13 may 2024-cü il Azərbaycan Türkləri üçün gələcəkdə qürurla xatırlanacaq bir tarixə çevrilmişdir. Bu tarixdə Azərbaycanda dövlət dilinin adı və dilin milli kimliyi ifadə etməsi məsələləri müzakirə edilmişdir. Azərbaycanın ilk “Türkçü Düşüncə Birliyi” (TDB) ikinci elmi-nəzəri simpoziumunu təşkil etməklə milli kimliyimiz üçün daha bir önəmli addımını atmış oldu. TDB-nin Sosial Tədqiqatlar Mərkəzində (STM) təşkil etdiyi “İkinci Türkçülük Çalışmaları” simpoziumunun əsas mövzusu “Dil Məsələlərimiz” oldu.
TDB İdarə Heyətinin “İkinci Türkçülük Çalışmaları: Dil Məsələlərimiz” adlı simpoziumunun bir nəticəsi olaraq gəlinən qənaəti toplumumuza təqdim edirik:
“Sosial Tədqiqatlar Mərkəzində İkinci Türkçülük Çalışmaları: “Dil məsələlərimiz” başlıqlı elmi konfransda məruzə və çıxışlar dinlənildi, müzakirə edildi.
Konfrans nəticələrini ümumi ictimai fikrə təqdim edirik:
Quzey Azərbaycanda dilimizin indiki statusu az istisnalarla heç vaxt bu qədər yüksək olmamışdır.
Bununla belə Azərbaycan Respublikasının özündə, özəlliklə Güney Azərbaycanda dil sahəsində həssas problemlər qalmaqdadır.
Bu problemlər dilimizin rəsmi adında, onun istifadə sahəsinin məhdud olmasında, yazı qaydaları və əlifbada, terminlər məsələsində, yad sözlərin dilimizi doldurmasında, adlarımız və soyadlarımızdakı qeyri-milli durumda, təhsil sistemində, medianın, internetin, reklamın dilində, qanunlar və digər rəsmi sənədlərin dilində, eləcə də Türk Dünyasında ortaq ünsiyyət vasitəsinin olmamasında özünü göstərir.
Sadalanan problemlərin başında dilimizin gerçək və tarixi adının rəsmiləşdirilməsi gərəyi durur.
Azərbaycan Respublikasında dövlət dili rəqibsiz dil statusuna malik olmalıdır. Dillə bağlı qəbul edilmiş rəsmi qərarlardakı vəzifələr yerinə yetirilməlidir.
Dilimizin xarici təsirlərdən təmizlənməsi qarşısındakı maneələr aradan qaldırılmalıdır.
Adlarımız və soyadlarımızın da milliləşməsi həlli gecikmiş problemlərdəndir. Təhsil sahəsinin milliləşməsi və modernləşməsi günümüzün tələbidir.
Media, internet, reklam və bunun kimi sahələrdə, eləcə də rəsmi sənədlərdə dilimizə gərəkli sayğı göstərilməlidir. Türk Dünyasında ortaq ünsiyyət vasitəsi kimi Türkiyə Türkcəsinin imkanları daha genişdir.
Dil kimliyimizdir, hətta varlığımızdır. Dil sahəsindəki problemlərin həlli günümüzün təxirəsalınmaz vəzifəsidir.
Türkçü Düşüncə Birliyi – İdarə Heyəti. Bakı, 13 may 2024.”
Bu simpoziumda Azərbaycanın cənubundan, quzeyindən, Borçalıdan və Türkiyədən bir çox mühüm şəxsiyyətlər iştirak etmişdir. Bilindiyi kimi, Qaramanoğlu Mehmet Bəy 13 may 1277-ci ildə Türk dilini rəsmi dil elan etdiyi üçün bu gün Türkiyədə “Türk Dili Bayramı” kimi qeyd olunur. Dil Məsələləri üzərinə keçirilən bu simpoziumun belə bir tarixi günə təsadüf etməsi həm simvolik, həm də elmi-nəzəri baxımdan Azərbaycan və dünya Türklüyü üçün qürur vericidir.
Ergün Ucatürk
Ankara Hacı Bayram Vəli Universiteti Beynəlxalq Əlaqələr üzrə doktorantı,
TDB İdarə Heyəti Üzvü.