Elmin Nuri Ədəbiyyat Köşə Yazıları

Şanlı bayrağa bükülü nəğmə, “Füyuzat” pıçıltıları – ESSE

Bayrağı təkcə sevmirlər, bayrağı təkcə dalğalandırmırlar, bayrağı həm də oxuyurlar…
Bayraq dövlətin simvolu, atributu olduğu kimi, milli kimliyin də şifrəli göstəricisidir. Milli kimliyini, milli dirilişini axtaran (və tapa bilən) fərd öz ruhunun daxili qatında, milli özünüdərk şüurunun dərin guşələrində məhz bu bayrağın gəzişdiyini görür….
Bayraq sığınacaqdır: Bir toplumun, bir xalqın, nəhayətdə onların ərsəyə gətirdikləri dövlətin tarixi keçmişini, dəyərlərini, gələcəyə baxışını özündə əks etdirən məfhumların sığınacağı… Bayrağımız milli kimliyimizə, tarixin o üzündən bu üzünədək yorulmadan var olan milli təhtəlşüur keçmişimizə aid olan bütün nişanələri bir sığınacaq kimi özündə qoruyur…


Üçrəngli bayrağımız həm də bir yol göstəricisidir. Azərbaycanlı kimliyinin bərraq güzgüsü olduğu kimi, azərbaycançılıq fəlsəfəsinin mükəmməl formalı şifrlənmiş rəngli kodları rolunu oynadığı kimi, həm də gələcəyə baxış modelini də formalaşdırır. O heç zaman susmur; dalğalandıqca, gözümüzün qarşısında işıqlandıqca bizə tarixin o üzündəki milli kimliyimizi anlada-anlada, gələcəyə doğru necə adlamanın da riyazi düsturlarını verir…


Böyük Əli bəy Hüseynzadənin idrak işığında daha da aydınlanan, ideyadan rənglərin fəlsəfi düsturu səviyyəsinə qədər yüksələn bayrağımız sanki o dövrün bütün maarifçilik hərəkatını qucaqlamış, onları zamanın “qırmızı qaranlıqlarından”, sərt sazaqlarından qorumuşdu…


Hərdən dəqiqələrlə gözümü çəkmədən bu möhtəşəm üçrəngli, ay-ulduzlu bayrağımıza baxıram… Əslində, oxuyuram. Ya da, oxumağa cəhd edirəm. XX əsrin əvvəlləri, qara cəhaləti yox etmək üçün edilən mədəni cəhdlər, maarifçi çapalar… Hamısı bu bayrağın sakit pıçıltısı deyildimi?! Elə “Füyuzat” jurnalının özü bu üçrəngli bayrağın hələ uzaq 1906-cı ildən eşidilən sanballı pıçıltısı deyilmi?! Məncə, elədir… Biz dərgini oxuyur, oradakı mətnləri, təsvirləri, müəllif yanaşmalarını beynimizə, ruhumuza ötürürük (Bəli, bəli, söhbət həm də 1906-cı ildə işıq üzü görən “Füyuzat” dərgisindən gedir). Bəs oxuduqca, dərginin vərəqlərinin müdhiş qoxusunu uda-uda ruhumuza, zehnimizə həm də Vətən, bayraq ötürdüyümüzü hiss edirikmi? Əli bəy başda olmaqla bu dərginin hər yazarı bizim üçün həm də bayraq məfhumunun ruhsal, zehinsəl qavramasını təmin etməmişlərmi?! Biz onların sayəsində yazıların alt qatındakı ideyanı, bayrağın düstur kimi, yazıların kod kimi özündə sığdırdığı mətləbləri gözlərimizdən ruhumuza, zehnimizə yola salmamışıqmı?! Bayraq həm də o böyük aydınların qələmləri ilə bizdən bizə qədər uzun bir yol gəlib. Bizdən bizə qədər yol gələrək, bizi bizə daha da tanıdıb… Ən nəhayət, bizi elə bizlərdən necə qorumağın yollarını öyrədib!

Əli bəyin ağayana, ağıryana cümlələrində, Əhməd bəyin çevik zehinlərə hesablanan ibarələrində, Üzeyir bəyin sətirləri ilə bərabər, bulaq suyunu andıran notlarında həmin bayraq yaşamayıbmı?! Yaxud, bu bayraq orada yaşaya-yaşaya bizi də necə yaşatmağın yollarını elə bizim özümüzə pıçıldamayıbmı?!

“Füyuzat” – üçrəngli, ay-ulduzlu bayrağın həzin və bir o qədər də ağayana sözlü-cümləli, yazılı pıçıltısı…

Nə yaxşı ki, bu “pıçıltı” bu gün də davam edir. Nə yaxşı ki, bayrağımız özünün müqəddəsliyi ilə bərabər, “gələcək üçün düstur” mexanizmini dərginin səhifələrində bu gün də əks etdirə bilir.


Üzeyir bəyin məşhur “Arazbarı” əsərini, yəqin, hamımız dinləmişik. Bu intəhasız musiqi zinətini dinləyəndə gözlərini yuman insan gözlərinin qarşısında sanki Azərbaycanı görür; onun təbiəti, tarixi, keçmişi, ənənəsi, dəyərləri və s. ilə birlikdə… Azərbaycan bu musiqi əsərində bir sistem, bir bütöv halında var, özünün bütün çalarları ilə bərabər. Eyni məzmun həm də bizim şanlı bayrağımıza aiddir… Onu izlədikcə (daha doğrusu, oxuduqca) gözlərinin qarşısında Azərbaycan canlanır. Böyüyür, daha da böyüyür… Öz sərhədlərini belə aşır… Bu şanlı bayrağın bətnində gəzdirdiyi dəyərlərin miqyası genişləndikcə Azərbaycan da böyüyür, intəhasızlığa çatır…


Bayrağımız bizim üçün həm də bu müdhiş intəhasızlığı dalğalandırır…
Əlimdə “Füyuzat” jurnalının yeni çapdan çıxmış nəşri… Vərəqləyirəm…. Şanlı bayraq “Arazbarı” fonunda dalğalanır və hər üçü sanki eyni anda “Azərbaycan!” pıçıldayır…

Elmin Nuri