Uzaqlarda bir cüt göz
1920-ci ilin yanvar ayı… Sabunçu vağzalında getdikcə artan, artdıqca da qatarın fit səsinə qoşularaq gurultu qoparan səs-küyünün içində bir cüt göz pəncərədən yerdəkilərə əl yellədən gənclərə zillənmişdi. Əslində, 100 nəfər olmalı idilər. Amma heyf ki, aralarından Miryusif adlı bir gənc bu səfər başlamadan dünyasını dəyişdi. Amma onları – əcnəbi məmləkətdə oxumağa gedəcək 99 tələbəni gecikmədən yola salmaq lazım idi. Axı onlara həddindən artıq böyük ümidlər bəslənirdi və cəmi bir il yarım bundan əvvəl yaranan və ilk gündən indiyədək olmazın əzab-əziyyətlə xeyli işlər görməyi bacaran bu gənc dövlət üçün lazımı kadr olaraq qayıtmalı idilər.
Qatar pəncərələrinə zillənmiş bir cüt gözdə bayaqdan qalaqlanmış kədərin qonşuluğunda xəfifcə gülümsəmə də yarandı. Bəli, o gəlmişdi. Ola bilməzdi ki, gəlməsin! Gəldi və min bir əziyyət hesabına xarici ölkələrə göndərdikləri tələbələrə tarixi xitabını etdi, özünün öyüd-nəsihətini də verdi. Yarı zarafat-yarı gerçək dedi ki, nə edirsiniz edin, amma bura əcnəbi gəlinlərlə dönməyin…
Təbii ki, qısa ömürlərinin ən xoş günlərindən birini yaşayan, bəlkə, hələ də nələrin baş verdiyini tam anlamayan bu gənclər onun sözlərini gülüşlə qarşılamış, xoş bir zarafat kimi qəbul etmişdilər. Amma o, yəni Məhəmməd Əmin Rəsulzadə də, məhz Rəsulzadə idi… Heyrətamiz təhlil və proqnozlaşdırma qabiliyyətinə, şəxsiyyət və cəmiyyətin psixoloji alt qatına ustacasına bələd olan şəxs kimi nə dediyini də əla bilirdi. Amma… Sonradan bu talehsiz tələbələrin getdikləri ölkədə başlarına o qədər olmazın müsibətlər gəldi ki, çoxunun heç evlənmək belə yadına düşmədi…
Qatar Sabunçu vağzalından uzaqlaşaraq gözdən itdi. Özü ilə birlikdə bayaqkı səs-küyü, pəncərələrdən çöldəki qohumlarına “bizdən nigaran qalmayın”, “salamat qal” kimi sözlər deyən tələbələrin də qışqırtılarını özü ilə apardı. Məhəmməd Əmin isə elə hey, o qatarın getdiyi uzaqlıqlara baxırdı. Kim bilir, bundan sonrası necə olacaqdı? Dövlətdən alacaqları təqaüd hesabına qürbət diyarlarda təhsil alıb, ixtisaslaşan bu gənclər bərkdən-boşdan çıxacaqlarmı? Suallar çox idi… Gənc dövlətin təhsil, maariflə bağlı atdığı addımları hər zaman dəstəkləyər, özü də bir müəllim olduğu üçün canı-qəlbdən müzakirələrə qoşular, Milli Şuranın iclaslarında maariflə bağlı bütün müzakirələrin aparıcı qüvvəsi olardı. Elə az öncə yola saldıqları gənclərin başqa ölkələrdə təhsil alması ilə bağlı qərarın verilməsində, darülfünun və məktəblərin tikilməsi ilə bağlı qızğın müzakirələri xatırlayır, dodağında xəfif gülümsəmə yaranırdı…
Gəncliyə xitab və tələbələrin andı
Sabunçu vağzalında gəncləri Batuma yola salarkən onlara etdiyi xitab hamı tərəfindən alqışlarla qarşılandı:
“Ey Gənclik! Ey Türk gəncliyi!
Sənin öhdəndə böyük bir vəzifə var!
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz!
Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan”.
Bu xitabdan coşan tələbələr isə borclu qalmayıb, Azərbaycanın təhsil tarixi üçün misilsiz bir iş gördülər: Tələbə andını bir ağızdan səsləndirdilər:
“Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun”.
