Məzmunca da, formaca da milli mədəniyyət
Azərbaycan Cümhuriyyətinin əsas məqsədi əvvəlki nəsillərin ideallarını gerçəkləşdirməkdən və Türk dünyası birliyində modern Azərbaycan yarada biləcək ziyalı bir nəsil yetişdirməkdən ibarət idi. Millətinə bağlı olan bu nəsil həm də Avropa tərəqqisini mənimsəmiş, hərtərəfli hazırlıq görmüş azad düşüncəli, azad vicdanlı ziyalı bir ordu təşkil etməyi qarşısına vəzifə olaraq qoymuşdu. Belə bir milli-mədəni inqilab tərəfdarları kommunistlərin irəli sürdüyü “sinif mədəniyyəti” iddiasını tamamilə uydurma və yanlış hesab edir və buna qarşı “milli mədəniyyət”i (“proletar mədəniyyəti”nə qarşı) qoyurdular. Azərbaycan milli dövlətçiliyinin baniləri sonrakı mərhələdə də kommunistlərin “formaca milli, məzmunca sosialist” şüarına qarşı “məzmunca da, formaca da milli mədəniyyət” tezisini qoymuşlar. Onların fikrincə, millət xaricində hər hansı bir sinif mövcudiyyəti düşünülə bilməz. Çünki fəhlə də bütün siniflər kimi hər zaman öz yurduna, dilinə, ədəbiyyatına, sənətinə, ümumiyyətlə, milli varlığına, mədəniyyətinə bağlı və sadiq qalmışdır.
“Milliyyətini inkar edən hər hansı bir fəhlə sinfi təsəvvür edilə bilməz” fikrində olan M.Ə.Rəsulzadə “Kültür sinfi deyil, millidir” adlı məqaləsində yazırdı: “Milli mədəniyyətdə hər sinif xalqın payı və hissəsi vardır. Milli mədəniyyət hər sinif xalqın həyatını, istəklərini və dərdlərini əks etdirir. Hələ yoxsul xalq təbəqələri, ən böyük müdafiələrini və hamilərini milli ədiblərimizin, milli sənət xadimləri və elm adamlarımızın qüvvətli qələmlərində və fırçalarında tapırlar” (Resulzade M.E. Kültür sinfi değil millidir // “Azerbaycan”, Ankara, Yıl: 2, Temmuz, 1953, Sayı: 4 (16), s.1-2.). Fəhləni millətindən ayırma hədəfini güdən kommunistlərin təşəbbüslərini qoyunu sürüdən ayıraraq boğmağa çalışan qurdun hərəkətinə bənzədən M.Ə.Rəsulzadənin fikirlərini bu şəkildə ümumiləşdirmək mümkündür: digər xalq zümrələri qədər fəhlə də rifahını və səadətini ancaq bütün millətin müştərək və yekdil səyi nəticəsində təmin edə bilər. Milli topluluq xaricində heç bir rifah olamaz! “Milli mədəniyyət yoxdur, sinif mədəniyyəti vardır” deyənlərin mədəniyyətlə əlaqələri yoxdur. Sırf imperialist məqsədlər güdən rus uşaqları fəhləni öz dili, teatrı və musiqisindən məhrum edib ona rus dilini və mədəniyyətini zorla qəbul etdirmək istəyirlər. Sinfin mücərrəd, müstəqil varlığı ola bilməyəcəyi kimi, özəl və ayrı bir mədəniyyəti də ola bilməz. Mədəniyyət birdir və müştərəkdir. Bu mədəniyyət, millətin bütün tarixinə aid siniflər fövqü bir varlıqdır. Buna görə də adına milli mədəniyyət, yəni millətin bütün keçmişini əks etdirən bir mədəniyyət deyilir.
M.Ə.Rəsulzadənin ən çox etiraz etdiyi məqamlardan biri bolşeviklərin proletar “formaca milli, məzmunca sosialist mədəniyyəti” mövzusu idi. Əgər V.İ.Lenin “Milli mədəniyyət – burjua sinfinin aldatmasıdır” şüarı ilə çıxış edirdisə, M.Ə.Rəsulzadə bunun əksi olaraq “Formaca da milli, məzmunca da milli mədəniyyət” tezisini irəli sürürdü.
