Azadə Novruzova Füyuzat 139

Göy atın tapdağında

GÖY AY, TƏRPƏN…

Şəki şəlaləsindən düz Çınqıllıyacan toxtamadan birnəfəsə yetirərdi məni… Bircə kəlmə “tərpən” deyərdim… “Vilis”ləri, “Niva”ları yolda tozanağa basıb ötərdi… Laçınlı kirvəm Həsən kişinin atlarının cinsindən törəmədir…

Elə özüm də Laçında, Quşçu kəndində doğulmuşam. Erməni əli dəyməsin deyə atam anamı aparardı Laçına, anam uşaqları orda dünyaya gətirərdi (Belə faktlar çoxdur ki, yeni doğulan uşaqlara erməni həkimlər xətər yetirirdilər). Bacı-qardaşlarımın da doğum şəhadətnaməsində Laçın şəhəri qeyd olunub. Bu da bir didərginlik idi… Dərdimiz bir deyil ki, danışasan, qurtara… Bizim əlimizi əsrlər boyu öz isti ocağımızdan soyutmağa çalışıblar… Amma dirənmişik, durmuşuq ta 1988-ci ilin noyabr-dekabrına kimi… Bu, 200 il çəkib… Bu yerin-yurdun sahibləri olan bizləri dəfələrlə ev-eşiyimizdən məcbur çöllərə töküblər. Qışın qarında-boranında dağda-daşda, yayın istisinin alavışında Muğan düzündə aclıqdan-susuzluqdan, malyariyadan, yatalaqdan qırılıb, batıb camaatımız. Dünyanın yiyələri susub, lal olublar, bu müsibətlərə haqlı münasibət bildirməyiblər. Baba-nənələrimiz nağıl edərdi ki, ailələr vardı, elə çadırda ailəlikcə xəstəlik üzündən vəfat edib, nəsilləri kəsilib. Biz zəngəzurlular, qarakilsəlilər çox müsibət çəkmişik ermənilərdən… Tarixdən az-çox xəbəri olanlar həqiqəti yaxşı bilir ki, bu erməniləri sonradan gətirib pərçim ediblər Qafqaza. Bir irinli çiban olublar Qafqazın bağrında. Tayqulaq Andranikin törətdiyi müsibətlər nəticəsində bir çox kənd öz əhalisi ilə birlikdə yerlə yeksan edilib. Şükar, Pul və başqa kəndlər yer üzündən tamamilə silinib. Bizim Şəki kəndində də xeyli camaat qırılıb. Camaatı kahalara yığıbmışlar ki, qorusunlar. Qaranlıq kaha yadındadır? Qarakilsəyə gedəndə yolun üstündə idi. Çox böyük kaha idi. Eni, uzunluğu bilinmirdi. Bax həmən o kahalara. Kəndin ağsaqqalı Hacı Atakişini Andranik çapar yollayıb, danışığa çağırıb. Qənsilərin (kəndin ortasında yerləşən idarə binasına camaat belə deyirdi) qabağında görüş təyin ediblər. Danışıqları belə olub ki, əhaliyə toxunulmayacaq. Erməni nə vaxt verdiyi sözün üstündə durub ki, bu dəfə də dursun?! Hacı Atakişini ermənilər elə oradaca arxadan vurub çaxnaşma salaraq camaatı qanına qəltan ediblər. Xatırlayıram, Gülüxəndan xala deyirdi ki, Andranikin dəstəsindəkilər üç bacımı – biri nişanlı olub, ikisi isə xırda uşaq imiş, qəddarlıqla öldürüb (birinin başın kəsiblər), sonra isə gavırların ürəkləri soyumayıb, o qız uşaqlarının cəsədlərinin üstündən atlarla o qədər o tərəf-bu tərəfə gedib-gəliblər ki, sümükləri qırıq-qırıq olub… Qızların adları… Sona, Kəhlik, o birini xatırlamadım…”

P.S. Gözəlova Gülüxəndanın qız nəvəsi Xəzangül Bağırova məlumat verdi ki, nənəmin 40 günlük başı kəsilən bacısının adı Fatma olub.

Sizə onu deyim ki, ana torpaq çox şirin şeydir. Bal yalandır bu şirinliyin yanında.

Bu müsibətləri görən bir də geri dönməz, eləmi? Amma ara səngiyən kimi şəkililər təzədən öz doğma yurdlarına qayıdıblar. Yurddan əl çəkmək, göz çəkmək olmur. “Əlin yurdun ətəyində, gözün üstündə olsun!” deyərdi babalarımız!

Təkcə XX əsrdə 1905–07, 1915, 1918–20, 1948–51-də və nəhayət, 1988–1991-ci illərdə dönə-dönə camaat öz evindən didərgin salınıb, əsir-yesir olub, məcburən qovulub çıxarılıb. Bu sayıb-sadaladığım faciəvi hadisələr zamanı saysız-hesabsız insan tələfatı olub. Əziz, doğma insanlarımızı itirmişik. Ürəyimiz dağlanıb, ciyərimiz yanıb. Yerdə qalanımız nəyin bahasına olursa olsun dözmüşük, ümidimizi itirmədən yaşamışıq. Sözümüz bir olub, geri dönəcəyik!

Azadə qızım, sinəmdə indiyə kimi heç kimlə bölüşmədiyim bir dərdim var… Onu bölüşəcəm sənlə, dinlə…”

Duruxdum… Ardınca: “Bilirsən də, mən çox bərk adamam, amma bu dərd məni əridir… Dədəmi, nənəmi, əzizlərimi itirmişəm, başıma çox işlər gəlib. Heç vaxt belə fikir çəkməmişəm… Allahın işinə şükür edənəm… Göy at məni körpə bir uşağa döndərib…”

Müəllimim için-için ağlayırdı…

Davamı…