1955-ci il… Ankara… Deyilənlərə görə, şəkər xəstəliyindən ciddi əziyyət çəkən Məhəmməd Əmin son vaxtlar dolanmaq üçün məcburən çalışdığı yerə də artıq çox çətinliklə gedirdi. Amma nə etməli? Cəmi 150 lirə müqabilində Ankara Milli Kitabxanasında məmur kimi işləyir, həm də çox sevdiyi kitablarla yenidən ünsiyyətdə olmaq imkanı qazanırdı. Üstəlik, başqa cür mümkün də deyildi. Ankarada Qızıl Ay deyilən ərazidə, Sakariyyə caddəsində həyat yoldaşı Leyla ilə birlikdə yaşadıqları yarızirzəmi bir ev üçün də 40-50 lirə aralığında kirayə pulu ödəyirdilər.
O qədər də uzun olmayan həyatında yaşadığı sarsıntılar, aldığı mənəvi yaralar, ailə həsrəti onu lap əldən salmış, şəkər xəstəliyi özünün pik səviyyəsinə çatmışdı. Cəmi bir dəmir çarpayı, iki kreslo və masadan ibarət olan çox kasıb mənzillərində onu həyatda saxlayan ən vacib səbəb ömrünü xərclədiyi Azərbaycan davası idi. İndi də nəyəsə inanırdı. İnanırdı ki, vaxtilə salonları coşduran ifadəsi – “bir kərə yüksələn bayraq bir daha enməz” şüarı bu gün də öz təsirini davam etdirməkdədir və nə vaxtsa gerçək həllini tapacaq…
Polyak xanımı Vanda (sonradan adını dəyişərək Leyla oldu) onu bu ağır günlərdə xüsusilə qoruyur, pəhriz saxlamasına diqqət edirdi.
Elə Məhəmməd Əminin özü də son zamanlar evdən çox çıxmazdı. Ən çox getdiyi yerlərdən biri Azərbaycan Kültür Dərnəyi idi. O bu kültür dərnəyini 1920-ci ildə qurmuşdu. Artıq o vaxtdan 35 il keçmişdi. Amma xarakterinin tələbincə yenə də boş oturmur, mərkəzin fəaliyyətini yenidən quraraq gəncləri ora cəlb edirdi. Sonradan bərpa olunan bu mərkəzdən Məhəmməd Kəngərli, Əhməd Qaraca kimi gənclər çıxdı.
İşlədiyi milli kitabxanada isə tez-tez ötən günləri düşünər, yazdığı kitabları, buraxdığı dərgiləri göz önünə gətirərdi. Heç vaxt unutmadığı hadisə isə “Əsrimizin Siyavuşu” əsərini Lahıcda yazması oldu. O, təqib olunurdu və özünü qorumağa məcbur idi. Lakin mənfur xislətli insanlar yenə iş başına keçmiş, Lahıcda sığındığı evin yerini kimlərəsə xoş gəlmək üçün nişan vermişdilər. Əsəri isə birtəhər qoruya bilmişdi. İndi o hadisələrin üzərindən çox keçib. Son günlər isə nədənsə maarif, məktəb məsələləri, bu istiqamətdə apardığı mübarizələr, təhsilin əhəmiyyəti ilə bağlı yazdığı, səsləndirdiyi fikirlər gözlərinin önündən keçib getmirdi:
1919-cu il, 12 may… Azərbaycan Cümhuriyyəti özünün həssas çağlarını yaşayır. Heç bir il deyil ki, dövlət qurulub. Görüləsi işlər isə saysız-hesabsız. Və budur… Cümhuriyyət parlamentində bu dəfə maarif işçilərinin, müəllimlərin maaş məsələsi müzakirə olunur. Fikirlər isə çoxşaxəli idi. Çünki gənc dövlətin büdcəsi hələ indi-indi formalaşır, problemlər isə bitməz-tükənməz… Bu səbəbdən bəzi deputatlar müəllimlərin maaşlarının artırılmasına qarşı çıxırlar. Məsələn, elə onun partiya yoldaşı olan (“Müsavat”) Musa bəy Rəfiyev deyirdi:
“Əfəndilər, burada çox söz söylədilər. Yaxşı dedilər müəllimlərin məvacibi artıq olsun, kimsə buna etiraz etməz. Fəqət, əfəndilər, bir az işin gün-günə baxmasıdır. Dedilər ki, bütün Azərbaycan dairəsində on nəfər müfəttiş var, onlara hərəsinə iki yüz – üç yüz manat artırmaqla nə olar. İş bunda deyildir. On müfəttişin hərəsi 250 manat artıq almaqla bir şey olmaz, fəqət, müfəttişi arxasında başqa qulluqçular da var. Hərgah bunlardan hər birinə 200-300 manat artıq verilərsə, o zaman on milyonlar ilə pul edər. Biz görürük ki, müəllimlərin halı fənadır, aldıqları məvacib azdır. Hər zaman müəllimlərin halı nəzərdədir. Lakin ümumi şeyləri nəzərə almalıdır. Qonşularımızın işlərinə baxmalıdır. Gürcüstanda müəllim 800 manat alır. Çörəyin qiyməti də məlumdur ki, buradan bahadır. Sultan Məcid Əfəndinin buyurduğu dörd ay bundan əvvəlkidir. Mən söylədim ki, müəllimlərin məvacibi artırılarkən və ya başqa bir məxaricdə burada qəbul edilərkən xəzinəmizin halı nəzərdə tutulsun”.
Məhəmməd Əmin indi o müzakirəni olduğu kimi xatırlayır. Dodaqlarında yaranan xəfif gülümsəmə Musa bəyi keçib sirdaşı Nəsib bəy Yusifbəylinin üzərində dayanır. O zaman parlamentdə ən çox o və Nəsib bəy müəllimlərin maaşının artması uğrunda döyüşürdülər:
“Möhtərəm məbuslar! Müəllimlərin maaşını nə qədər artırsanız, yəqin ediniz ki, bundan bir şey qeyb etməyəcəksiniz. Çünki bizim varlığımız və istiqbalımız ancaq müəllimlərin əlindədir. Nə qədər müəllim ac olsa, nə qədər gözü ətrafda və özgə əlində olsa, əlbət ki, o müəllim bir şey verə bilməz və o məktəbdən də bir şey çıxmaz”.
Bir az doluxsundu… Nəsib bəyin hələ o zaman parlamentdə səsləndirən zaman tüklərini ürpədən bu sözləri onu yenidən kövrəltdi: “Allah sənə rəhmət eləsin, Nəsib bəy”.
Maarif, elm, təhsil hər zaman onun üçün tam fərqli bir dünyanın üzü olmuşdu. Elə ömrünün son illərində də dərnəyə getməyinin yeganə məqsədi azərbaycanlı gəncləri maarifləndirmək idi. İstər Cümhuriyyətdən əvvəl, istərsə də sonra qələmini heç zaman bu mövzudan soyutmamışdı. Elə kitablarında da maarifin vacibliyini xüsusi vurğulamışdı. Yazılarının birində “Millətin millət olması üçün onun elmi, təhsili və mədəniyyəti olmalıdır” söyləmiş, Zərdabinin dəfni zamanı məzarı başındakı çıxışında “Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? Yalnız maarif, maarif, maarif! Ancaq elm və bilik ilə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər..” demiş, “Dirilik nədir?” adlı məqaləsində isə “Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur” yazmışdı.
HAŞİYƏ: Yeri gəlmişkən, söhbətin bu yerində qeyd edək ki, adıçəkilən “Dirilik nədir?” məqaləsi onun pedaqoji məqalələri silsiləsinin şah əsəri hesab olunur. Burada təkcə pedaqoji aspekt yox, ümumən, milli birlik, mənəvi dirilik konsepsiyaları ustalıqla şərh olunub.