“Sənət sənət üçündür” fikrini qəbul etməyən M.Ə.Rəsulzadə yaradıcılığında “sənət əqidə və amal üçündür” tezisini müdafiə etmişdir. M.Ə.Rəsulzadənin nəinki ictimai-siyasi xarakterli əsərləri, hətta elmi, ədəbi, publisistik yazıları da bir məqsədə – istiqlal məfkurəsinin reallaşmasına xidmət etmişdir. O, Cümhuriyyətin süqutundan ömrünün sonuna qədər də istiqlalın bərpasına inanmış, bu yolda yorulmadan mübarizə aparmışdır. Azərbaycan xalqının sovet işğalına qarşı istiqlal mübarizəsini nəzərdə tutaraq: “Tariximizdən güc alan kültür gələnəkləri, bütün zorluq və güclüklərə rəğmən, hələ canlılıq göstərir. Müzəffər olacağı şübhəsizdir. Çünki gedilən yol təbiidir, mədəni dünyanın yürüdüyü mədəniyyət və tərəqqi yoludur. Sonda zəfər onun, üçrəngli istiqlal bayrağının, milli Azərbaycan türk demokratik mədəniyyətinindir!” (Resulzade M.E. Azerbaycan Kültür Gelenekleri. “Azerbaycan kültür derneği”nin teşebbüsü ile, 28 mayıs 1949 da, Ankara Halkevi binasında verilen konferans. Ankara: Sipahi matbaası, 1949, 31 s.) – deyən M.Ə.Rəsulzadənin böyük uzaqgörənliklə bəyan etdiyi arzuları, nəhayət ki, sovetlərin çökməsi ilə gerçəkləşmiş oldu.
Mədəniyyətdə müasirləşmə
M.Ə.Rəsulzadə mədəniyyətdə müasirləşmə probleminə müxtəlif ad qoyanlara, çağdaş dünyanın elmi-mədəni dəyərlərini yalnız müəyyən coğrafi qütblərlə məhdudlaşdıranlara cavab olaraq “gəlin yanlış termin işlətməyək” deyirdi. Onun fikrincə, “Şərq mədəniyyəti ilə Qərb mədəniyyətindən deyil, orta çağ mədəniyyəti ilə çağdaş mədəniyyətdən bəhs etmək lazımdır” (Resulzade M.E. Milli Tesanud. Ankara: Kardeş matbaası, 1978, 142 s.). Bu mənada M.Ə.Rəsulzadə bəşəriyyətin mədəni tərəqqisində elm və mədəniyyətin məqsədlərinə də toxunaraq yazırdı: “İdarəçilik sahəsində qazanılmış qiymətləri elm ölçüsü ilə dəyərləndirərək cəmiyyət nizamını ona görə qurmaq ictimai bir idealdır” (Resulzade M.E. Milli Tesanud. Ankara: Kardeş matbaası, 1978, 142 s.). Cümhuriyyət qurucusu belə bir qənaətə gəlir ki, Avropa mədəniyyətini mənimsəmə məsələsində çox vaxt yanlış şərhlərə yol verilir. Bəzən elə təəssürat yaranır ki, guya Şərqi atıb Qərbi tuturuq. Əslində isə islam-xristian, Şərq-Qərb mədəniyyəti anlamlarının orta çağ və müasir mədəniyyət şəklində işlədilməsi doğru olardı. M.Ə.Rəsulzadə mövqeyini bu şəkildə əsaslandırır ki, çağdaş mədəniyyətə ayaq uydurmağa yönəldilmiş islahat hərəkatına bizdə qərbliləşmək və avropalılaşmaq adı verilməkdədir. Geri qalmış Şərq məmləkətlərini “Qərb mədəniyyəti”nə çatdırmaq yolunda radikal üsullara baş vuran milli türk inqilabının ideologiyasını işləyənlər Şərq mədəniyyəti və Qərb mədəniyyəti deyə ikiyə ayrılan mədəniyyət anlamlarını qarşılaşdırarkən əsaslı bir xətaya düşür, yanlış termin işlədirlər. Halbuki mədəniyyətin coğrafi sahələrə istinadən bölünməsi və bir mədəniyyətdən digər mədəniyyətə keçmə düşüncəsi doğru bir görüşün məhsulu deyildir. Çünki “dünya mədəniyyəti bir bütündür”. M.Ə.Rəsulzadə Şərq mədəniyyəti ilə Qərb mədəniyyətindən deyil, orta əsrlər mədəniyyəti ilə müasir mədəniyyətdən bəhs etmək lazım gəldiyini vurğulayır. O qeyd edir ki, bizim “dəyişdirdiyimiz” mədəniyyət Avropanın da vaxtilə “dəyişdirmiş” olduğu orta əsrlər mədəniyyətidir. “Almaqda” olduğumuz mədəniyyət də Qərb mədəniyyəti deyil, müasir bir mədəniyyətdir.
