Məfkurə

Əlimərdan bəy Topçubaşovun Əli bəy Hüseynzadəyə yazdığı məktublar

Turan ülküsünə möhürünü vurmuş, XX əsrin əvvəllərində Azərbaycanın siyasi, ictimai və mədəni həyatında mühüm rol oynamış, Azərbaycanın istiqlal bayrağında əks olunmuş “Türkləşmək, islamlaşmaq, müasirləşmək!” şüarını ilk dəfə önə sürmüş Əli bəy Hüseynzadənin şəxsi arxivi 2006-cı ildə qızı Feyzavər xanım Alpsar tərəfindən Egey Universiteti Ədəbiyyat fakültəsi türk dili və ədəbiyyatı bölümünə bağışlanmışdır. Bu arxivin təsnif və tədqiqi ilə məşğul olan, Azərbaycan ədəbiyyatının Türkiyədə yorulmaz tədqiqatçısı və təbliğatçısı, dəyərli dostum professor Əli Yavuz Akpınarın bildirdiyinə görə, Əli bəy Hüseynzadənin arxivində onun əsərlərinin əlyazma və ya çap nüsxələri, tərcümələri, ən əskisi 1905-ci illərə aid iyirmiyə yaxın qeyd dəftərləri (bunların bir neçəsi 1926-cı il Bakı Türkoloji qurultayına aiddir), özünün müxtəlif qəzet və jurnallarda çap olunmuş yazılarının kəsikləri, ailəsi və Azərbaycan mədəni həyatı ilə bağlı sənədlər, özünə, ailəsinə, ətrafındakılara və dönəminə aid bir çox fotoşəkil, Türkiyə, Azərbaycan fikir və ədəbiyyat həyatına aid az sayda kitablar, Azərbaycanda və Türkiyədə çap olunmuş müxtəlif qəzet və dərgi nüsxələri, özünün bilavasitə yayınladığı “Həyat” qəzeti və “Füyuzat” dərgisinin tam kolleksiyası, yazılarının çıxdığı “İrşad” və “Tərəqqi” qəzetlərinin bəzi nömrələri, ona yazılan yüzdən çox məktub (bunların içində Abdullah Cövdət, Əli Heydar Midhat, Əhməd Ağaoğlu, Y.Akçura, H.S.Ayvazov, Əhməd Kamal, Əhməd Raiq, İsmayıl Haqqı, A.Talıbov, Fərhad Ağazadə, Müəllim Fevzi və bu kimi öz dövrlərində Türkiyə, Azərbaycan və ya digər türk ölkələrinin taleyində müəyyən rol oynamış ziyalıların məktubları) və bir çox rəsmi sənəd var.

Bir neçə il əvvəl Əli Yavuz bəy arxivdəki bəzi rusca məktubları Türkiyə türkcəsinə çevirmək üçün mənə göndərmişdi. Hazırda bu tərcümələr Türkiyədə nəşr olunmaq üçün öz növbəsini gözləməkdədir. Bunlardan ikisi Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, parlamentin sədri olmuş Əlimərdan bəy Topçubaşovun Əli bəy Hüseynzadəyə yazdığı məktublardır. Məktublardan biri Balkan müharibələri dönəmində və I Dünya müharibəsi ərəfəsində Bakıda yazılmış və o illərdə Azərbaycan ziyalı təbəqəsinin Türkiyənin düşdüyü faciəvi durum qarşısında yaşamış olduğu xəyal qırıqlığını, dərin əndişəsini təsirli bir şəkildə əks etdirməkdədir. İkinci məktub isə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan iki ay keçməmiş Parisdən göndərilmişdir.

Bu məktubları Azərbaycan türkcəsinə uyğunlaşdıraraq jurnalınız vasitəsilə oxucularımıza təqdim edərkən professor Əli Yavuz Akpınara təşəkkür etməyi də özümə borc bilirəm.

Hacalı Nəcəfoğlu,

Qars, Türkiyə

4 aprel, 1913, Bakı

Əziz Əli bəy!

Sənə ətraflı məktub yazmaq və bununla sənin açıqcalardakı qısa, amma xoş yazılarına və Dadaşov vasitəsilə göndərilmiş məktubuna cavab vermək düşüncəsini daim içimdə bəsləyirəm.

Amma etiraf etməliyəm: (yazmağa) cəsarətim çatmır!.. Hər şey tamamən iyrənc, axmaqca, ümidsizcə gedir… Nəhəng Türk (dövlətinin) oyuncaq dövlətlərlə mübarizəsinin bu cür sonlanacağını təsəvvür edə bilməzdim… Əlbəttə, ruhdan düşməmək, enerji və gücü qorumaq lazımdır, amma açıqca söylərsək, indi heç bir şey belə tövsiyəyə əməl etməkdən çətin deyil. Hər şey gözümdə tamamən cığırından çıxmış kimi görünür! İslam dünyası üçün keçmiş tarixdə buna bənzər ümidsizcə ağır bir anı tapmaq çətindir.

“Avropa” adlanan o satqın fəsadxanada nələr baş verir? Ya İstanbulda, bu ümumi həsəd və nifrət mərkəzində, Osmanlı imperiyasının bu xırçın dəhasında (nələr baş verir)? Bütün bu şəhərin Aya Sofyası ilə birlikdə cəhənnəmə vasil olduğu xəbəri alınsaydı, bütün əzablarımdan və ruhi iztirablarımdan ötrü (bilirsənmi) necə mükafatlanmış olardım…

Gerçəkdən, sizin oralarda nələr baş verir?!

Burada heç bir şey bilmiriz ki: (eşitdiklərimizin də) hamısı iyrənc primitiv diplomatların yalan və hoqqabazlıqları… Bütün bu sözlə ifadə edilə bilməyəcək qədər iztirablı aylar boyunca rus qəzetələri və rus teleqraf agentliyi üzərimizə qəsdən tədavülə buraxılmış iyrənc yalanlar yağdırdı…

Biz indi hər tərəfdən üstünə hürülən Türkiyədəki işlərin vəziyyəti haqqında az-çox gerçək məlumatın acı və təşnəsiyik; və yalnız müsəlmanlar deyil, hər kəs belədir, zira yerli qəzetələrin yazdıqlarına heç inanmaq istənməyir… Bu qəzetələri ələ almaq belə mədə bulandırır.

Başqa heç bir şey haqqında sənə yazmıram və yaza bilmirəm, zira bütün fikirlərim bir məsələyə cəmlənmiş: sonu necə olacaq?.. Buna görə tək xahişim: oradakı vəziyyət haqqında bir şeylər yaz və əlbəttə, çeşidli mülahizələri diqqətə alaraq nə qədər mümkünsə…

Bu məktubu Abu…(oxuna bilmədi – H.N.) aparır. Təəssüf ki, onu burada az gördüm, onun üçün büyük yığıncaq təşkil etmək istədim, amma alınmadı: çox hayıf, zira yaxşı təsir bağışlayır… Onunla çoxu maarif və mədəniyyət mövzularında bəzi şeylər haqqında danışdıq. İndi bütün qüvvələri bu cür mövzulara səfərbər etmək lazımdır.

Özüm haqqımda heç nə yazmıram, zira özümü çox pis hiss edirəm… Uşaqlar sağlamdırlar və böyüyürlər: Ələkbər bu il kursu bitirir, Sara 5-ci sinfə keçir, Rəşid isə 3-cü sinfə, Sevər oxumağa başlamaq istəyir, Ənvər isə 3 yaşındadır. Onların hamısı, şəxsən mən də sənə salam göndəririk. Salamat qal.

Səni sevənləri unutma.

Əlimərdan

Əziz Əli bəy!

Əgər dünyanın bütün iblisləri Şərq əleyhinə yönəlik cəhənnəm planı hazırlamaq istəsəydilər, bu an kainatın bu hissəsində taleyin cilvəsiylə tətbiq edilən yıxım tərzindən daha yaxşısını düşünə bilməzdilər. Amma digər tərəfdən bütün böyük hadisələr, hər cür dirçəlişlər sonradan gözəl çiçəklər və bol məhsul əldə edə bilmək üçün mütləq qurbanlar, qanlar tələb edirsə, yaşadığımız günlər bütün dəhşətləri ilə nə qədər faciəvi olsa da, (aramızda) bədbinliyə, ümidsizliyə yer olmamalıdır…

Xüsusilə ölçüyəgəlməz ağırlıqda vəzifə qəbul etmiş bizlər, indiki vəziyyət nə qədər çətin olsa belə, ümidsizliyə qapılmamalıyıq; və mən, əzizim, bəlkə də, qüvvədən xaricdir bunu etmək, amma necə olarsa olsun, ruh yüksəkliyimi saxlamağa çalışıram. Eyni şeyi, dostum, sənə də tövsiyə edirəm. Çünki Uca Yaradan hər cür məhrumiyyətlərə və həyatın məşəqqətlərinə dözmən üçün səbri səndən də əsirgəməmişdir.

