin dili və beynəlmiləl dil oxunur. Birləşmiş Millətlərin, YUNESKO-nun çıxardığı qərara görə, hər ölkədə ən azı üç dil oxumaq lazımdır. Birinci ana dili, ikinci dövlətin dili, yəni ortaq dil, üçüncüsü beynəlmiləl dil – ingilis dili.
– Bayaq qeyd etdiyiniz kimi, avropalaşmaq, türkləşmək, islamlaşmaq. Avropanın dimağını, beynini onun elmi və texniki inkişafını çatdığı yeri millətimizin birlik və bərabərliyi, islam mənəviyyatı və əxlaqı ilə əxlaqlanmaq. Bu düsturlar Əli bəy Hüseynzadənin 1906-cı ildə qoyduğu bir düstur və bir yoldur. Sizcə, günümüzdə bu düsturlar keçərlidirmi?
– Keçərlidir. Çünki millətin bir dili, bir dini, bir də vətəni çox əhəmiyyətlidir. Onun üçün hər kəs bu üç şeyə bağlı olmalıdır. İstər dünən, istər bu gün, istərsə də sabah. Bəli, dilinə, dininə, vətəninə…
Əli bəy Hüseynzadənin çıxartdığı təsnifat – türkləşmək, islamlaşmaq və müasirləşmək, yəni avroplaşmaq – bu gün də keçərlidir və mən belə düşünürəm ki, hər kəs vətənini sevməlidir, hər kəs dilini, dinini sevməlidir. Şüurla sevməlidir, kor-koranə yox.
– Bir millət üçün onun dili necə bir əhəmiyyət kəsb edir? Azərbaycan dilinin türk dilləri içərisində yerini necə görürsünüz? Ortaq bir türk dilinə ehtiyac varmı və əgər varsa, azəri türkcəsinin bu dilin formalaşmasında nə kimi rolu ola bilər?
– Azərbaycan türkcəsi türk dillərinin içərisində ən zənginlərindən birisidir və Türkiyə türkcəsi ilə qoşa gedir. Bəzi sahələrdə daha da zəngindir. Həm də aşağı-yuxarı, ortaq türkcəyə daha yaxındır. Yalnız inkişaf baxımından Türkiyə türkcəsindən sonra gəlir. Çünki Türkiyə türkcəsi 600 ildir rəsmidir. 1299-cu ildən bəri, yəni Osman Qazi zamanından. Bizim dilimiz daha gəncdir, digər tərəfdən İranda da həmişə qadağan olunub, yazı dilimiz olmayıb. Burada da rus istilasında, rus dilinin istilasında qalıbdır. Onun üçün bolluca rus sözləri var. Əlbəttə, Türkiyə türkcəsi də çoxlu ərəb və fars sözləri ilə dolmuşdu. XX əsrdə bunu təmizləməyə başladılar bəzən də ifrata vardılar. Biz ortaq türkcə yarada bilmərik, bəlkə, ortaq türkcəyə doğru getməliyik ki, bir-birimizi başa düşək. Bizim Azərbaycan ədəbi türkcəsi ilə Türkiyə tükcəsi bir-birini başa düşür. Mən konqreslərdə görürəm ki, Azərbaycan alimləri öz ana dillərində çıxışlarını edirlər və türklər də onları başa düşürlər. Bir iki yüz – üç yüz kəlmə var, onu öyrəndikdən sonra Türkiyə ilə Azərbaycan türkcəsi tamamilə anlaşılır. Biz çalışmalıyıq ki, ortaq türkcəyə doğru gedək. Yəni o bizə ideal olmalıdır. Mən də “Varlıq”da 30 ildir bu işlə məşğulam. Amma dünyada hamıdan çox Türkiyə türkcəsi məşhur olmuş, yayılmış və əhəmiyyət qazanmışdır. Mən hətta bundan, bəlkə, 30 il əvvəl Parisdə, Sorbonnada yabançı dillər institutunda dedim ki, bizim dilimizi də burada tədris ediniz. Dedilər “yox, biz türk dillərindən ancaq Türkiyə türkcəsini tədris edirik”. Amma Azərbaycan müstəqil olduqdan sonra orada Azərbaycan türkcəsini də tədris etməyə başlamışlar. Biz bu gün ortaq türkcəyə doğru getməliyik. Bəli, o biri türk xalqlarının da dillərini öyrənməliyik və ortaq kəlmələri seçməliyik. Bu işi yalnız biz deyil, bütün türk xalqlarının ziyalıları aparmalıdır və o zaman yavaş-yavaş bizim və hətta digər türk xalqlarının dilləri hamımıza anlaşıqlı olacaq. Lazım deyil ki, ancaq bir dildə danışalım. Bir-birimizi anlasaq, kifayətdir. Məsələn, “başa düşdünmü?”, biz bu dildə deyirik “başa düşmək”, Türkiyə türkcəsində buna “anladınmı?” deyilir. Hə, anlamağı biz başa düşürük, başa düşməyi də onlar anlayır.
– Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarla çox yaxın münasibətiniz olmuşdur. Böyük şairimizlə bağlı hər bir xatirə bizlər üçün çox əzizdir. Onunla bağlı bir xatirənizi bizimlə bölüşməyinizi xahiş edərdik…
– Şəhriyar mənim çox yaxın dostum idi, onu Təbrizdən Tehrana gətirmişəm, gəlib altı ay bizdə ailəsi ilə qalıb. Orada biz türk və fars dillərində ikidilli ədəbi məhvil yaratmışdıq. O bizim müasir türk dünyasının ən böyük şairlərindəndir.
Bir gün şahın xanımı kraliça Fərəh köməkçisini onun yanına göndərmişdi. Kraliça köməkçisindən Şəhriyara çoxlu salam və belə bir sifariş göndərmişdi: “Mən razı deyiləm ki, Şəhriyar ailəsi ilə doktor Cavad Heyətin evində daimi qalsın və onlara zəhmət versin. Mən istəyirəm Ustad icazə versin, ona Tehranda bir ev alım və ailəsi ilə o evə köçsün”. Ustad Şəhriyarsa bunun əvəzində salamını kraliçaya çatdırmağı xahiş etdi: “Kraliçaya deyin ki, çox sağ olsun. Mənim evə ehtiyacım yoxdur. Kraliça öz lütfünü göstərmək istəyirsə, göstəriş versin, mənim “Divan”ım türkcə də basılsın. O kitabın satışından özümə ev də ala bilərəm”. Mən buna şahidəm ki, kraliça ustadın xahişinə əməl etmişdi.
Şəhriyar əvvəllər farsca yazırdı. Onun türkcə şeir yazmasına anası səbəb oldu. Bir gün Şəhriyar farsca yazdığı bir şerini evdə anasına oxuyur, anası heç nə demir. Amma əvvəllər Şəhriyar yazdığı şeiri anasına oxuyanda o çox sevinərdi. Anasından xəstə olub-olmadığını soruşur. Anası farsca xəstə olmadığını söyləyir. Şəhriyar bu cavaba çaşıb-qalır. Anası evdə farsca danışırdı! Özünü tanıdığı gündən bəri evdə hər kəs türkcə danışırdı.
Şəhriyar heyrətlə anasından soruşur: “Ana, sən nə üçün farsca danışdın?”. Anası Şəhriyara cavab verir ki, sən türkcə şeir yazmırsan ki, mən də sənə türkcə cavab verəm.
Şəhriyar öz-özünə söz verir ki, daha bundan sonra türkcə yazacağam. Elə həmin gün ilk türkcə şerini – “Heydərbabaya salam”ı yazmağa başlayır.
Mən Şəhriyarı çox sevərdim. Onunla 60 il dost olmuşam.
– Doktor, uzun bir ömür yolu keçmisiniz, bu ömür yolunda çoxlu elmi nailiyyət əldə etmisiniz, bir çox ölkələrdə mütəfəkkirlərlə, alimlərlə həmsöhbət olmusunuz… Sizin üçün ən dəyərli şey nədir və gənc nəslə nə tövsiyə edərdiniz?
– Bir az əvvəl də dediyim kimi, mənəviyyat. Çünki dünyada hər şey müvəqqətidir, ömrümüz də müvəqqətidir. Amma mənəviyyat qalasıdır və insan hansı peşədə olursa-olsun, nə qədər alim olursa-olsun, mənəviyyatı unutmamalıdır və mənəviyyatda məqsədim insanlıqdır. Türklərin “insancıl” dedikləri, İranda “insaniyyət” dediyimiz şeydir. Bunu unutmamaq lazımdır. Çünki biz hər şeydən əvvəl insanıq və mən alim olmazdan əvvəl insanam və məndən sonra da elmim mənimlə gedəcək, yazdıqlarım qalacaq. Amma mənim adım mənəviyyat dərəcəmə görə yad ediləcək. İnsanı əbədiyyətə qovuşduran elmlə bərabər, mənəviyyatdır. Xidmət et xəlqə, nə qədər xidmət edə bilirsən, nə qədər faydalı ola bilirsən – vətəninə, xalqına, insaniyyətə faydalı ol; məsələn: mən həm İran üçün çalışıram – vətənimdir, həm Azərbaycan, türklük, insaniyyət – bunların hamısı üçün çalışıb xidmət etmişəm, xidmət edəcəyəm. Bunları bir-birindən ayırmamaq lazımdır. İnsanın dili var, insanın vətəni var, insanın dini var, ailəsi var, çox şeyləri var… insanlıq var…
– Hörmətli doktor, sonda daha bir sual vermək istərdik: “Füyuzat”çılara nə tövsiyə edərdiniz?
– Birincisi, dünyada hər şeydən, hər sevgidən üstün bir sevgi var – vətən sevgisi. Vətən sevgisini də şüurla yapın; sevmək lazımdır, amma şüursuz, gözübağlı yox. Hər şey şüurla olmalıdır. Bir də, etidalı qorumaq – orta yolda olmaq, nə ifrat, nə təfrit, insanlığın dairəsində milli şüuru yüksəltmək və xalqa xidmət etmək.