Almaniya Federal hökumətinin bu günlərdə sığınmacıların qarşısını almaq və nəzarət üçün sərhəd polisini silahlandırıb nəzarəti ciddiləşdirməsi həm qonşu ölkələrdə (Avstriya, Polşa), həm də potensial sığınmacılar nəzdində etiraza səbəb olub. Bu addım Almaniya kimi II Dünya müharibəsindən sonra liberal prinsipləri rəhbər tutmuş ölkə üçün inqilabi bir qərar olduğu qədər Avropa üçün də qaçılmaz bir addımdır! Nizamı toxunulmaz və əlçatan olmayan Avropa qitəsi də nəhayət artan təhdiddən payını almağa başladı. Bu səbəblədir ki, millətçilik qitədə sağ partiyaların iqtidara gəlməsi, yaxud iqtidarların diskurslarının təsiri vasitəsilə siyasətin gündəliyini müəyyən etməyə başlayıb. Millətçiliyin artan təsiri millətçiliyin Avropadakı akademik dəhlizlərində təkrar yüksək səslə müzakirəsinə gətirib çıxardı. Bu mənə yaxın günlərdə baş tutan bir konfransı xatırlatdı.
Belə ki, 1989-cu ildən bəridir Birləşmiş Krallıqda diplomunun prestiji ilə məşhur London İqtisadiyyat Məktəbinin nəzdində fəaliyyət göstərən “Etniklik və Millətçiliyin Tədqiqi Assosiasiyası” (The Association for the Study of Ethnicity and Nationalism – ASEN) bu il 34-cüsünü təşkil etdikləri konfransın ana temasını “millətçilik və sərhəd” olaraq müəyyən etmişdilər. Hətta tələsik hazırlayıb göndərdiyim məruzəm də artan maraqdan ötrü qəbul edilməmişdi. Yəni qlobal olaraq bir təhdidə çevrilən köç və texnoloji inkişafın dövlətlərin fiziki varlığını, avtoritetini təhdid etməsi sərhəd anlayışını millətçiliyin ana məsələsinə çevirmişdir. Qısası artıq dövlətlərarası münasibət köç və süni zəka çərçivəsində həll olunur.
Əvvəlcə sərhəd anlayışının nə üçün əhəmiyyətli olduğuna nəzər yetirək.
Alman mütəfəkkir Karl Şmitt modern inqilabın məkan əsaslı olduğunu yazırdı. Şmitt fikrində haqsız da deyil. Belə ki, modern siyasi fəlsəfənin ilk müəllifləri olan Tomas Hobbs və Con Bodin əsərlərində ancaq sərhədləri müəyyən bir torpaqda mümkün olacaq suverenliyi modern dövlət üçün əsas prioritet olaraq müəyyən etmişdilər. Beləliklə sərhədlərdə hakimiyyətin təsisi milli suverenliyin ilkin şərti olaraq müyyən edildi və əsası Vestfaliya və Vyanada müəyyən edilən beynəlxalq hüquq bu prinsipi dəstəklədi. Tədricən liberalizmin qurucu atası Con Lokk “Hökumət haqqında iki traktat” əsərində məkan anlayışını ictimai müqavilə formatında yazmışdır.
Ancaq texnoloji inkişaf və qlobal təhdidə çevrilən köç milli-dövlətlərin sərhəd hakimiyyətini, beləliklə milli suverenliklərinin funksionallığını ortadan qaldırmağa başladı. Təhdidlər suverenliyi ortadan qaldırmasa da, onun milli formasını ortadan qaldırmaqdadır.
Köçün sərhəd anlayışını təhdid etdiyinə dair ən yaxın nümunə Türkiyədir. Belə ki, Türkiyənin qonşu olduğu Yaxın Şərq coğrafiyasında baş verən münaqişələr, vətəndaş müharibələri başda suriyalılar olmaqla milyonlarla qaçqının sərhədlərdən daxil olmasını qaçılmaz etdi. Beləliklə, Türkiyənin klassik milli dövlət funskiyasında ciddi dəyişikliklər də qaçılmaz oldu.
Suverenliyin əsas simvolu olan sərhəddə hakimiyyət pozulduqca dövlət mərkəzli millətçiliyi hesaba almayan radikal millətçiliklər (radikal sağ – far-right) yüksəlməyə, nəticədə köçə məruz qalan ölkələrdə daxili sabitlik pozulmağa başlayır. Beləliklə, artıq qlobal olaraq sağ iqtidarların qaçılmaz hegemoniyası reallaşmaqdadır. Amerika Birləşmiş Ştatlarından tutmuş Birləşmiş Krallığın köçlə bağlı aldıqları qərarları cəmiyyətə satmağa çalışan Baş nazirlik ofisi daxil olmaqla sağın qlobal hakimiyyəti artıq güc başındadır. Bu isə öz növbəsində münaqişəli məsələlərlə bağlı qərarların veriləcəyini deməyə əsas verir.