Bu məqalə Türk dünyasının böyük bilgəsi, filosof-mütəfəkkiri Əli bəy Hüseynzadənin anadan olmasının 160 illik yubileyinə ithaf olunur.
Ümumtürkçülükdən milli-məhəlli türkçülüyə keçid isə yalnız o zaman baş verdi ki, 1911–1913-cü illərdə Osmanlı əvvəlcə Balkanlarda, daha sonra I Dünya müharibəsindən məğlub çıxdı, bununla da həm türkçülüyün məfkurəvi nüvəsi olmaq, həm də vahid türk dövlətinə çevrilmək gücünü itirmiş oldu. Məhz bu hal türkçülükdə yeni bir dönəmin başlanğıcı oldu və bir çox türkçülər siyasi “romantik özəkçilik” türkçülükdən (Türk birliyi – vahid turan dövləti) xeyli dərəcədə uzaqlaşaraq real milli-məhəlli türkçülüyə (müstəqil türk dövlətlərinə) meyil göstərdilər. Bizcə, bütün bunlar Ə.Hüseynzadə üçün son dərəcədə ağrılı olmuşdur.
“Osmanlı türkçülüyü”nün ikinci amilini təşkil edən mədəni-mənəvi türkçülüyə gəlincə, öncə qeyd edək ki, 1900–1910-cu illərdə Azərbaycanda dil və ədəbiyyat məsələsi ilə bağlı iki istiqamət mövcud idi. “Həyat”, “Füyuzat”, “Şəlalə” və digər qəzet-jurnallarda Hüseynzadə başda olmaqla Əhməd Kamal, İskəndər bəy Məlikov və başqaları osmanlı ədəbi dil siyasəti əsasında bütün türklərin bir araya gəlməsi və vahid ideya ətrafında birləşməsi üçün ortaq dilin vacibliyini irəli sürür və bütün türklərin ortaq ədəbi dili kimi Osmanlı türkcəsini görürdülər. Onlar deyirdilər ki, ədəbi dil kütləvi ola bilməz; buna görə də ədəbi dilin sadələşməsinə çalışmaq lazım deyildir; ədəbi dil nə qədər çətin və ağır olsa, bir o qədər də mötəbər olar. Osmanlı ədəbi dilinin ən tanınmış tərəfdarı Əli bəy Hüseynzadə qeyd edirdi ki, ədəbi dildə yazmağa nə Qafqazdakı türk şivələri, nə də qədim türkcə yaramır. O, dilimizi əcnəbi lüğətlərlə doldurmaq əvəzinə Osmanlının İstanbul şivəsinin ədəbi dil kimi işlədilməsini məqsədəuyğun hesab etmişdir. Hüseynzadə İstanbul şivəsinin ortaq türkcə olmasını əsaslandırmaq üçün yazırdı ki, ayrı-ayrı türk ləhcələrini inkişaf etdirməkdənsə, vahid türk dili üzərində düşünmək lazımdır. Onun fikrincə, əlifba və dil ilə bağlı islahatçı ideyaların, ancaq Qafqazda, xüsusilə Tiflisdə M.F.Axundzadə, M.Rza, M.Şahtaxtlı və başqaları tərəfindən irəli sürülməsi isə düşündürücüdür (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, II cild, s. 380).
İstər 1900–1920-ci illərdə, istərsə də sonralar bəzi Azərbaycan türk ziyalıları Hüseynzadəni “Osmanlı türkçülüyü”nü həddən artıq ideallaşdırmasına, xüsusilə dil və ədəbiyyat məsələsində ifrata varmasına görə tənqid etmişlər. Məsələn, tanınmış aydınlarımızdan F.B.Köçərli, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, A.Şaiq və başqaları hesab edirdilər ki, Azərbaycan türk ədəbi dilini osmanlılaşdırmaq əvəzinə xalqa yaxınlaşmaq yolunu tutmaq lazımdır. Hətta Cəlil Məmmədquluzadə yazırdı ki, Ə.Hüseynzadə 1910-cu ildə yenidən Osmanlıya mühacirət edərkən Tiflisdə onların idarələrinə baş çəkərək xalqa yaxınlaşmaq yolu Azərbaycan Türk ədəbi dilinin inkişafı uğrunda mübarizə aparan “mollanəsrəddinçi”ləri guya təqdir etmişdir (Araz Dadaşzadə “Seçilmiş əsərləri”, I cild, s. 250–251).