İndiki dillə desək, bağça təhsili (məktəbəqədər təhsil pilləsi) və ibtidai təhsil Məhəmməd Əminin ən ağrılı yeri idi. Zaman-zaman istər qəzet-jurnal səhifələrində, istərsə də çıxışlarında yorulmadan bu məsələyə toxunmuşdu. Çünki o bilirdi ki, bir fərdin şəxsiyyət kimi formalaşması və cəmiyyətə yararlı kadr kimi yetişməsi üçün onun ta uşaqlıqdan inkişafı çox vacibdir. Şəkər xəstəliyinin yorub əldən saldığı orqanizmi yaddaşına dəyib-toxunmamışdı. O zaman səsləndirdiyi, yazdığı fikirləri indinin indisində də olduğu kimi xatırlayırdı:
“Əgər bütün millətlərin qadınları azad və təhsillidirsə, Azərbaycan qadını onlardan geri qala bilməz… Təlimi-ümuminin ana dilində olmasını tələb etməkdən əlavə bu təlimin nə kibi məktəblər vasitəsilə təmini məsələsi var”. Bəs M.Ə.Rəsulzadə nə cür və hansı məktəbləri nəzərdə tuturdu?
Məktəbi sıradan şəxsiyyəti formalaşdıran bir nömrəli faktor hesab edən Rəsulzadə bir yazısında da belə qeyd etmişdi:
“Əgər biz bəlli-başlı bir millət olmaq istəyiriksə, özümüzə elə məktəblər təmin etməliyik ki, bizi bir millət olaraq tərbiyə etsin, ruhumuzu, mənəviyyatımızı tamamilə mühafizə edib özümüzü özümüzlükdən çıxarmasın. Belə bir məktəb, şübhəsiz ki, milli məktəbdir. O məktəb ki, orada bütün dərslər türkcə olsun, proqramı öz tərəfimizdən tərtib edilsin. Belə olarsa, bu millətə istədiyimiz müəllimi, mühərriri və alimi hazırlaya bilər və bu surətlə hazırladığımız milli mədəniyyət xadimlərini xalqın içinə, kəndlərə, obalara göndərir, bütün milləti işıqlandırmağa böyük bir amil vücuda gətirə biləriz” (“1916-cı ili, “Açıq söz” qəzeti.“Bizə nə kibi məktəb lazım?” adlı məqaləsindən).
Ona görə yad dildə təlim-tərbiyə verilən məktəblərdə məqsəd birbaşa olmasa da, dolayısı ilə gənc nəsli yad bir ruhda tərbiyələndirməyə xidmət edir, gəncləri öz soykökündən uzaqlaşdırır, tarixini, ədəbiyyatını, adət-ənənəsini unutdurur, nəticədə vətəninə, xalqına fayda verə bilməyən yad əxlaqlı bir insana çevirir. Onu da qeyd etmək istərdik ki, Əli bəy Hüseynzadə, Üzeyir bəy Hacıbəyli, Abdulla Şaiq kimi dövrün mütərəqqi fikirli ziyalıları da tam olaraq onu dəstəkləyirdilər.
Nə yaxşı ki, bu fikirlər sonradan da elə qəzet vərəqələrində qalmadı. Azərbaycan Cümhuriyyəti hökuməti ilk günlərdən xalq maarifinin yenidən qurulması proqramını qəbul etdilər. 16 maddədən ibarət humanist və demokratik prinsipləri özündə ehtiva edən bu proqram M.Ə.Rəsulzadənin konsepsiyası əsasında hazırlandı.
O, 1955-ci il martın 6-dək, yəni ömrünün son gününədək həm də təhsil, maarif uğrunda mübarizə apardı. Məhz bu gün, yaşadığı həmin şəraitsiz evdə də son nəfəsini verərkən 3 dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan” deməklə, hamıya çox mükəmməl bir dərs keçmiş oldu…