Giriş… “Saflıq qardaşları” kimlər idilər?
“Saflıq qardaşları” cəmiyyəti X əsrdə Bəsrə şəhərində yaradılmış və gizli şəkildə fəaliyyət göstərmişdir. Müsəlman Şərqinin ilk mütəşəkkil elmi cəmiyyəti hesab edilir. Yaradıcıları və əsas üzvləri arasında müsəlman Şərq dünyasının bir çox məkanlarından, eləcə də Azərbaycandan elm xadimləri, filosoflar da olublar.
“Saflıq qardaşları”nın əsas missiyası geniş xalq kütlələri arasında təbii-elmi biliklər yaymaq, dini fəlsəfiləşdirmək olub. Onlar din amilinə şəriət müstəvisindən deyil, İlahi həqiqətə aparan Ali Dəyər kateqoriyasından baxmışlar.
Onların təlimlərinə əsasən, şəriət cəhalətlərlə korlanmış, yanılmalarla qarışmışdır. Onun təmizlənməsi və paklaşdırılması yalnız fəlsəfə, idrakla mümkündür. Bununla belə şəriət qaydalarını da tam inkar etməmiş, onun elmi meyarlarla əlaqəsini əsas götürmüşlər. Məsələn, “Saflıq qardaşları” şəriətlə qədim yunan fəlsəfəsinin sintezində kamilliyin sirrinin dayandığını əsaslandırmağa hər zaman cəhd etmişlər.
Təsadüfi deyil ki, dörd hissədən ibarət təşkilatın nizamnaməsini, bir növ fəaliyyət proqramını özündə əks etdirən “Saflıq qardaşları və vəfa munisləri” ensiklopediyasıdakı əlli iki traktatdan on dördü riyaziyyat, on yeddisi təbiət, onu metafizika və on biri ilahiyyat məsələlərinə aiddir. Riyaziyyata aid traktatlarda riyazi fənlərin idraki əhəmiyyəti yüksək qiymətləndirilib. Riyaziyyat “Saflıq qardaşlar”ına görə təkcə hesablama elmi yox, həm də ilahi həqiqətin, ədalətin dünya üzrə təcəssümü rolunu oynayan ali predmetdir.
Rəqəmlərə dair traktatlarında sayların nəfslərdəki surətlərinin mövcudatın materiyadakı surətlərinə uyğunluğu mürəkkəb fəlsəfi üsullarla əks olunub.
Həndəsəyə dair traktatda məqsəd hissi şeylərdən əqli şeylərə, cismani şeylərə, cismani şeylərdən ruhi şeylərə, konkret şeylərdən mücərrəd şeylərə keçməkdə nəfsin düzgün istiqamətləndirilməsi olub.
“Saflıq qardaşları”nın varlıq təlimində Pifaqor və onun ardıcıllarının ideyaları mühüm yer tutur. Metafizikaya dair traktatlardan birində Pifaqor say elmi və onun xüsusiyyəti haqqında ilk söhbət açan alim kimi səciyyələndirilir.
“Saflıq qardaşları” aləmi “böyük insan” saydıqları kimi insanı da “kiçik aləm” hesab etmişlər.
Makrokainatla mikrokainat əlaqələndirməsi bu təşkilatın elmi baxışlarında əsas prinsip olmuşdur.
“Saflıq qardaşları” uzun illər təqib edilmiş, elmi görüşləri zərərli hesab olunmuşdur. Amma Şərqdə, eləcə də Avropada elmin sonrakı inkişafı və strukturunun qurulmasında bu təşkilatın rolu danılmaz olmuşdur. Bu gün də tam araşdırılmamış “Saflıq qardaşları” orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində, eləcə də İspaniya vasitəsilə Qərb ölkələrinə nüfuz etmişdir.
“Saflıq qardaşları”nın elmə vurğunluğu və qəribə adətləri
– Bu elmi cəmiyyətdə müəllimlər tədrisə görə məvacib almağı özlərinə təhqir sayırdılar;
– “Saflıq qardaşları” sırasına qatılan şagirdə görə atalarından yazılı sənəd alınırdı. Bu sənədə əsasən şagird mütləq atasının himayəsindən çıxıb müəlliminin mənəvi övladı olmalı idi;
– 15 yaşından aşağı heç kəs bu hikmət cəmiyyətinə qəbul olunmurdu. Təşkilatın üzvlərindən yaşlı nəsillə deyil, müxtəlif elmlərə həvəsli olan, bu dünyanı və axirəti qəbul edən, qiyamət gününə, peyğəmbərin dediklərinə əməl edən, ehtiras və savaşlardan qaçan gənc nəsillə iş görmək tələb edilirdi;
– Bəzi mənbələrdə “İxfan əs-Səfa” məktəbi kimi təqdim edilən gizli təşkilat dövrün hakimlərindən xəbərsiz fəaliyyət göstərir, ən yaxşı alimləri öz sıralarına qatırdılar;
– Onlar hələ intibah dövründən əvvəl itib-batmaqda olan, misilsiz dəyərə malik antik yunan filosof və alimlərinin əsərlərini axtarıb tapır, onları qoruyur və ən əsası tərcümə edirdilər. Bununla da əsl elm və fəlsəfə bazası olan yunan mətnlərini xilas edib hikməti Şərq coğrafiyasında da yayırdılar.