Artıq iki aydır ki, kimlərin hökm sürdüyünü bilmədiyim ölkə(m) və necə yaşadıqlarını, nə ilə dolandıqlarını bilmədiyim ailə(m) ilə əlaqələrim büsbütün kəsilmişdir… Əgər belə davam edərsə, yaxında mən və bütün nümayəndə heyətimiz burada möhtac vəziyyətə düşəcəyik!.. Bəs 78 azərbaycanlı tələbə burada, Almaniya və İtaliyada nə edəcək – düşünmək belə qorxuncdur… Fəqət rədd olsun bədbinlik və gəlin daha yaxşı gələcək ümidləriylə bəslənək… Eyni şeyi zavallı dostumuz Əhmədə də demək istəyərdim… Heyhat, o bunlardan uzaqdır… Ən başlıcası, o, mənimlə səndən az səbirlidir. Buna görə də hələlik onun işindən müsbət bir şey çıxana qədər ona nəsə yazmaq istəmirəm. Hələ ki, bir şey çıxmır. O mənə məktub yazaraq guya yardım edə biləcək bir şəxsi işarə etdi. Mən nəinki o şəxsə, başqalarına da müraciət etdim, yenə də bir nəticə hasil olmadı. Əlbəttə, bu haqda ona yazmağa gərək yox: tamamən məyus olacaq və ruhdan düşəcək. Amma sən bil ki, indi kimsə yardım etmək vəziyyətində deyil, həm də kimsə ayrılıqda yardıma ümid edə bilməz. (Bu) iş ümumi işdir, hər kəsə aiddir və buna görə də jurnalist, göz həkimi, general və hətta nazir belə olsalar, onların taleyi ilə bağlı qərar da ümumi olacaqdır… Yeri gəlmişkən, abxaz bir nazir indi Londondadır və əzizim, məktublaşırsansa, dostumuza narahat olmamasını bilavasitə yazmanı, əgər məktublaşmırsansa, həyat yoldaşı vasitəsilə (çatdırmanı) səndən rica edirəm, zira indi mümkün və lazım olan hər şey edilir və yaxında (məsələnin) müsbət mənada həll ediləcəyinə ümid var. Müvəffəq olduğuma tam inandığım zaman mən özüm ona yazacam. Heç narahat olmasın və əgər əlinin altında materiallar varsa, son 5–6 ildə şahidi olduğu hadisələr haqqında məqalələr seriyası yazmağa başlasın. Sonra hamımız təəssürat və məlumatlarımızı mübadilə edərik. Ümid edirəm ki, sən Sitarə xanımla görüşüb ona və uşaqlara mənim salamlarımı çatdırarsan: heç kimi unutmamışam və yardım etmək istədiklərimə qarşı borcumu yerinə yetirmək üçün qüvvəmin zəifliyinə məyus oluram. Biz Rəşidlə tez-tez sənin ailəni, uşaqlarını (hələ görmədiyimiz uşağını da) xatırlayırıq. İnanıram ki, hamınız sağ-salamatsınız, uşaqlar böyüyürlər və həm də gümrahdırlar. Bəhramdan, sadəcə, bir məktub gəldi. Sən, əlbəttə, bilirsən. O, Darmştadtda oxuyur, daha doğrusu, texniki universitetə daxil olmaq üçün hazırlanır. Onun adresi: Darmştadt, Dieburger Str. 10I. Rəşid tətildədir, mənimlə bərabər yaşayır, sizinkilərə salam göndərir, tez-tez sənin nəzm əsərlərini xatırlayır. İnanıram ki, mənim adımdan dostlarımı salamlamağı unutmayacaqsan. Amma kimi? – sorarsan… Hər halda, heç olmasa, faktik olaraq Türkiyəni Gürcüstan ilə bağlayan şair və doktor qalmışdır. Bu yaxınlarda onun hərbçi qaynı buradan ayrıldı, möhtəmələn onunla görüşərsən. Bir daha səni və uşaqlarını öpürəm, xanımına salam (söyləyirəm). Sağlıqla qal, özünü və gücünü gələcək üçün qoru, hər cür materialı topla, lazım olar.

Hər zaman səni səvən Əlimərdan

Təqdim edən: Hacalı Nəcəfoğlu