Turan dünyası

Əli bəy Hüseynzadənin Turançılıq fəlsəfəsi – V Yazı

Bu məqalə Türk dünyasının böyük bilgəsi, filosof-mütəfəkkiri Əli bəy Hüseynzadənin  anadan olmasının 160 illik yubileyinə ithaf olunur.

Əli bəy Turani farslara xəbərdarlıq edirdi ki, indi “İran” adlanan ərazi əsasən iki hissədən ibarətdir, onun da yalnız cənubunda farslıq, fars dili, fars mədəniyyəti hakimdir. “İran”ın böyük bir hissəsində, o cümlədən Azərbaycanda, Xorasanda isə türklük, türk dili, türk mədəniyyəti mövcuddur ki, bu da Baykaldan başlayıb Afrika səhralarına qədər geniş bir ərazidə hökm sürən Türk dünyasının (Turanın) ayrılmaz bir hissəsidir. O yazırdı: “Qövmiyyət bəhsinə gəlincə məlumdur ki, Rusiya əhalisinin bir qismi türklərdən ibarət olduğu kimi İranın da bütün cəhəti-şimaliyyəsi, bilxassə Azərbaycan qitəsi türkdür. İranın əyaləti-cənubiyyəsinə gəlincə burada sakin olan farsların adət, əxlaq və hətta lisanca türklərdən o qədər fərqləri yoxdur, hətta lisanca diyoruz, çünki hər iki dil müsəlmanlaşdığı üçün bir-birlərinə o qədər təqərrüb etmişdir ki, cüzi bir himmətlə fars türkün, türk farsın lisanını anlaya bilir, çünki fərq lüğətlərdə olmayıb ancaq qəvaiddədir… İran farslarının qanı türk və fars qanlarından ibarət olduğu kibi, İran türklərinin də qanı eyni-ənasirdən mürəkkəbdir” (Əli bəy Hüseynzadə “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar”, s.62–63).

Ə.Hüseynzadənin “ortaq din”dən sonra müəyyən qədər “ortaq yurd”, ortaq “dil”, “ortaq qan” məsələsi baxımından türklərlə farslar arasında bərabərlik işarəsi qoyması da təsadüfi deyildi. Başqa sözlə, “İran” adlandırılan bu ölkəyə farslardan çox türklərin haqlarının olduğunu, ancaq qaynayıb qarışma nəticəsində “iranlı” adını almış hər iki xalqın “İran”da eyni hüquqlara malik olmasına işarə edirdi. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Qacarlar süquta uğrayana qədər “İran” nə qədər farslara aid anlayış idisə, Turan da bir o qədər türklərin idi. Üstəlik, ötən min il ərzində də türklər yalnız Turanda deyil, farsdillilərin yaşadığı kiçik “Farsistan”da da hakim qüvvə idilər. Bu baxımdan indi “İran” adlanan ölkədə bəzi dövrlərdə yazı dili türkcə ilə yanaşı farsca olsa da, bütün hallarda dövlət idarəetməsi türklərin əlində olmuşdu. Bir türk dövləti zamanı gələndə gedər, digər Türk dövləti onun sülaləsinin yerində Turanda, o cümlədən kiçik “Farsistan”da hakim olurdu. Bunu artıq türk olmayan bütün millətlər, etnoslar o cümlədən irandillilər də təbii hal kimi qəbul etmişdilər.

Turançılıq fəlsəfəsi və Qərb mədəniyyəti

Beləliklə, Ə.Hüseynzadənin siyasi fəlsəfi ideyaları dörd xətdə yekunlaşmışdır. Hər halda o, Çarlıq Rusiyası dumasındakı müsəlman millət vəkillərinə üzünü tutaraq onlardan aşağıdakılara əməl etməyi tövsiyə etmişdir. O yazırdı: Biz İnsanız: Binaənəleyh hər şeydən əqdəm bütün Duma ilə bərabər bilaərq məzhəb və qövmiyyət insanlığı, insanlıq hüququnu müdafiə ediniz. Məzlum olan sinifləri zalım siniflərin təcavüzatından azad etməyə çalışınız, müsavati-tamamə istəyiniz. Yersiz, yurdsuz əkinçilərimizə, kəndlilərimizə yer-torpaq tələb edin, füqərayi-kasibəmizin şəraiti-təəyyüşünü təshihə çalışınız. Biz Qafqazlıyız: Qafqaz əh­linin öz ümuri-idarəsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediniz (Yeri gəlmişkən, o yazırdı ki, bütün Qafqaz xalqları, o cümlədən türklər əsarəti sevmə­yən, qul olmaqdansa köç edib azadlığa üstünlük verən, hətta əsir düşdükləri halda ağa olmağı bacaranlardırlar. Ancaq onların arasında Qafqaz türklərinin yeri ayrıdır: “Bəncə, Qafqaz türkləri türklərin ən hürriyyətpərəstidir” (Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir?”, s.197). Biz Müsəlmanız: Ona görə öz əqayidi-diniyyəmizdə hürriyyəti-vicdanımıza hər nə lazımsa onu istəyiniz, onu tələb ediniz. Biz Türküz: Dilimizin, lisanımızın tərəqqisinə mane olan hər növ sədlərin, divarların yıxılmasına, rəf olunmasına qeyrət ediniz!..” (Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir?”, s.186).

