Köşə Yazıları Orxan Vəliyev

Elm!

Elm və təhsil nazirinin müşaviri, hörmətli Nicat Məmmədlinin İctimai TV-də səsləndirdiyi, mənə görə, mütərəqqi (əgər bir fikir işləkliyi, funksionallığı, problemin həllə qovuşmasını təklif edirsə, mütərəqqi hesab edilə bilər) fikirlərə qarşı müsbət və mənfi şəklində təsnif edə biləcəyimiz dəyərləndirmələr oldu. Sosial mediadakı müzakirələrdə elminə hörmət etdiyim professorlardan müxtəlif dəyərləndirmələrlə qarşılaşdıq. Bu, anlaşılan bir haldır. Bir fikri hər kəsin dəstəkləməsi mümkün olmadığı kimi, doğru/faydalı da deyildir. Bununla belə, yüksək elmi nailiyyətləri olan bəzi alimlərimizin fikir xoşuna gəlmədiyi üçün ittihamedici, küçümsəyici üsluba sığınması isə təəssüf doğurdu. Demək ki, sosial məsələlərdə sadəcə alimlik statusu olanlar yox, düşünüb-danışa bilənlərə imkan vermək və dinləmək lazımdır. Bu məqsədlə ali təhsil institutunun (tədris, tədqiqat) parçası olan bir kimsə olaraq məsələ ilə bağlı fikirlərimi bölüşmək istəyirəm.

Nicat müəllimin qaldırdığı məsələ Azərbaycanda professor adının alınmasındakı çətinliklərlə bağlı idi. Cümlə konkret olaraq belə idi: “Gənc professorlarımız ona görə yoxdur ki, bizim çox çətin prosedurumuz var. Dünyanın heç bir yerində olmayan [əslində, məsələyə diqqət çəkmək istəyir] elmlər doktorluğu məsələmiz var. Bu bizim ciddi problemimizdir”. Hər şeydən əvvəl, bu, uzun bir TV proqramından kiçik bir hissə idi. Yəni müzakirəni və irəli sürülən fikirləri düzgün dəyərləndirmək lazımdır. Bu məqsədlə müşavir mənim də həmfikir olduğum elmlər doktorluğunun ləğvinə dair bir təkliflə çıxış etmişdir. Təklifin səbəbi Azərbaycanda elmin funksionallığını artırmağı hədəfləyir.

Elmi adların, xüsusilə professor adının verilməsindəki müşkülat, bürokratik prosedur məni də düşündürən bir məsələdir. Misal üçün, xaricdə təhsil almış elm adamlarımız arasında professor adını almış (ən azından mənim bildiyim) yoxdur! Halbuki Türkiyədə təhsil aldığım illərdə məqalə nəşri, kitab nəşri ilə 39-40 yaşında professor olan elm adamları tanımışdım. Azərbaycanda isə professor adını almaq, belə demək mümkündürsə, ahıl yaşa təsadüf edir. Bu isə Azərbaycan elminə xidmət etmir!

Belə olan halda belə bir sualla başlamaq lazımdır. Azərbaycanın ehtiyacı nədir?

Azərbaycanın çağdaş akademik sistemə inteqrasiya etmək ehtiyacına dair siyasi iradənin olduğunu Elm və Təhsil Nazirliyinin son illərdəki fəaliyyətindən anlayırıq.

Bu məqsədlə hansı addımlar atılmalıdır, hər şey silbaşdan, yenidənmi qurulmalı, yoxsa reform metodundan istifadə etmək lazımdır?

Atatürk cümhuriyyəti qurduqdan sonra məşhur universitet inqilabı ilə (1933) Osmanlı universitet sistemini kökündən dəyişir və köhnə sistemdə çalışmış elm adamlarını təqaüdə göndərir. Ancaq nə Nicat müəllim bunu təklif edir (proqram və sosial media hesabından paylaşdığı video diqqətli dinlənildikdə anlaşılacaqdır), nə də ki Azərbaycan dövlətinin bu cür radikal siyasətə ehtiyacı var. Çünki sıfırdan bir dövlət inşa edilmir. Məsələ bundan ibarətdir ki, Sovet sisteminin ehtiyacı üçün formalaşdırılmış akademik mükafatlandırma (elmi dərəcə və adların verilməsi) sistemi Azərbaycanın inteqrasiya etmək üçün çalışdığı sistemdə işləmir, işləməyəcək.

Axı bəzi ölkələrdə elmlər doktoru, yaxud oxşar proseslər var. Azərbaycan nə üçün saxlamasın?

Hər bir ölkənin özünəməxsus şərtləri vardır. Diaqnozun eyni olması müalicənin də eyni olmalı olduğu nəcitəsini çıxarmamalıdır. Misal üçün, qanında şəkərin miqdarı yüksək olan xəstə ilə olmayan xəstənin ürək əməliyyatı eyni metodla edilə bilməz. Belə olan halda Azərbaycanda elmlər doktorluğu institutunun professor adını gənc yaşda almaqda çətinlik yaratdığını etiraf etmək lazımdır. Düşünürəm ki, biz Lüter kimi reform etmək əvəzinə Volter kimi kəskin qərar verməli olduğumuz bir mərhələdəyik. Elmlər doktorluğu qaldıqca tədqiqatçılar özlərini buna məcbur edir. Belə ki, elm adamları arasında elmlər doktorluğu alanlar və almayanlar arasında da müəyyən gərginlik ola bilir. Bu əziyyətə qatlaşıb elmlər doktorluğunu alanları anlayır və hörmət edirəm. Ancaq unutmamaq lazımdır ki, Azərbaycan elminin inkişafı və gələcəyi ayrı-ayrı fərdlərdən daha əhəmiyyətlidir.

Azərbaycan akademik sistemi yeni bir mərhələyə daxil olur. Növbəti tədris ilindən etibarən Qarabağ Universitetində tibb sahəsinin təhsili baş tutacaq. Bütün bu proseslər universitetlərin dərəcə və müvafiq olaraq diplom verilməsi prosesinin də önünü aça bilər. Qısası, gənc yaşda professorların olması üçün qarşıda olan əngəli qaldırmaqda fayda var.

S.e.ü.f.d. dos. Orxan Vəliyev
Xəzər Universiteti, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri