Təhsil özündə müxətlif elementləri birləşdirən və həyat boyu davam edən özünəməxsus bir prosesdir. Ailədə başlayan təhsil məktəblə davam edir, daha sonra sosial və mədəni yönləri ilə ömrümüz boyu müxtəlif formalarda həyatımızın bir parçasına çevrilmiş olur. Bu cür düşünəndə Con Dyuinin “təhsil həyata hazırlıq deyil, həyatın özüdür” fikri özünü tamamilə doğruldur.
Təhsilin məqsədi insanın özünü təkmilləşdirməsi, təcrübə qazanması, yaşadığı cəmiyyətə faydalı, məsuliyyətli şəxsiyyət kimi yetişməsidir. Keyfiyyətli təhsilin həyata keçirilməsi üçün ilk növbədə müəllim amilinə, onun hazırlığına xüsusi diqqət etmək lazımdır. Müəllim peşəsinin öyrətməklə paralel davamlı olaraq öyrənmək özəlliyinin də olduğu nəzərə alınmalı və dəstəklənməlidir. Çünki müəllimin daima inkişafa, yenilənməyə ehtiyacı var. Buna görə də müəllim hazırlığı ilə məşğul olan müəssisələrin proqram və metodları bu sahədə aparılan ən müasir beynəlxalq tədqiqatlara və təcrübələrə uyğun hazırlanmalıdır. Müəllimlər cəmiyyətin əsas aparıcı elementləri rolunu oynayırlar. Təhsil prosesində müəllimi əvəz edə biləcək başqa bir alternativ yoxdur. O, müasir dünyanın tələb etdiyi metod və bacarıqlara sahib, lider, rəhbər, siyasətçi kimi özəllikləri özündə formalaşdırmalıdır. Bu mənada öz təhsil sistemlərinin əsasını yüksək bacarıq və keyfiyyətə malik müəllim ordusu üzərində qurmayan ölkələrin gələcəyi haqqında düşünmək yersiz olar.
Dünya ölkələri beynəlxalq qiymətləndirmə proqramlarında göstərdikləri nəticələrə görə, təhsil sistemlərini davamlı olaraq yeniləyir və keyfiyyəti artıran amillərin nələr ola biləcəyi ilə bağlı ciddi araşdırmalar aparırlar. Müxtəlif beynəlxalq araşdırmalara nəzər saldıqda görürük ki, təhsildə uğur qazanmağın ilk şərti keyfiyyətli müəllim amilidir.
Bu yazıda öz təhsil sistemi ilə dünya ölkələri arasında liderliyə sahib olan Sinqapurun müəllim hazırlığı cəhətdən atdığı addımlara nəzər salmağa çalışacağıq. “Beynəlxalq qiymətləndirmələrin, o cümlədən də PISA 2022-nin hesabatı göstərir ki, sinqapurlu şagirdlər riyaziyyat, oxu və təbiət elmləri üzrə dünya ölkələri arasında ən yüksək nəticəyə malikdirlər. Bu ölkənin təhsil sistemi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən son illər dünyanın ən yaxşı təhsil sistemi kimi ön sıralarda yer almağı bacarmışdır” (“Təhsildə Sinqapur zirvəsi”, “Azərbaycan müəllimi” qəzeti).
Bütün nailiyyət əldə etmiş təhsil sistemləri kimi Sinqapur təhsil sisteminin də uğurunda müəllimlərin rolu böyükdür. Belə ki, müəllim seçimi, onların aldıqları təhsilin keyfiyyəti, yeni işə qəbul olmuş müəllimlərin inkişafının davamlı monitorinqi və məktəb rəhbərlərinin bu sahədə atdıqları addımlar Sinqapur təhsil sisteminin qabaqcıl sistemlər arasında öndə olmasını təmin edən amillərdəndir.
Sinqapurda ən çox seçilən peşələrdən biri müəllimlik peşəsi olduğu üçün müəllim seçimində müxtəlif mərhələli qiymətləndirmə üsullarından istifadə edilir. Tətbiq olunan bu metodlar Sinqapur cəmiyyətində müəllim olmaq istəyən şəxslərin bir çox meyarlara cavab verməli olduğunu və müəllim seçimində nə qədər həssas olduqlarını ortaya qoyur. Belə ki, müəllim olmaq üçün müraciət edənlər arasından ən uğurlu olan namizədlər seçilir. Sinqapurda istər ibtidai sinif müəllimi, istərsə də orta məktəb müəllimi olmaq üçün müxtəlif imtahanlar vasitəsilə göstərilməli olan nəticə və tələblər var. İmtahan nəticələri tələb olunan səviyyəni keçmiş namizədlərlə müsahibələr təşkil olunur. Bu müsahibələrdə məktəb rəhbərləri də iştirak edir və namizədlərin peşəkarlıq səviyyəsi, müəllimlik peşəsinə olan marağı, həmçinin effektiv ünsiyyət qurma qabiliyyətinə baxılır. Eyni zamanda namizədlərin ingilis dili biliyinin olması tələblər arasında yer almaqdadır. Müəllim olmaq üçün müraciət edən namizədlər bütün mərhələlərdən uğurla keçdikdən sonra Milli Təhsil İnstitutunda işə başlayırlar.
Sinqapurda müəllimlik peşəsinə olan marağı artırmaq və istedadlı gəncləri bu peşəyə həvəsləndirmək üçün dövlət müəllimlik ixtisasında təhsil alan tələbələrə təhsillərinin ilk 2 ili üçün əlavə təqaüd verir. Burada məqsəd müəllim ixtisasını seçən tələbələrin təhsil aldıqları müddətdə xərclərini qarşılamaq və diqqətlərini yalnız təhsilə yönəltmələrini təmin etməkdir. Dövlətin bu sahədə göstərdiyi həssaslıq müəllim hazırlığı prosesinə nə qədər önəm verildiyinin göstəricisidir.
Sinqapurda gələcək müəllimlər üçün təcrübə prosesində iştirak icbaridir. Təcrübə dövründə müəllimlər əvvəlcə təyinatları verilmiş məktəblərdə dərsləri müşahidə edir, daha sonra dərs prosesində aktiv şəkildə iştirak edirlər. Bundan başqa, universitetlər pedoqoji yönümlü ixtisaslarda təhsil alan tələbələr üçün xaricdə təcrübə keçmək imkanları da təklif edirlər. Gələcək müəllimlər Amerika və Avropanın qabaqcıl ölkələrində 5 həftəlik beynəlxalq təcrübə keçmək imkanı əldə edirlər ki, bu da həmin müəllim namizədlərin müxtəlif coğrafiyalarda fərqli mədəniyyətlərlə tanış olmaq, o cümlədən öz dünyagörüşlərini inkişaf etdirmək fürsəti verir.
Beləliklə ali təhsil pilləsini müvəffəqiyyətlə başa vuran müəllimlərin təyinatı Sinqapur Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Sinqapurlu müəllimlərin iş tapmamaq kimi bir qayğıları yoxdur. Bu məsələdə Milli Təhsil İnstitutu və Sinqapur Təhsil Nazirliyi birgə çalışırlar. Qeyd etmək yerinə düşər ki, müəllimlərin işlə təmin olunması zamanı heç bir imatahan həyata keçirilmir.