Ayrılıq, ayrılıq, aman ayrılıq, yaman ayrılıq. Cismi yuvadan, təni candan, göyü yerdən, torpağı Vətəndən, ürəyi yerindən söküb ayıran, uzaq ayrılıq… Əsrlər boyu bu məfhum belə anladılıb bizə və ədəbi düşüncəmizə. Çünki ayırmaq, ayrılmaq deyərkən, ağla ilk gələn uzaq düşmək, həsrət, nisgil, göz yaşıdır. Hətta ayrılıq şairləri zaman-zaman onu ölümün ikinci adı kimi də vəsfləndirmişdir (Cahid Sidqi Tarançı). Bəs mahiyyətinə varsaq, onda necə, yenə bu qədər qorxulu səslənəcəkmi?
Bunun üçün iki söz arasında məna sərhəddi çəkməliyik: “getmək” və “ayrılmaq”. Müasir cəmiyyətlərdə insanlardan daha çox statistika komitələri və rəqəmlər dindirilir. Gündən-günə gedənlərin sayı artır, bəzən bir insanın həyatından, bəzən ölkədən, bəzən də dünyadan. Amma çox az adama həqiqi ayrılıq qismət olur. Çünki hər ayrılığın kökündə, əslində, birlik, vahidlik var. Zamanında bütöv ola bilən ayrıla bilər!
Əgər sən doğulub, boya-başa çatdığın torpağa bağlana bilməmisənsə, başqa ölkədə “qaçqın” statusu könlünü daha çox oxşayıbsa, deməli, sən bizdən ayrılmamısan, getmisən. Ailə olmaq üçün pənah apardığın qəlbdə sadəcə misafir olduğunu anlayırsansa və onu tərk edirsənsə, bu ayrılıq deyil, getməkdir, həm də şairin dediyi kimi getmək:
Getmək, əslində, məsdərdən əvvəl
Get əmridir, elə olmaq kimi.
Müəllif: Səlim Babullaoğlu
Sənə verilən yaşam haqqını bir göz qırpımında mənasız yelə qurban verib, bir əlin, bir gözün dünyada vaxtsız vidalaşmısansa, deməli sən bizdən ayrılmamısan, sadəcə getmisən. Ayrıla bilmək üçün onun bir parçası ola bilməliyik.
Eləcə də, dönüşü olmayan gedişlərdən fərqli olaraq, ayrılıqda aid olma hissi, ümid, doğmalıq var. Ayrı düşən fəlakətlərə məruz qalıb yolunu azsa belə, o dibsiz quyudan çıxış yolunu da tapır, çünki aid olduğu yeri yaxşı bilir. Əslindən ayrı düşən eşq aşiqi Günəşə can atan şüa kimi, məna dənizində üzən damla kimi özünə – vahidə gedən yolu arayar. Qovuşacağı günün həsrəti ilə yanıqlı ney kimi fəryad edib, göz yaşı axıdar.
Əgər belə olmasaydı, Azərbaycan əsgəri üzü Şuşaya gedən yolu axtarıb tapa bilməzdi. Belə olmasaydı, bizdən çox əvvəllər, zor ilən ayrıldığımız torpağına, havasına, suyuna həsrət qaldığımız Təbrizə ağılar yazıb bütün varlığımızla ona tərəf çırpınmazdıq:
Heydər Baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilməz idim döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.
Vətəni yad əllərlə, özgə imzalarla ikiyə bölünən keçmişindən bixəbər gənc nəsilik biz. Hər yağış yağanda, üzərimizə süzülən damcıların Arazın o tayından ələndiyinə, “yarı”mızdan soraq göndərdiyinə inanan, tənimizə dəyən mehin o tərəflərin küləyi olduğu düşüncəsinə sığınıb ümidlə ora uzanan yolu arayanlarıq.
Arazım vursun baş daşdan-daşa,
Göz yaşı gərək başlardan aşa,
Necə yad olsun qardaş qardaşa,
Nə din qanır, nə iman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!
Müəllif: Məhəmmədhüseyn Şəhriyar
Bütün ömrü ayrı-ayrı ayrılıqların vəhdətindən ibarət olan Məhəmmədhüseyn Şəhriyar öz doğmasının (nənə) ayrılığına yazdığı başqa bir şeirində də “ürəyimdə bir itik var” misrası ilə ürəkləri dağlayır. Düşünürəm ki, başqa sözə ehtiyac qalmır… Son olaraq deyə bilərik ki, əsl sevənlər, könüldən bağlı olanlar bütün ayrılıqlardan daha üst mərtəbədədirlər. Getməyi seçən, bir də geri qayıtmaz, amma ayrılıq belə deyil! Sevgi ən sonda bütün ayrılıqlara qalib gəlir.
Çünki Əsl ayrılığın mahiyyətində əsil qovuşmaq var, yara və Yaradana…