Məmmədquluzadəyə inansaq, Hüseynzadə bütün türklərin ortaq ədəbi türkcəsi kimi Osmanlı-Türkiyə türkcəsini (İstanbul şivəsini) görməklə yanaşı, hər bir türk xalqının öz doğma şivələrini inkişaf etdirmələrini də təqdir etmişdir. Kamal Talıbzadə isə yazır ki, 1926-cı ildə Bakıya gələn Ə.Hüseynzadə keçmişdə olub-keçənlərə nəzər salarkən demişdir: “Füyuzat” məcmuəsini mən məhdud bir oxucu kütləsi üçün çıxarırdım. Sonralar başa düşdüm ki, bu mənim böyük səhvlərimdən biri olmuşdur. Yüksəlmək üçün öncə aşağılara enmək lazım idi: Ədəbiyyat da belədir! Xalqa enmədikcə yüksəlməz! Əvvəlcə xalqa, kəndliyə, fəhləyə – ümumiyyətlə, böyük kütləyə qədər enmək, sonra bununla bərabər yüksəlməyə çalışmaq lazımdır” (Kamal Talıbzadə “İnqilabi-demokratik ədəbi fikrin tribunası”, II cild, s. 118).
Əlbəttə, bütün bunlar nə “Füyuzat”ın, nə də Ə.Hüseynzadənin həmin dövrdəki qiymətini qətiyyən azaltmır. “İstanbul şivəsi”ni çox ideallaşdırmasını nəzərə almasaq, Ə.Hüseynzadə ortaq türk dilinin yaranması məsələsini irəli sürməkdə tamamilə haqlı idi.
Ə.Hüseynzadə 1920–1940-cı illərdə Türkiyədə yaşadığı mühacirət dövründə də, tutduğu ideya xəttindən (Türkiyə mərkəzli Türk birliyi), demək olar ki, üz döndərməmişdir. Sadəcə, Atatürk Türkiyəsinin Qərb dövlətləri ilə məcburi anlaşması nəticəsində “Türk ocağı”nın, “Türk yurdu”nun fəaliyyətinin məhdudlaşdırılması, bir sözlə, türklüyün ancaq Türkiyə çərçivəsində görülüb onun xaricində təbliğatın aparılmasına qadağaların qoyulması Hüseynzadəyə də təsirsiz ötüşməmişdir. Bu dövrdə türkçülüklə bağlı, demək olar ki, artıq dəyərli əsərlər yazmayan Hüseynzadənin, sadəcə diqqəti cəlb edən bir neçə məqaləsi, Rəsulzadənin bir kitabına yazdığı rəyi və “Qərbin iki dastanında Türk” əsəridir.
1923-cü ildə M.Ə.Rəsulzadənin Türkiyədə nəşr olunan “Azərbaycan Cümhuriyyəti” kitabına ön söz yazan Hüseynzadənin fikrincə, bu kitab Azərbaycanı, Azərbaycan türklərini tanıtmaq baxımdan qiymətli bir əsərdir: “Çünki mövzusu, siyasi və iqtisadi vəziyyəti ilə beynəlxalq bir əhəmiyyət daşıyan Bakının, Azərbaycanın və dolayısıyla bütün türklüyün müqəddəs və müəzzəz istiqlalı, istiqbalı məsələlərinə təmas edir. Bir xalqın, bir millətin asudə və müsəmmər bir həyata, rifah və səadətə nail ola bilməsi ictimai sinfin beynində necə iqtisadi bir həmrəyliyin olmasını tələb edirsə, eləcə də aləmin, bütün bəşəriyyətin sülh və asayiş nemətlərindən faydalana bilməsi beynəlmiləl münasibətdə ədalət və insaf məfhumlarının hakim və cari olmasilə mümkündür. Beynəlmiləl insaf və ədalətdən doğan ümumdünya sülhü isə Azərbaycanın eyni şəkildə hürriyyət və istiqlalını vacib edir” (Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti”, s. 7–8).
