Biz yaşlandıqca gəncləşən və mürəkkəbləşən texnologiya.
Yaşlı nəsil üçün texnologiyadan istifadə təcrübəsinin qazandırılması.
Orta və yaşlı nəslin elektron xidmətlərdən istifadəsi ilə bağlı çətinliklər bütün ölkələrdə mövcuddur. Ola bilər ki, bu günün gənci də yaşlandıqda onun qarşısına çıxan tanış olmadığı texnologiyada çətinlik çəksin. Texnologiya son 30 ildə sıçrayışla inkişaf etdi.
Hətta bizim kimi uşaqlıqdan informasiya texnologiyalarının inkişaf prosesinin içində olub bu sahə üzrə təhsil pillələrini aşan şəxslər belə son illərdə şaxələnən bu texnologiyaların bütün sahələri ilə ətraflı maraqlanmağa fiziki olaraq vaxt çatdıra bilmir. Bu sahəni universitetlərdə belə lazımi qədər öyrənmək mümkün deyil.
Fikrimcə, universitetlər sadəcə bu sahədə yaxşı yolgöstərici ola bilər və kommunikasıyanın inkişaf etdirilməsi üçün çox vacib amildir.Yaşlı nəsil üçün elektron xidmətlərin istifadəsini öyrədən müntəzəm təlimlər və seminarlar təşkil etmək səmərəli üsul ola bilər. Sadəcə, bu seminarların əlçatanlığı yaşlıların şəraitinə əsasən, bir qədər məhdud qala bilər.
Ona görə digər məqamlara da diqqət etmək mümkündür. Bunlardan biri elektron platformaların dizaynını daha sadə və anlaşılan etmək, istifadəçi dostu interfeyslər yaratmaqdır. Yaşlı şəxslərin elektron xidmətlərə daxil olmasına kömək edəcək yerli yardım mərkəzləri açmaq da mümkündür. Bundan başqa elektron xidmətlər ilə bağlı telefon dəstəyi təmin etmək, istifadəçilərin suallarını cavablandırmağın ciddi faydası olacağına inanıram.
Elektron xidmətləri izah edən sadə broşürlər və təqdimatlar hazırlamaq, müxtəlif yerlərdə yaymaq olar. Veb saytlar və mobil tətbiqlərdə interaktiv resurslar yaradaraq istifadəçilərin öz bacarıqlarını inkişaf etdirmələrinə kömək etmək mümkündür. Elektron xidmətləri tanıtmaq və insanları təşviq etmək olar. Hətta yaşlı və gənc nəslin bir araya gələrək elektron xidmətləri birlikdə öyrənməsini təşviq edən tədbirlər təşkil etmək də dəstək ola biləcək maraqlı metodlardan biri ola bilər.