“Biz Şərqi atıb Qərbi almayırıq. Qərbin vaxtilə etdiyi kimi Şərq də orta əsrlər düşüncə və şərtlərindən müasir düşüncə və şərtlərinə doğru yüksəlir. Bugünkü Şərqdə görülən inqilablar bir meyil etmənin deyil, bir inkişafın əsəridir” (Rəsulzadə M.Ə. Yanlış termin kullanmiyalım / “Mədəniyyət dünyası”, IV buraxılış, Bakı: ADMİU, 2002, s.3-4.) deyən M.Ə.Rəsulzadənin gəldiyi qənaətə görə, şərqli bir millətçinin müxtəlif tarixi səbəblərlə geri qalmış Vətənini çağdaş mədəniyyət səviyyəsinə çatdırmaq uğrundakı əzminə “şərqliliyi atır, qərbliliyi alırıq” deyə bilməz. Deyərsə, yanlışlığa yol vermiş olar. Bu yanlışlığa görə o, “xətti zatında millətçi bir iş yaparkən millətə aid özəlliklərə arxa çevirmiş bir insan durumuna düşməklə ittiham oluna bilər”. M.Ə.Rəsulzadə diqqəti bir daha Şərq-Qərb mədəniyyətlərinin coğrafi mənalarla izah edilməsinin yanlış olduğu məntiqinə yönəldərək yazırdı: “Məsələn, Şərq deyirik. Yaponiyanı nəzərdə tutmuruq. Qərb dedikdə İspaniyanı düşünmədiyimiz kimi…” (Rəsulzadə M.Ə. Yanlış termin kullanmiyalım / “Mədəniyyət dünyası”, IV buraxılış, Bakı: ADMİU, 2002, s.3-4.). O, bir çox əsərində müasir dünya mədəniyyətini mənimsəmək təcrübəsində Yaponiyanı nümunə olaraq göstərmişdir. “Dünya mədəniyyətini Şərqə və Qərbə ayırmadan üfüqi deyil, şaquli ayrılıqlardan bəhs etmək daha doğru və daha məntiqidir” fikrində olan M.Ə.Rəsulzadə vaxtilə Yaponiyanın müasirləşmə sahəsində qazandığı uğuru modern inkişaf yolu tutmuş Türkiyənin də təkrarlamağa çalışdığını nəzərdə tutaraq yazırdı: “Millətçi Türkiyə bugünkü gənc şərqlilərə örnək olaraq yapdığı inqilab həmləsi ilə Şərqdən sıyrılıb Qərbə qatılmayır; geri orta əsrlər səviyyəsindən çıxaraq mütərəqqi səviyyəyə yüksəlir” (Rəsulzadə M.Ə. Yanlış termin kullanmiyalım / “Mədəniyyət dünyası”, IV buraxılış, Bakı: ADMİU, 2002, s.3-4.). Cümhuriyyət liderinin digər bir fikri də siyasətlə mədəniyyətin qarşılıqlı təsirlənmələri üçün etalon hesab edilməlidir. İdarəçilik sahəsində qazanılmış meyarları elm ölçüsü ilə dəyərləndirərək cəmiyyətin nizamını ona görə qurmağın “ictimai bir ideal” olmasını zəruri sayan M.Ə.Rəsulzadə “Elm və siyasət” məqaləsində bildirirdi: “Mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir” (Resulzade M.E. Milli Tesanud. Ankara: Kardeş matbaası, 1978, 142 s.). M.Ə.Rəsulzadənin elm, siyasət və mədəniyyətin hansı məqsədə xidmət etməli olduğunu aydın göstərən bu düsturuna görə, yalnız dünya gücləri tərəfindən tətbiqini tapdığı təqdirdə insanlığın perspektivlərinə nikbin baxıla bilər. Mədəni dünyanın da qənaəti budur ki, bəşəriyyətin mənəvi-əxlaqi dəyərləri aşınmalardan qorunmalı və bu dəyərlər insanlığın mənfi təzahürlərindən özünümüdafiə vasitəsinə çevrilməlidir. Yalnız birgə səmərəli fəaliyyət nəticəsində dünyanın mədəni ekzotikasını, mədəni müxtəlifliyi və insanlığın təminatlı gələcəyini mühafizə etmək mümkündür.
