Məlum olduğu kimi, ölkəmiz 2024-cü ilin ikinci yarısı üçün dünya əhəmiyyətli bir konfransa hazırlaşır. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu konfransı “COP29 Azərbaycan” adıyla Bakıda gerçəkləşəcək. Eləcə də dövlət başçısı tərəfindən bu il Azərbaycanda “Ekologiya ili” elan edilmişdir. İl ərzində bu mövzuda qarşımıza siyasi və sosial əhəmiyyətli onlarca məqalə, xəbər və məlumat çıxsa da, tarixi və ədəbi keçmişimizdə iqlim problemlərinin həllinə və əhəmiyyətinə diqqət çəkilməyib. Bilindiyi kimi, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin mühafizəsi, ümumən ekoloji problemlər müasir dövrün ən aktual məsələləri olmaqla yanaşı, həm də tarixi keçmişimizə yad deyildir. Türk ədəbiyyatında çox az tədqiq olunan bir janr bu mənada son dərəcə böyük maraq oyandırır. Adına şükufənamə deyilən bu janr çiçəklər haqqında yazılmış əsərləri əhatə edir.
Orta əsrlərin türk mədəni həyatında təbiət çox mühüm yer tutur. Türk həyat tərzinin canlı təbiətə bağlı olması burada başlıca amildir. Türk zehniyyətində təbiət kosmik bütünlüyün bir parçası hesab edilirdi. Elə buna görə də türk sənət anlayışında təbiətlə bağlı təsvirlər hər zaman ön planda olmuşdur. Mifoloji təsəvvürlərdən divan ədəbiyyatına qədər türk düşüncəsinin, demək olar ki, hər sahəsində təbiət motivləri ilə rastlaşırıq. Siyasi, dini, sosial, mədəni həyatımızın hər sahəsində təbiətlə bağlı metaforlar o qədər canlı və zəngindir ki, ciddi tarixi araşdırma aparılsa, böyük bir külliyyatın ərsəyə gələcəyinə şübhə yoxdur. Bu səpkidə türk ədəbiyyat tarixində yazılmış çox sayda şükufənamə risalələri mövcuddur. Orta əsrlərdə yazıya alınan bu risalələrlə yanaşı, çox sayda türkcə “gül qəsidələri”, “lalə şeirləri” və divan ədəbiyyatında bitkilərlə bağlı saysız-hesabsız bənzətmələr, çiçəklə bağlı təsəvvüf terminologiyası, meyvələr və ağaclar haqqında əsərlər də diqqətə alınmalıdır. Bu çərçivədə türk memarlığı və şəhərçiliyində bağça anlayışına xüsusi yer verildiyini də qeyd etməliyik.
Türk mədəniyyətində çiçək
İlk dəfə qədim türkcə yazılmış Uyğur mətnlərində qarşımıza çıxan “çiçək” sözü IX–XI əsrlərdə “çeçək” şəklində tələffüz edilmiş və moğol dillərinə də keçmişdir. Çiçək farsca gül deməkdir. Ancaq “gül” sözünün farscada necə formalaşdığı mübahisəlidir. Çünki pəhləvicədə bu kəlmənin yerinə işlənən “vard” sözü Avestadakı “varəda” sözündən törəyib. “Gül” sözü türkcə əsərlərdə ilk dəfə XII–XIII əsrlərin müəllifi Ədib Əhməd Yüknəkinin “Atabət əl-həqayiq” əsərində “ya bostan tək ol hilm karam al gül ol” (helm bir bağça kimidir, kərəm isə qızılgüldür) işlədilib.
Çiçəklər haqqında yazılan əsərlərə isə ümumi mənada şükufənamə deyilirdi. Şükufə fars dilində “çiçək” sözünün qarşılığıdır. Pəhləvicədə “şkofaq” sözündən yaranan şükufənin “çiçək” sözündən yaranmış olma ehtimalı var.
Şükufənamə “çiçək kitabı” deməkdir. Orta əsrlərdə botanika elmi sahəsinə daxil olan çiçək risaləçiliyi özünün ən ehtişamlı dövrünü XVIII əsrdə yaşamışdır. Buna səbəb 1718–1730-cu illərdə Osmanlı tarixində fərqli bir mərhələ olan “Lalə dövrü”dür…
Əkbər N.Nəcəf
Tarixçi – tədqiqatçı