Ə.Hüseynzadənin türklərə çatdırmaq istədiyi digər bir fikir isə ondan ibarət idi ki, bu ideyaların mahiyyəti ilə ziddiyyət təşkil etməyən Avropa mədəniyyətinin təbliği də vacibdir. Ancaq Qərb mədəniyyətini mənimsəmək heç də müsəlmanların, türklərin avropalaşması, avropalıları təqlid etməsi anlamına gəlməməlidir: “Türkün irtidad edib firəngləşməsi firənglərin ya mürtədlərin tərəqqisi deməkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyildir!” (Əli bəy Hüseynzadə, Seçilmiş əsərləri, s.35).

Yeri gəlmişkən, Hüseynzadə təzadlı görünsə də, bir müddət Osmanlı sultanı II Əbdülhəmidi müstəbid, despot adlandırıb ona qarşı müxalif olan “Gənc türkləri” müdafiə etməklə yanaşı, ancaq sonuncuların həddən ziyadə ingilis “sevdası”nı da doğru saymamışdır: “Sultan Həmid isə az qalır ki, yeni türklərin fərqadi-canxəraşından bizar olub ingilis kralının nəzdinə qaçsın. Yeni türklər isə zatən fələyin əlindən həp ingilis ölkəsinə qaçıyorlar… həp ingilis, ingilis, ingilis! Bir deyən yoxdur ki, canım, bu nə ingilisbazlıqdır? Aləmi-İslamın qoca bir nisfini qanlı bir biftek kimi bəl edən bu ingilislərin nə olduqları halə anlaşılmadımı?” (Əli bəy Hüseynzadə “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar”, s.190). O yazırdı: “Şimdi bizə diyorlar ki, madam ki, ingilislər, firənglər, filanlar böylə imişlər, nə üçün siz də Səid paşalar, Salarüddövlələr kimi “Füyuzat”ınızda ingilislərə, firənglərə müraciət ediyorsunuz. Ortaya gah Hötenin “Faust”unu, gah Şekspirin “Yuli Sezarı”nı, gah nə bilim hankı avropalının hankı əsərini çıxarıyorsunuz! “Avropalılaşalım”,“firəngləşəlim” deyirsiniz?! Lakin ey qare, müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtiraatlarına müraciət etmək istəyiriz, özlərinə deyil. Biz istəyiriz ki, İslam ölkəsinə onların beyinləri, dimağları girsin, boğazları, mədələri girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini həzm etsin. Yoxsa mədələrində həzm olunmasın” (Əli bəy Hüseynzadə “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar”, s.190).

O yazırdı ki, bir gün qərblilərin mədəniyyət adı altında şərqlilərin başına açdığı oyunlara görə cavab verəcəklərinə, yəni şərqlilərin sürətlə tərəqqiyə başlayıb avropalıların özlərindən öyrəndiyi texnologiya sayəsində onları məğlub duruma gətirəcəklərinə heç də az ümid etmir: “Ah, o günlər! O günləri Şərq aləmi qəribən görəcəkmidir? Görərsə, əminəm ki, o cəhənnəm kənarına gətirə bildikləri hərifləri hər halda əfv edər. Heç bir vaxt cəhənnəmə atmaz. Bəlkə, özlərini də, onları da cəhənnəm əzabından xilas ilə bütün aləmə həqiqi bir sülh və asayiş təmin edər. İttihad etməliyiz, ittihad. İttihada doğru tərəqqi etməliyiz! İttihad və tərəqqi edərsək, o günləri də görəriz. Avropanın kisveyi-mədəniyyətinə bürünən bir tağım vəhşi həriflərinə “Qələt etdim”, “Tövbə etdim, bir daha yapmam” da dedirtdiriz! Lakin o günlər gəlincəyə qədər həriflərin mədəniyyət naminə etmədikləri qəddarlıq qalmayacaqdır. Çünki haqq qüvətlinindir” (Əli bəy Hüseynzadə “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar”, s.188–189).  O yazırdı: “İslam arasında təfriqə salmaq üçün avropalıların əlində daha bir vasitə qalıyor ki, o da Şərq bürokratiyası ilə hökuməti-mütləqələridir. Avropa diplomatları Şərqdə mütləqiyyətin bəqasını arzu ediyorlar. Çünki əvvəla, bir qaç kişidən mürəkkəb idareyi-keyfiyyə heyətini hər zaman qolaylıqla əldə etmək və çaldıqları düdüklə istədikləri ki­mi oynatmaq mümkündür. Saniyən, idareyi-mütləqədə millət ilə hökumət yekdigərindən təbaüd etdiyindən açıq qalan məsafə hər növ fitnə və fəsada müsaid bir meydan oluyor” (Əli bəy Hüseynzadə “Qırımızı qaranlıqlar içində yaşıl işıqlar”, s.200).

