Ədəbiyyat Füyuzat 128 Qərənfil Dünyaminqızı

Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” əsərini oxuyarkən

Mükəmməl Qərb təhsili almış Əhməd bəy Ağaoğlu öz yaradıcılığında milli problemlərin həllinə həmişə daha çox yer ayırmış, çözüm yollarını dönə-dönə əsərlərində, məqalələrində, çıxışlarında qeyd etmişdir. Xüsusən də türk–islam dünyasını narahat edən bütün məsələlər (milli dil, din, elm, maarif, xalqın özünüdərki və s.) Ağaoğlu yaradıcılığında mütəmadi olaraq işıqlandırılmışdır. Məhz buna görə xalqın azadlıq hərəkatında islamçılıq, türkçülük və müasirlik yolunu tutan ədibin yaradıcılığı bu gün də öz aktuallığını itirməyib. Görkəmli alim Şahnəzər Hüseynovun təbirincə desək: “Ə.Ağaoğlu XIX əsrin sonu və XX əsrin birinci yarısı hüdudlarında formalaşmış Azərbaycan ictimai-siyasi fikrinin böyük mütəfəkkir nümayəndəsidir. Onun dünyagörüşü özünəməxsus milli ideya və qərbçilik görüş və baxışlarının sintezindən ibarət olmuşdur”.

Bu baxımdan Əhməd bəy Ağaoğlunun fəlsəfi düşüncələrini əks etdirən “Mən kiməm?” bədii-fəlsəfi essesinə nəzər salaq. Bu əsər onun yaradıcılığında özünəməxsusluğu ilə seçilən əsərlərindən biridir. Burada yalnız müəllifin deyil, ümumiyyətlə, insanın mürəkkəb təbiəti, təzadlı daxili dünyası, düşüncələri, arzu və istəkləri açıqlanır və bu haqda mükəmməl təsəvvür yaranır.

“Mən kiməm?” essesi Xalq yazıçısı Anarın fikrincə, özünütədqiqin, özünüanalizin maraqlı örnəyidir. Tədqiqatlardan belə aydın olur ki, əsər ilk dəfə 1936-cı ilin sentyabrında “Cümhuriyyət” qəzetində işıq üzü görüb və silsilə şəklində 1939-cu ilin dekabrınadək yayımlanıb. Bildiyimiz kimi, Ə.Ağaoğlu bu zaman Türkiyədə yaşayırdı və həmin illər “ictimai-siyasi fəaliyyəti ilə yanaşı, elmi-ədəbi yaradıcılığını da böyük bir coşqunluq və vüsətlə davam etdirirdi”.

Həyatını bəşəri ideyalar uğrunda mübarizəyə sərf edən müəllifin yaradıcılığı həm janr, həm də kəmiyyət baxımından çox geniş və əhatəlidir. Ədibin adıçəkilən əsəri haqqında görkəmli alim V.Quliyev yazır: “Bu tarixi-fəlsəfi esseni sırf memuar ədəbiyyat nümunəsi adlandırmaq bir qədər çətindir. Lakin memuar yalnız tarixlərə, konkret şəxsiyyətlərə və s.-yə əsaslanan hadisələr silsiləsi deyil: yalnız yaddaşın deyil, hisslərin də memuarları var və Əhməd bəy də “Mən kiməm?” əsəri ilə təkcə yaddaşında deyil, həm də duyğularında, hisslərində yaşananları özünün və bizim hamımızın əbədi əzablarını başqalarına çatdırmağa çalışmışdır”.

“Mən kiməm?” əsərində müəllif etik, fəlsəfi görüşlərini, daxili mübarizələrini ifadə etməyə çalışır. Əsərlə tanışlıq zamanı aydın olur ki, müəllif bu əsərində, əsasən, Qərb və Şərq insanının dünyagörüşlərini, həyata baxışlarını, arzu və istəklərini, təfəkkür tərzlərini qarşılaşdırır, müqayisə edir, nəticə çıxarır və s. “Mən kiməm?” bir çox cəhətdən bəzi Avropa filosoflarının əsərlərinin üslubunda yazılsa da, problemə orijinal yanaşma baxımından özünəməxsusdur”, – söyləyən alim Şahbaz Şamiloğlu tamamilə haqlıdır.

Ölkəsində azad cəmiyyətə, hüquqi dövlətə malik olmaq Əhməd bəyi hələ Paris Hüquq Məktəbində oxuyarkən düşündürürdü. Tədqiqatçıların fikrincə, “Fransa həyatı onun fikri inkişafında mühüm bir mərhələ təşkil edir və Əhməd bəy burada yalnız Qərbi deyil, Şərqi də özü üçün kəşf edir”. Doğrudan da, bu inkişaf, aldığı təhsil Əhməd Ağaoğlunu kamilləşdirir və mükəmməl yetişdirir. Belə ki, Fransada hüquq təhsili alan Ə.Ağaoğlu Qərb tərəqqisini Şərqə gətirmək istəyən, hüquqda dünyəviliyin əhəmiyyətini dərk edən bir insan idi. Odur ki müəllif “Mən kiməm?” əsərində də ilk cümlədən sona kimi Şərq və Qərb cəmiyyətini, mədəniyyətini, yaşam tərzini müqayisə edərək onu düşündürən, narahat edən problemləri aydınlaşdırmaq, aradan qaldırmaq üçün İç ilə Çölünü müqayisə edir və Yaradandan özünə nifrət etmədən içini görməyi bəxş etməsini diləyir.

Davamı…