“Bütün təbəqə və siniflərdən olan insanlarla təmas qurun. Səbrli olun və insanlara sevgi ilə yanaşın. Onlarla yeməkdəki duz kimi qaynaşın. Ağıllı bir loğman, həkim kimi davran və xəstələri sağalt”.
Bu cümlələr “Saflıq qardaşları”nın özəyi sayılan Bəsrədə təşkilatın yaradıcıları tərəfindən yazılmışdı və xilafət sərhədlərini aşaraq Qafqazda, Anadoluda bütün gizli ocaqlara yayılmışdı.
“Saflıq qardaşları”nın xidmətləri
– Şərq intibahının yaranmasında əsas xidmətləri olan “Saflıq qardaşları” “insanı kainatlaşdırmaq” düsturunu qədim yunan mətnlərindən qopararaq İslam dünyasına gətirdilər;
– Cəmiyyətdəki alimlər Aristotel və Platonun metafizik dünyagörüşünü saf İslam etiqadı ilə sintez edərək “vəhdəti-vücud”un ilk müddəalarını yaratdılar (Təkcə buna görə XII əsrdə özünün zirvə nöqtəsinə çatan və bir neçə əsr davam edən Şərq düşüncəsi “Saflıq qardaşları”na çox minnətdar olacaqdı).
– “Saflıq Qardaşları” cəmiyyətinə aid olan filosoflar qrupu əsasən üç işlə məşğul idilər: tədris, tərcümə və yazı. Onlar şagirdləri öyrətməkdən də çox qiymətli mətnlərin tərcüməsinə diqqət edirdilər. Bu cür tərcümələr bütün elm sahələrinə aid olmalı idi. Hətta musiqi fəlsəfəsinə aid tərcümələrə də yer ayırırdılar. Cəmiyyətdəki alimlərin etdikləri tərcümələr uzun əsrlər Şərq kitabxanalarının əsas elm qaynaqları olmuşlar;
– Onlar bu tərcümələr vasitəsilə musiqi, təbiət ünsürləri (hеyvanlar, bitkilər, minеrallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Saflıq filosofları hеsab еdirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir еdir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara – mixək və jеnşеn, ud – pişikotu, nеy – badrəncbuyə, zurna – tünd qəhvə kimi təsir göstərir;
– “İxfan əs-Səfa”nın həm Qərb, həm də Şərq dünyagörüşlərini özündə birləşdirməsi xristian və islam dünyası arasındakı soyuqluğu aradan qaldırmaq gücünə sahib idi. Belə ki, Saflıq qardaşlarının Fəsdə yerləşən təşkilatının səyi nəticəsində tezliklə onların ideyaları İspaniya ərazilərinə yayılaraq, oradan da digər Avropa ölkələrinə doğru irəlilədi;
Gənc İsmayılın faciəsi
Bir az da XI əsrdə yaşamış azərbaycanlı gənc İsmayıl Təbrizi haqqında danışaq. O, “Saflıq qardaşları” elmi cəmiyyətinin Təbriz şəhərindəki tədris ocağında təhsil alan istedadlı yeniyetmələrdən idi. Amma, təəssüf ki, təqib olunan başqa “Saflıq qardaşları” ocaqları kimi Təbrizdəki mədrəsə də dövrün şəriət hakimləri tərəfindən dağıdılır. İsmayıl da özünü başqa tələbə yoldaşları kimi müəllimlərin köməyi ilə bu dağıntıların arasından çətinliklə xilas edir. Amma təəssüf ki… Elə yazının sonunda İsmayıl haqqında danışmağımız da bu təəssüfün əsas səbəbidir.
