Köşə Yazıları Ramin Paşazadə

Don Kixot və Sanço Pansanın Odlar Yurduna səfəri

“Hekayəti İlbər hoca alimi-təvarix və geoloq Cəlal Şəngör populisti-məşhur”

Ölkədə elm adına görülən istənilən işi alqışlamaq lazımdır. Həmin işlərdə gənclərin təşəbbüs göstərməsi isə xüsusilə təqdirəlayiqdir. Çünki çağdaş gənclik sosial şəbəkələrin, müxtəlif kompüter oyunlarının əsiridir. Bir gənc üçün gün ərzində on vərəq kitab oxumaq çox darıxdırıcıdır. Bunun əvəzinə saatlarla hansısa sosial şəbəkədə vaxt keçirmək, oyun oynamaq daha əyləncəlidir. İstənilən halda sosial şəbəkələrin vizuallığı monoton kitab mütaliəsinin qarşısına keçir. Qısası, kitab oxumağa “vaxtı olmayan” gənc saatlarla telefona və oyuna ayıracaq vaxtı həmişə tapır. Nə yaxşı ki belə bir dövrdə elmlə maraqlanan gənclik də var.

Yaxın günlərdə “Yaşıl Elm” platformasının təşkilatçılığı ilə iki məşhur türk alimi Bakının qonağı oldular. Həmin alimlər tarixçi İlbər Ortaylı və geoloq Cəlal Şəngör idi. Hər iki alim Türkiyədə kifayət qədər nüfuza malikdir. Eyni zamanda, müxtəlif vaxtlarda mediada qalmaqallı çıxışları ilə gündəmdə olurlar.

Elmlə maraqlanan gənclərin hər iki alimə bəslədiyi simpatiyaya hörmətlə yanaşıram. Ümid edirəm ki, gənclik İlbər və Cəlal hocadan lazımınca faydalanıblar. Amma hər iki alimin davranışları şəxsən məndə ikrah yaradır. Buna səbəb şübhəsiz onların mediada müxtəlif vaxtlarda sərgilədikləri publikaya oynamaqlarıdır. Məsələn, İlbər Ortaylı özünü böyük alimdən çox həmişə hər şeydən narazı olan təkəbbürlü qayınata kimi aparır. Az qala özündən başqa hamını cahil görən İlbər hoca tarixçidən çox hərşeyşünas alimdir. Onun istənilən mövzuya dominant cavabı var.

Digər alim Cəlal Şəngör isə daha çox ərköyün Karlsondur. Onun da hərşeyşünas bir tərəfi var. Amma İlbər hocadan fərqi odur ki, özünü alimdən çox cığal yeznə kimi aparır. Mediada geologiyadan başqa istənilən mövzuda yanaşmaları, dəxlisiz fikirləri çox vaxt başına dərd olub. Məsələn, onun Osmanlı imperiyasını nəzərdə tutub dediyi “türk tarixinin dibi” fikri kifayət qədər səs-küyə səbəb olmuşdu. Qəribə burasındadır ki, hamını cahil adlandıran İlbər hoca bu məsələdə Cəlal Şəngörü müdafiə etmişdi. Osmanlı zehniyyətli bir alimlə qatı qərbpərəst alimin dostluğu da adama çox da səmimi gəlmir.

Cəlal Şəngörün dünyaca məşhur alim Karl Saqan haqqında dediyi “saxtakardır” ittihamı isə elm adamlarını daha çox özündən çıxartmışdı. Cəlal hocanın müxtəlif vaxtlarda dinə qarşı ateist fikirləri isə inanclı insanların heysiyyatına toxunub. Göründüyü kimi, hər iki şəxs alimdən çox, özləri üçün şou adamı imicini yaradıblar. Amma alimin işi elmlə məşğul olmaq, cəmiyyəti elmə təşviq etmək olmalıdır.

Qəribədir ki, digər bir türk alimi Əziz Səncər ölkəmizə qonaq gələndə heç bu qədər gündəmi zəbt etməmişdi. Belə baxanda Əziz hoca kimya üzrə Nobel mükafatı alan yeganə türkdür. Əsl alim ünvanına sahib birisidir. Qalmaqallardan uzaq, ziyalı kimi ziyalı… Amma görünən odur ki, bizə hər şeyi olduğu kimi qəbul etmək maraqsız gəlir. Ona görə də elmin şou tərəfi daha çox diqqətimizi çəkir. Qalmaqaldan uzaq söhbəti dinləyəndə bizi əsnəmək tutur.