2024-cü il, 31 yanvar. Milli Azərbaycan Tarixi Muzeyi. Muzey bələdçisi axıcı nitqlə şagirdlərə tarixi eksponatlar haqqında ətraflı məlumat verir. Şagirdlərdən biri eksponatlar arasında yer alan üçrəngli bayrağa maraqla baxır. O, anidən qış günəşinin şəfəqləri üzərinə düşən əzəmətli bayrağın qarşısına səsləyən bir səda eşidir sanki. Şagird bu qəribə sədadan sadəcə “Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq” ifadəsini duya bilir. Həmin səsin sehrinə qapılan şagirdin qarşısında durduğu bayrağın əngin səmadan feyzlənən istiqlal nişanəsinin ilk boyası dalğalanaraq onu tarixin şanlı səhifələrinə səyahətə aparır:
1918-ci il, 28 may. Azərbaycan Milli Şurasının tarixi iclası. Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini elan edən rəsmi sənədi – “İstiqlal Bəyannaməsi”ni qəbul edir. Beləliklə, istiqlal təqviminin ilk mühüm hadisəsi tarixin yaddaşına həkk olunur. İstiqlal nişanəsinin ilk boyası yenidən dalğalanaraq istiqlal təqviminin mühüm qərarlarından ibarət ilklərinin – Dövlət bayrağının, Dövlət dilinin, Dövlət gerbinin, Azərbaycanın himnin qəbul edilməsini mavi səmada əks etdirir.
Günəşin şəfəqlərindən feyzlənən istiqlal nişanəsinin ikinici boyası – türk gözəlinin al duvağı dalğalanaraq bu tarixi səyahəti davam etdirir.
1920-ci il, 27 aprel. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145-ci iclası. Həmin gün həyatın mübarizə səhnəsində qəhrəmancasına mücadilə edən istiqlal mücahidlərinin son iclası kimi tarixə daxil olsa da, onların istqilal atəşi qəlblərdə alovlanmağa davam edir. Azadlığın bir gün yenidən aydın səmalarda parlayacağına inanaraq sönmür.
Nəhayət, Vətənin zümrüd meşələrindən feyzlənən istiqlal nişanəsinin üçüncü boyası – türk gözəlinin yaşıl gözləri parıldayaraq İstiqlal ruhunun sehrinə düşmüş şagirdi bu tarixi səyahətin Zəfər zirvəsinə gətirir.
2024-cü il, 31 yanvar. Şuşa. Azad Vətən səmasında qürurla dalğalanan al duvaqlı, yaşıl gözlü türk gözəlini təbəssümlə seyr edən şagird bu dəfə sehrli sədanı aydın şəkildə eşidə bilir. Bu, İstiqlal ruhunun sədası idi. Böyük Vətən mücahidi Məhəmməd Əmin Rəsulzadənin sədası idi:
“Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, Vətəndaşlar! Üçrəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər türlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:
“Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” (Məhəmməd Əmin Rəsulzadənin 1953-cü ildə mayın 28-də Amerikanın Səsi radiosu vasitəsi ilə Azərbaycan xalqına müraciəti)