Məhəmməd Əmin tələbələr andı səsləndirəndə necə kövrəlmişdisə, indi də o hissləri yaşadı və bir az əvvəlki səs-küyündən əsər əlamət qalmayan vağzaldan uzaqlaşdı…
Qatar isə gedirdi… Onların bir çoxunu bir daha Vətənə qaytarmayacaq qatar… O Batuma, oradan isə Parisə gedəcəkdi. Oradan tələbələri oxuyacaqları ölkələrə görə qruplara böləcək və Avropanın müxtəlif məmləkətlərinə yola salacaqdılar.
Qeyd: Onları bir-bir Məhəmməd Əmin elə özü seçmişdi. Daha doğrusu, sırf bu məqsədlə Xalq Maarif Nazirliyinin yanında yaradılan komissiyanın sədri olaraq seçimlərdə kifayət qədər diqqətli olmağa çalışmışdı. Komissiyanın digər üzvlərinin də – Əhməd bəy Pepinov, Qara bəy Qarabəyli, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadənin diqqətlə seçdiyi tələbələrdən 10 nəfərinin İngiltərəyə, 23 nəfərinin İtaliyaya, 45 nəfərinin Fransaya, 9 nəfərinin Türkiyəyə göndərilməsi nəzərdə tutulurdu. Nəticədə isə Xalq Maarifi Nazirliyi tərəfındən xaricə göndərilən tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 nəfərinə Fransanın, 4 nəfərinə İtaliyanın, 1 nəfərinə İngiltərənin, 6 nəfərinə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barədə rəsmi sənəd verildi. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Rusiyada vətəndaş müharibəsi ilə əlaqədar yaranmış şəraitə görə oraya tələbə göndərmək mümkün olmamışdı.
Təhsil islahatları
Tələbələri böyük ümidlərlə Batuma yola salan Rəsulzadə vağzaldan çoxdan ayrılsa da, düşüncəsi hələ də gənclərin yanında qalmaqda idi. Yeni yaradılan Azərbaycan Dövlət Universitetində özü də müəllim olaraq çalışırdı; cəmi üç fakültəsi olan darülfünunda Osmanlı ədəbiyyatını tədris edirdi. Bu ali təhsil ocağının yaradılmasında xeyli əziyyət çəkmişdi.
Ümumiyyətlə, “Həqiqətən də, biz yoxdan bir bayraq var etdik” söyləyən Rəsulzadənin Azərbaycan Cümhuriyyətinin yaranması haqqında danışarkən səsləndirdiyi fikir dövlətin çox qısa, 23 aylıq ömrü müddətində onu var edən ziyalı kəsiminin yaddaşından heç zaman silinmədi. Onlar anlayırdılar ki, yeni yaranan və dayaq nöqtəsi olmayan gənc dövləti saxlamaq üçün əsas meyarlar elm və mədəniyyətdir. Yalnız bu iki məfhumun formalaşdırdığı düşüncəli insan, ziyalı qrupu sonradan dövlətin əsas təhlükəsizlik qarantı olacaq. Fakt olaraq o da məlum idi ki, bu dövləti quranların hamısı Rusiya və Avropanın ayrı-ayrı universitetlərində təhsil alıb. Odur ki, yeni qüvvələr yerli ocaqda yetişməli idi.
Onun rəhbərlik etdiyi gənc dövlət özünün iyirmi üç aylıq fəaliyyətinin on ayı ərzində gərgin mübahisə və müzakirələrdən sonra, bəlkə də, ən böyük arzusu – müstəqil dövlətin müstəqil ali təhsil ocağını – Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) yaratmağa nail oldu. Bu o qədər vacib bir hadisə idi ki, zaman-zaman həm rus, həm erməni qüvvələri onun yaranmasına maneə törətmişdilər. Çünki onlar da yeni təfəkkür qoşunun yaranmasını və onlara qarşı ziya silahı ilə vuruşmalarını istəmirdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Razumovski, eləcə də başqalarının səyi nəticəsində axır ki, XX əsrin Şərqi üçün bir elm məşəli – Azərbaycan Dövlət Universiteti yarandı.
1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ilk universitetin açılması haqqında qanun qəbul etdi. “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri. Qanunun onuncu maddəsində, Bakı şəhərində Dövlət Universitetinin 1919-cu il sentyabrın 1-dən açılması qeyd olunurdu. Məhəmməd Əmin Cümhuriyyət parlamentində universitetin yaradılmasına qarşı çıxanlarla necə mübarizə apardığını, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Pepinov, Şəfi bəy kimi fədakarlarla birlikdə onlara necə qarşı gəldiklərini bu gün xoş xatirə kimi xatırlayırdı.