Türk bilgəmizə görə İslam aləmi tərəqqi edəndə də, etməyəndə də müsəlman arasında birlik olanda da, olmayanda da Avropa tərəfindən daim tənqid olunub: “İttihad və ittifaq istəsək də, şikayət edərlər, nifaq və şiqaqa düçar olsaq da, şikayət edərlər! İttifaqımız bunlar üçün bir təhlükə, nifaqımız yenə təhlükə. İttifaq etsək, “panislamizm” adı qoyarlar” (Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir?”, s.159). Belə anlaşılır ki, avropalıların xoşuna getmək üçün ya məhv olmaq, ya da onların köləsi olmaq lazımdır. O yazırdı: “Nə etməli? Ya boynumuza bir zənciri-əsarət salmalı! Zəncirin bir ucunu da əllərinə verməli, yaxud məhvü nabüd olmalı, vəssalam!.. Üç-dörd yüz milyon xalq ya əsarətdə, ya məhviyyətdə!.. Başqa heç nə!..” (Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir?”, s.160).

Bununla da Ə.Hüseynzadə avropalaşmaq dedikdə, onun elm və texnologiyasını qəbul etsə də, əxlaqi-mənəvi mahiyyətini  qəbul etməmişdir. Başqa sözlə, o, yeniləşməyi zahirən Qərb mədəniyyəti, mahiyyət baxımdan İslam-Türk dəyərləri çərçivəsində görmüş­dür.

Hər halda Hüseynzadə Qərb mədəniyyətini mənimsəməyi tövsiyə etməklə yanaşı, onların əsil niyyətlərini yaxşı bilirdi. Xüsusilə də avropalıların aşkar və gizlində dəstəklə­diyi mütərəqqi hadisə kimi görünən “əlifba islahatı” (ilk baxışda mütərəqqi mahiyyət daşıyan ərəb əlifbasında ya dəyişikliklərin edilməsi, ya da latın əlifbasına keçirilməsi Türk xalqlarını parçalamağa yönəlmişdir), “din islahatı” ideyaları altında, əslində, əsasən, İslam və Türk xalqlarını parçalamağa yönəlmişdir. Bu səbəbdəndir ki, M.F.Axundzadənin, M.A.Şahtaxtlının  “əlifba və din islahatları”, Mirzə Kazım bəyin “dil islahatı” Avropa–Ru­siya alimləri tərəfindən rəğbətlə qarşılanmış, onlara lazımi dəstəklər verilmişdir. Hüseynzadə bu “islahatlar”ın antislam, antitürk mahiyyətini görərək bildirmişdir ki, “əlifba islahatı”nın (Buna “din islahatı”nı da əlavə etmək lazımdır. Sadəcə, o dövrdə Axundzadənin antislam ruhlu “Kəmalüddövlə məktubları” hamı kimi ona da məlum deyildi) tərəfdarlarının (Axundzadə, Şahtaxtlı və b.) Tiflisdən bunu bəyan etmələri çox düşündürücüdür: “Üç yüz milyon İslamın əlifbasının altmış-yetmiş milyon türkün imlasını bir hökmi-qaraquşilə türkün, İslamın mərkəzindən uzaq olan yuvalarından birdən dəyişmək istəyirlər! Halbuki, böylə mühüm bir əmr üçün kəndilərində lazım gələn məlumatdan əsər belə yox! Türkün imlasını islahı üçün deyil, sərf və nəhvi mükəmməl bilmək, bəlkə, bütün türklərin tarixinə, ədəbiyyatına, etnoqrafiyasına, fonologiyasına haqqı ilə aşina bulunmaq tələb edər” (Əli bəy Hüseynzadə, Seçilmiş əsərləri, s.360). O, xeyli dərəcədə haqlı idi ki, ortaq türkcədən ayrı Azərbaycan türkcəsinin inkişafında, əlifba islahatı məsələsində əvvəlcə Çarlıq, sonra Sovet Rusiyasının maraqlı və icraçı olmaları təsadüfi olmamışdır. Hər iki halda məqsəd Quzey Azərbaycanı Türk dünyasından, xüsusilə Güney Azərbaycan və Türkiyə türklərindən ayır­maq idi. Ona görə də Hüseynzadənin vaxtında ruslaşdırmaq, qərbliləşdirmək siyasətinə qarşı irəli sürdüyü “türkçülük” ideyasına haqq qazandırmamaq mümkün deyil.