Köşə Yazıları Orxan Vəliyev

Din və siyasət

Yaxın günlərdə vəfat edən Roma papası Fransiskin dəfn mərasimi Qərb (xristian) dünyasının dövlət və hökumət rəhbərləri başda olmaqla liderləri Vatikana toplamışdı. ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə papanın dəfnindən öncə kilsənin mərkəzində iki stul qoyaraq görüşməsi din-siyasət məsələsinə dair yeni bir dəyərləndirməyə səbəb oldu. Kilsədə görüş qəti sekulyar dəyərlərin kəskin müdafiəçilərini narahat etdiyi kimi, modern dövrdə dinin layiq olduğu hörməti görmədiyini düşünənlər üçün də ümidverici olduğuna dair şərhləri, dəyərləndirmələri oxuduq. Ancaq nə orta əsrlərin dini doktrina əsaslı nizamı geri gəlir, nə də modernizmin radikal din əleyhdarı sekulyarizmin gücünü mühafizə edə bilir. Belə olan halda din-siyasət məsələsinə 21-ci əsrin pəncərəsindən (ehtiyacından) nəzər yetirmək lazımdır.

Ümumiyyətlə Qərbdə dinin “yüksəlməsinə” dair dəyərləndirmələr, bəzən narahatlıqlar yeni deyil. Belə ki, alman mütəfəkkiri Jurgen Habermas 2010-cu illərə aid mühazirələrinin birində siyasətin dinə söykənməsini təhlükə olaraq qəbul etdiyini açıqlamışdı. Burada hətta modern sekulyar nizamın qurulmasında və qorunmasında əsas rolu oynayan millətçiliyin də ənənəvi dini əvəz etdiyinə dair dəyərləndirmə və tədqiqatlar var. Ancaq daha məntiqli, açıqlanabilən tədqiqatlar isə fiziki olaraq bu dünya ilə bağlı olan millətçiliyin ənənəvi dinlərlə müqayisəsinin doğru olmadığını izah edir.

Ölkəmizdə də bu səpkidə müzakirələrin getdiyi sirr deyil. Hərçənd, Azərbaycanda filosof varmı, yoxmu bilmirəm! Ancaq radikal sekulyarizm müdafiəçiləri ilə dini məsələyə həssas yanaşan kimsələr arasında sosial mediaya da siraət edən, bəzən kəskin müzakirələrin getdiyi bilinir. Lakin ciddi nəşrlər sarıdan əskiklik çəkdiyimizdən bizim müzakirələr adətən aşıq deyişmələrinə bənzəyir…

Bununla belə, dinin səhnəyə geri gəldiyi bilinən bir reallıqdır! Belə ki, sadəcə ABŞ, Türkiyə, Rusiya kimi ölkələrdə deyil, hətta Avropada belə tədricən dinə dair modernist yanaşmanın dəyişdiyi liderlərin din institutuna, dindarlara münasibətində müşahidə edilir. Yəni Avropada Volterin dinə münasibətinin izlərini tapmaq artıq müşkül məsələdir. Çünki Volterin, Kantın və s. təxəyyül etdikləri modernist, sekulyar dünyanı ayaqda tutan siyasi, iqtisadi prinsiplər artıq keçərli deyil. Buradan belə bir sual ortaya çıxır ki, dini doktrina gerimi qayıdır?

Səudiyyə Ərəbistanında son illər həyata keçirilən, bəzən dövlət təcrübəsizliyindən kəskin həddə çatan modernizasiyanı, millətçi siyasəti nəzərə alaraq xeyr cavabını vermək olar. Digər tərəfdən, nizamı ayaqda tutan institut və anlayışların artıq funksionallığını itirməsi xüsusilə zəif, gənc, müstəmləkə təcrübəsi olan dövlətləri D.Acemoğlunun istifadə etdiyi “kağız leviatan” [Paper Leviathan] vəziyyətinə gətirib çıxardı. Bir digər məsələ isə odur ki, üçüncü və dördüncü sənaye inqilabı ilə bərabər klasik milli-dövlət suverenliyi sərhədlərə sığmamağa başladı. Belə olan halda siyasətin dini də ehtiva edən millətçi siyasətə yönəldiyini bir çox ölkənin nümunəsində müşahidə edirik.

İndi dünya Vatikanın yeni papa təyinatını gözləyir. Papanın “ənənəvi” olaraq Cənubi Amerikandanmı, yoxsa Afrikadanmı çıxacağı böyük maraq doğurur. Bəlkə, süni zəkanın artan təsirini nəzərə alaraq daha fərqli bir təyinat da ola bilər…

Ancaq klasik din-siyasət müzakirəsi canlılığını qorumağa davam edəcək kimi görünür…