Məhəmməd Əmin elə günü sabah yenidən Cümhuriyyət parlamentinin düz yanında yerləşən darülfünundə yolunu gözləyən tələbələrinə Osmanlı ədəbiyyatından mühazirə oxuyacaqdı. Maarif işi ona təkcə bu səbəbə görə doğma deyildi. Hələ gənc ikən dövrünün mətbu orqanlarına, əsasən də “Açıq söz” qəzetinə maarif məsələləri ilə bağlı çox qiymətli məqalələr yazar, pedaqoji dünyagörüşünü orada tam əks etdirmiş olardı.
Məsələn, “Açıq söz” qəzetində çap olunan “Məktəb və mədrəsə” məqaləsində maariflə bağlı xeyli vacib məqamlara toxunmuşdu:
“Gərək məktəblərdə və mədrəsələrdə tədrisat əsasən türkcə olmalıdır. Türkcənin özünə olduqca böyük bir əhəmiyyət verilməklə bərabər bütün dərslər də türkcə oxunmalıdır. Rusca, farsca və ərəbcə isə ayrı dərs olaraq oxutdurulmalıdır.
Gərək məktəblərin və gərək mədrəsələrin idarəsi cəhətinə gəldikdə başqa cür düşüncə və təsəvvürə qətiyyən meydan vermək millətin həqiqi mənfəətlərinə müvafiq gəlməz. Bu kimi məktəblərin hər bir idarəsi idareyi-ruhaniyyələrə aid olmalıdır. Rudolf tərəfindən təklif olunduğu kimi maarif nəzarəti müdaxiləsinə qətiyyən ehtiyac yoxdur. Bu vaxta qədər davam edən imtiyaz bizi böylə bir nəzarətdən müstəcni ediyor. Öz əlimizlə bu istiqlalımızdan əl çəkməmiz də zərərdən başqa heç bir faidə təsəvvür oluna bilməz.
Bittəb məarif nəzarətinin tabeətindən kənar olsun deməklə, biz məktəb və mədrəsələrin tamamilə hökumət nəzarətindən azad qalmasını istəmiyoruz”. (Qeyd: məqalədən verilmiş parçada müəllifin nitqi qorunub saxlanılmışdır – red.)
Nədənsə onun maarif ovqatı bu gün də daha bir “döyüşünü” yada saldı. İllərlə qəzet səhifələrdə yazdığı bir məsələni – ana dilində dərslikləri, nəhayət ki, Cümhuriyyət dövründə rəsmiləşdirdi. Firudin bəy Köçərli, Abdulla Şaiq, Abbas Səhhət kimi maarifçilər ana dilində dərsliklər yazıb ortalığa qoydular.
O “qatar”ın aqibəti…
Rəsulzadə həmin gün gələcək adına çox sevincli idi. Amma səd-heyf… Nə o, nə də hələ Batum yolunu yarı etməmiş tələbələr acı gələcəkdən xəbərsiz idilər.
Qarşıdan ağır illər gələcəkdi. Cümhuriyyətin tez bir zamanda bolşevik istilaçıları tərəfindən işğal edilməsi bir çox böyük arzular kimi bunu da yarımçıq qoydu. 1920-ci ilin aprelində süquta uğrayan hökumətin 100 tələbəsi taleyin ümidinə qaldı. Çətinliklər bundan sonra başlayacaqdı.