M.Ə.Rəsulzadənin baxışlarına görə, nə millət keyfiyyətinə layiq bir cəmiyyət olmadan milli mədəniyyət, nə də bundan məhrum olan millət var ola bilər. Millət olma keyfiyyəti baxımından bir cəmiyyət, ilk növbədə, milli-mədəni birliyin məhsuludur. Bunun üçün, hər şeydən öncə, dövlət, parlament, hökumət səviyyəsində “millət” və “milli mədəniyyət” zərurətinin dərk edilməsi lazımdır. M.Ə.Rəsulzadənin qənaətincə: “milli dövlət mədəniyyət yaradıcılığının ən yüksək şəklidir”, “mədəniyyət nizamının ən yüksək təzahürü dövlət nizamıdır”, “millətsiz dövlət olmadığı kimi, dövlətsiz millət də hələ millət deyil, toplumdur”. Bu mənada Azərbaycan Cümhuriyyəti xalqın azadlıq hərəkatı tarixində dərin iz qoyaraq sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə xalqın azadlıq ideallarını, müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
M.Ə.Rəsulzadə üçün milli dövlətin başlıca ölçüsü və meyarı milli mədəniyyətdir. Azərbaycanın milli dövlətçilik təcrübəsi də təsdiqlədi ki, mədəniyyət bir millətin ortaq düşüncəsini və kimliyini təşkil edən maddi-mənəvi dəyərlərin sintezidir. Bir millətin mədəniyyəti onun keçmişindən süzülüb gələn maddi və mənəvi dəyərlərin cəmi olmaqla zaman daxilində özünəxas duyğu, düşüncə və ifadə tərzi ilə ortaya çıxmaqdadır. Sağlam bir cəmiyyət milli-tarixi düşüncəyə sahib, keçmişi ilə qürur duyan, gələcəyinə inam və ümidlə baxan bir cəmiyyətdir.
M.Ə.Rəsulzadənin istiqlal məfkurəsinin reallaşması sübut etdi ki, dünya millətlərinin müxtəlif mədəniyyətləri arasında Azərbaycan xalqının da özünəməxsus, köklü və zəngin milli mədəniyyəti böyük önəm daşıyır. Bu mədəniyyət türklüyün doğuşu ilə başlamış, zamanla inkişaf edərək min illərlə türk toplumlarını millət olaraq mühafizə etmişdir.
Mədəniyyətdə müasirləşmə problemi ilə bağlı mühafizəkarlar və qərbçilərin baxışlarından fərqli olaraq M.Ə.Rəsulzadə bu fikirdə idi ki, elmi-texniki tərəqqinin nailiyyətləri, mədəni yeniliklər mənimsənilməli, ruhi-mənəvi dəyərlər mühafizə edilməlidir. Əslində, M.Ə.Rəsulzadə mədəniyyətləri coğrafi məkanları ilə adlandırmağın əleyhinə çıxaraq vahid bir dünya mədəniyyətindən söz açmağı məntiqli bilmişdir. Problemə bu günün elmi-tənqidi fikri ilə yanaşarkən və qaçılmaz bir gerçəkliyə çevrilmiş mədəni inteqrasiya meyarlarından çıxış edərkən M.Ə.Rəsulzadənin mövqeyi praktiki baxımdan özünü daha çox təsdiqləyir və onun “Dünya mədəniyyəti bir bütündür” qənaəti müasir kulturoloji fikirdə də təqdir edilir.