Milli istiqlaliyyəti əlindən alınmış bir dövlətin təbii haqq və hüquqlarının pozulduğu halda, dünya dövlətlərinin buna göz yummasına təəssüf edən Ə.Hüseynzadə yazırdı ki, ancaq bu istiqlalın mücahidləri, rəhbərləri qüvvətli və səbirli olmalıdırlar (Məhəmməd Əmin Rəsulzadə “Azərbaycan Cümhuriyyəti”, s. 7–8). Ona görə Azərbaycan bütün hallarda türklərin yurdudur. O yazırdı: “Qafqaz silsileyi-cibalının cəhəti-cənubiyyəsində sakin Azərbaycan türkləri şirvanlı, bakılı, qarabağlı, gəncəli, irəvanlı və sairədən ibarətdir (İranın şimal-qərbi səkənəsi də bunlardandır)…” (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s. 49). Onun fikrincə, Azərbaycan türk dili də osmanlı, cığatay şivələrindən daha çox türkcədir, çünki o ərəb-fars təsirinə az məruz qalmışdır (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s. 44).
Ə.Hüseynzadə 1920–1930-cu illərdə isə Türk dilinin saflaşması məsələsinə daha çox diqqət yetirmiş, bu dilin ərəb-fars mənşəli sözlərdən təmizlənməsinə çalışmışdır. Belə ki, o bu dövrdə qələmə aldığı yazılarında bəzi sözləri, qədim türkcədə olduğu kimi Tanrını Oğan, peyğəmbəri yalavac, metodu oran, şairi ozan, sazı çoğur-çökür, hökuməti törü kimi ifadə etmişdir. Ziyalının fikrincə, dilin saflaşması, təmizlənməsi məsələsinə ehtiyatla yanaşmaq, bu zaman bəzən inqilabla, bəzən də təkamüllə iş görmək lazımdır. Hüseynzadə bu mənada Türkiyədə soyadların dəyişilməsi məsələsinə də diqqət yetirmişdir: “İsim məsələsində tərəzinin bir gözündə insanlığımı, millətəlarası təmayüllərimi, qərbçiliyimi, ötəki gözünə türkçülüyümü, turançılığımı qoydum. İncə-incə çəkdim. Gördüm ki, tərəzinin sallantılarından sonra qərbçiliyim ağır gəldi” (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s. 440). Deməli, alim son dərəcə turançı, türkçü olmasına baxmayaraq, soyadların dəyişilməsində Qərbin mütərəqqi dəyərlərinin nəzərə alınmasını vacib hesab etmişdir. Onun fikrincə, “oğul”, “lı” kimi soyad şəkilçiləri ataya, ailəyə mənsubiyyətlə, nəslə mənsubiyyəti qarışdırır. Ə.Hüseynzadə daha çox “soy” şəkilçisinə üstünlük verirdi.
Mühacirət dövründə Türkiyədə qələmə aldığı “Qərbin iki dastanında Türk” (1926) əsərində isə Ə.Hüseynzadə italiyan Tokvato Tassonun “Qurtarılmış Qüds” və portegiz Kamoensin “Luziada” mənzum dastanlarında türkün mədəniyyət izini axtarmışdır. Ziyalı bu əsərləri tədqiq edərək orta əsrlərdə türk mədəniyyətinin Avropa ədəbiyyatında necə öz əksini tapdığını göstərməyə çalışır. Kamoens “Luziada” mənzum əsərində avropalıları bir-birilə boğuşmaqdansa, müsəlman türklərlə qarşı mücadiləyə çağırır. Hüseynzadəyə görə, İslama və türklərə yaxından bələd olmayan bir avropalı şairin belə sərt mövqe tutması düşündürücüdür (Əli bəy Hüseynzadə “Seçilmiş əsərləri”, s. 435). Onun fikrincə, Kamoensin türklərə qarşı olan bu münasibətinin səbəbi 1) türklərin müsəlman olmaları, 2) türklərin portegizlərlə bir neçə dəfə savaşmaları, 3) ən mühümü, türklərin portegizlərin Şərq ilə, Hind ilə, Hind–Çin ilə ola biləcək münasibətlərinə bir əngəl olmalarıdır.
Ancaq Kamoensdən fərqli olaraq Tasso İslamı və Türk millətini anlayıb təqdir etmişdir. Tasso türkləri ərəb, yunan və başqa millətlərlə müqayisə edərkən, onları çox yüksək, üstün tutur. Türk qəhrəmanlarından bəhs edərkən avropalı, yəni italiyan şairi olduğu halda, Tassonun Türk mütəfəkkirindən heç bir fərqi yoxdur.