Azərbaycan Cümhuriyyəti Hökumətinin belə diqqətlə seçərək böyük ümidlərlə xarici ölkələrin ali məktəblərinə yola saldığı bu tələbələrin taleyi Aprel işğalından (1920) sonra çox acınacaqlı oldu. Ölkənin bolşevikləşdirilməsi nəticəsində vəziyyət kəskin şəkildə dəyişdi. Tələbələrə pul göndərilmədi. Onlar bu barədə Nəriman Nərimanova müraciət etdilər. Azərbaycan İnqilab Komitəsinin 1920 il avqustun 9-da Nəriman Nərimanovun şəxsi təşəbbüsü və sədrliyi ilə keçirilən iclasında keçmiş Azərbaycan Hökumətinin xaricə göndərdiyi tələbələrin təhsillərini başa vurması üçün vəsait buraxılması və ümumiyyətlə, onlara maddi yardım göstərilməsi məsələsi müzakirə edilərək, müsbət qərar qəbul olundu və xaricdə oxuyan tələbələrə lazımi maddi kömək göstərilməsi yollarının müəyyənləşdirilməsi və göndərilməsi məsələlərinin həlli xalq maarifi və xalq xarici işlər komissarlıqlarına tapşırıldı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri kimi Nəriman Nərimanov xaricdə təhsil alan azərbaycanlı tələbələrə yardımın davam etdirilməsi haqqında xüsusi qərar imzaladı. Nəriman Nərimanov hələ 1919-cu ildən xaricdə oxuyan azərbaycanlı tələbələrin işi ilə məşğul olan Bəhram Axundovu 1921-ci il iyunun 18-də xaricdə oxuyan azərbaycanlı tələbələrin işləri üzrə xüsusi müvəkkil təyin etdi. Həmin il iyulun əvvəllərində B.Axundov xaricdə oxuyan azərbaycanlı tələbələrin maddi vəziyyətini öyrənmək və onlara əməli köməklik göstərmək üçün azərbaycanlı tələbələrin oxuduğu Qərbi Avropa ölkələrinin paytaxtlarına ezam olundu. O bütün maneələri dəf edərək, yalnız həmin il oktyabrın axırlarında Parisə gəlib çata bildi. 1922-ci ilin yanvarına qədər Paris, Berlin və Avropanın digər şəhərlərinə səfər edən B.Axundov Fransanın müxtəlif məktəblərində 28, Almaniyanın ali məktəblərində 49, İtaliyada 3 nəfər tələbənin oxuduğunu müəyyənləşdirdi. Bakıya qayıtdıqdan sonra, o, 1922-ci il martın 2-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun adına əhatəli hesabat təqdim etdi.
Bundan sonra gözlər Nərimanovda idi. O, 100 tələbənin taleyini həll edəcək qərar verməli olacaqdı.
“Azərbaycan tarixi” yeddi cildliyinin Cümhuriyyətə həsr olunan sonuncu cildində bu barədə oxuyuruq:
“Bu hesabat əsasında Nəriman Nərimanovun şəxsi göstərişi ilə xaricdə oxuyan tələbələrə təhsillərini müvəffəqiyyətlə davam etdirmələri üçün lazımi şərait yaradılması tapşırıldı. 1922-ci ilin sonlarında Nəriman Nərimanov Moskvaya təyinat aldıqdan sonra, xaricdə oxuyan tələbələrə münasibət yenidən dəyişdi. Xaricdə oxuyan tələbələr “sədaqətli” və “sədaqətsiz” adı ilə iki qismə bölündü. Onlara münasibət də bu yöndə quruldu. Nəticədə, təhsil haqqını ödəyə bilməyən tələbələrdən gündəlik çörəyə möhtac qalaraq, ən ağır şəraitdə işləmək məcburiyyətində qalanlar, həbsxanalara düşənlər, hətta böhranlı vəziyyətdən çıxış yolu tapmayaraq intihar edənlər də oldu. Çox çətinliklə təhsilini başa çatdırıb, yüksək ixtisaslı mütəxəssislər kimi vətənə qayıdan tələbələrin əksəriyyəti isə sonralar “qırmızı terror”un qurbanı oldular”.
Amma bunlar hələ çox da uzaq olmayan gələcəkdə yaşanacaqdı. 1920-ci ilin soyuq yanvar günündə isə 99 gənc dünyaya sığmayan sevinc içində Batum yoluna varmaq, oradan isə Avropaya getməyi düşünürdülər. Amma bir məsələni unutmuşdular: harada olmalarından asılı olmayaraq bir cüt kədərli göz onları hər zaman və hər yerdə izləyəcəkdi… Ümid qarışıq kədər içində…
Ardı var…
Qeyd: Yazıda aşağıdakı ədəbiyyatlardan istifadə edilib:
1) Ədalət Tahirzadə, Ərtoğrul Tahirzadə: “Azərbaycan Cümhuriyyəti tələbələri”;
2) Nəsiman Yaqublu: “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”;
3) Azərbaycan Cümhuriyyəti Ensiklopediyası;
4) Manaf Süleymanov: “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”.