Gəlin, bu səbəbi birlikdə incələyək: “Saflıq qardaşları”nın Təbrizdəki elm ocağında oxuyan İsmayıl hələ tilmiz olan vaxtlarında (gizli cəmiyyətin bütün məktəblərində bura yeni qədəm qoyan 15 yaşlı şagirdləri “tilmiz” adlandırırdılar) bu birlikdəki nizamı qavramışdı. Bilirdi ki, burada ona öyrədilən bütün elmlərin əsas məqsədi insan ruhunun təmizlənməsini təmin etmək və onu əbədi səadətə qovuşdurmaqdır. Elm və hikmətin Ali Səadət qulluqçusuna çevrildiyi məkanda bütün şagirdlər arasında qardaşlıq münasibətləri var idi. Amma onlar da bilik və qavrama bacarıqlarına görə bir neçə qrupa bölünmüşdülər: Birinci qrupa 15-30 yaş arasınakı gənclər daxil idilər və onlar ancaq müəllimlərin buyruğu altında bilgi alırdılar. Fiziki təmizliyə önəm verən, fikirləşməyi və keçirilənləri qəbul etməyi bacara bilən bu qrupun üzvləri “əl Əbrar-əl Ruhəma”, yəni “dindar və mərhəmətli” adlanırdılar. İkinci qrupa 30-40 yaş arası insanlar daxil edilir və onlara fəlsəfi bilgilər verilirdi. Bu qrupun üzvləri “Əhyar-dindar” və ya “Fudala-bilgin” adlanır və ocaqlardakı şagirdlərə rəhbərliyi onlar həyata keçirirdilər. Üçüncü qrup 40-50 yaş arası, fəlsəfi, elmi, şəriət biliklərinə sahib olan insanlardan təşkil olunurdu. “Əl-Fudala-əl Kiram” adlanan qrup üzvləri sultanlıq mövqeyində idilər. Nəhayət, sonuncu qrupa daxil olan insanlar 50 yaşdan yuxarı olanlardan ibarət idi ki, onlar fövqəlduyuma, uzaqgörənliyə sahib saflıq ardıcılları sayılırdılar. Onları “Məlaikə-mukarribin” adlandırırdılar.
İsmayılın aid olduğu birinci qrup ikinci qrupdan yalnız nəvaziş görür, oradakıların mehribanlığına və qardaşlıq eşqinə tuş gəlirdilər. Amma heç vaxt “ikinci mərtəbə”nin üzvləri ilə elmi müzakirələrə girmirdilər. Həmçinin, ikinci qrupun üzvləri də üçüncü qrupun seçilmişləri ilə o dərəcədə pərdə saxlayırdılar.
İsmayıla dinin açıq və gizli olduğunu deyir və bu məktəbin də əsas işinin gizli dinlə, daha doğrusu, gizli elmlərlə aidliyini nəzərə çatdırmaq istəyidilər. Çünki “Saflıq qardaşları” öz aralarında şəriəti “açıq din” adlandırırdılar. Yəni burada hər şey hamının qavradığı, fərqinə vardığı və icra etdiyi rituallar sistemi idi. Amma batində qalan məna isə çox az insana çatırdı. “İxfan əs-Səfa” məktəblərində tədris olunan batini elmlərin əsas məqsədi ruhu arındırmaq, onu xoşbəxtlik mərtəbəsinə çatdırmaq idi. Bu ocaqlarda filosofları batini elmlərə yiyələnərək ilahi səadətə qovuşmaq üçün hazırlayırdılar.
Qayıdaq əvvələ: İsmayıl və başqa tilmizlər bu fəlsəfənin mahiyyətini yavaş-yavaş qavradıqları zaman dövrün nadanlarının fitvası ilə Təbrizdəki gizli ocaq aşkarlandı. Dördüncü qrupun üzvləri olan əsas idarəçilər təhlükəsizlik naminə və xüsusən də tilmizləri qorumaq üçün onları bazar meydanlarına səpələdilər. Ətrafındakılardan fərqlənməyən şagirdlər fiziki baxımdan xilas olsalar da, iqamətgahın dağıdılması onları mənən öldürdü.
İsmayıl gizli ocağın dağıdılmasından sonra öz ruhi inkişafını dondurmuş oldu. Bəzi mənbələrin dediyinə görə, “Saflıq qardaşları”nın Anadolu, Azərbaycan, hətta Avropa ərazisindəki dağıdılan iqamətgahlarının üzvləri sonradan bu birliyin mərkəzi olan şəhərlərinə getmədilər. Çünki onlar üçün bir elm ocağının dağıdılması ümumiyyətlə elmin süqutu idi.
Haqqında danışdığımız İsmayıl da ocaqda yiyələndiyi dil bilgisindən istifadə edib sonradan ortabab bir tacir oldu. Ömrünün sonunda isə müflisləşdi.
Məncə, bu gün bütün Şərq elə o İsmayılın günündədir – elmdən məhrum olub qaranlıq xaosa düşən İsmayılın…