Giriş üçün bir neçə söz
Bir müddət sonra ali təhsil müəssisələrinə qəbulun blok imtahanı mərhələsinin ikinci cəhdinə start veriləcək. Məlumat üçün deyək ki, blok imtahan mərhələsinin ikinci cəhdinə maraq ötənilki illə müqayisədə daha çoxdur. Belə ki, ümumilikdə 66 567 abituriyent bu il üçün şanslarını ikinci dəfə sınayacaq.
Bunlardan 22 898 nəfəri I ixtisas qrupu, 17 434 nəfəri II ixtisas qrupu, 21 196 nəfəri III ixtisas qrupu, 5 039 nəfəri IV ixtisas qrupu üzrə imtaha verəcək.
Qeydiyyatdan keçənlərin 59 894 nəfəri Azərbaycan, 6 673 nəfəri rus bölməsinin abituriyentləridir.
Bu göstərici birinci cəhd qəbul imtahanlarında iştirak edənlərlə müqayisədə 16 127 abituriyent az deməkdir. Yalnız bu qədər abituriyent ikinci cəhddə biliyini sınamaqdan imtina edir.
Əlavə olaraq onu da qeyd edək ki, imtahanın birinci cəhdində I ixtisas qrupu üzrə 29 230, II qrup üzrə 23 163, III qrup üzrə 24 499, IV qrup üzrə isə 5 804 abituriyent iştirak edib.
Bu statistik göstəriciləri diqqətə çatdırmağımız heç də əbəs deyil. Datalardan da göründüyü kimi, 80 mindən çox abituriyent, həmçinin onların valideynləri, müəllimləri və s. qəbul imtahanı seqmentini genişləndirən, onu yüz minlərin maraq dairəsinə çevirən detal rolunu oynayır.
Sırf bu səbəb hər ilin avqust ayında bir sıra şəxslərin, əsasən də, sosial mediada insanların psixologiyasına təlqin etməyi bacaranların əlavə gəlir mənbəyinə səbəb olur. Onlar cidd-cəhdlə qəbul imtahanlarından sonrakı ən vacib proses – universitetlərə ixtisas seçimini həyata keçirəcəklərini, bu məsələdə 100 faizlik “qarantiya”nı “hədiyyə edəcəklərini” bildirir, valideyn və abituriyentlərin həssaslığından istifadə edərək asan yolla gəlir qazanmaqdadırlar. Təbii ki, illərini universitet və təhsil amilinə həsr etmiş, eləcə də qəbul məsələləri ilə bağlı zəruri datalar və onların nəticələrini mükəmməl əxz etmiş insanların bu işlə – el dili ilə desək, “kodlaşdırma” ilə məşğul olmalarına etirazımız yoxdur. Amma onların sayı digərləri ilə müqayisədə həddindən artıq azdır. Sırf bu amili nəzərə alaraq dəyərli valideyn və abituriyentlərə ixtisas seçimi ilə bağlı bir neçə zəruri tövsiyələri vermək istərdik:
1.Qəbul imtahanı qədər vacib
İxtisas seçimi ən az qəbula hazırlaşmaq və imtahan qədər həyəcanlı və diqqət edilməli bir məsələdir.
Nələrə diqqət etməli:
1) ixtisasın gələcəyi haqqında məlumatlı olmaq;
2) ixtisasın hansı universitetdə daha prestijli olduğunu bilmək;
3) ixtisasın keçid balına;
4) ixtisasa ayırılan plan yerlərinə;
5) topladığın bala;
6) bal statistikasına;
7) seçim edərkən sıralamaya.
Siyahını, təbii ki, uzatmaq da olar. Amma onsuz da aylardır ki, gərginliklə yüklənmiş abituriyent və ondan heç də geri qalmayan valideynini çoxmərhələli prosesin çətin detalları ilə yükləmədən ən zəruri məsələləri qeyd etmək daha doğru olar.
Yuxarıdakı 7 əsasın ən vacibi hesab olunan plan yerlərinə xüsusi diqqət edək.
“Kodlaşdırma” zamanı nəzər yetirməli olduğumuz ən vacib detal həmin ixtisas üçün ayrılan plan yerinin sayıdır.
Çünki bir ixtisasın nə qədər vacib olduğunu ona ayrılan yerdən müəyyən etmək olur. Bəzən abituriyent ixtisas seçimi zamanı daha çox ixtisasın keçid balına önəm verir. Bu yanlışdır. Düzdür, ixtisasın keçid balı da önəmlidir, amma plan yerlərinin sayından sonra! Misal üçün ötən il II qrup üzrə dövlət sifarişli yerlərin sayı artırılsa da, III ixtisas qrupu üzrə isə əksinə azaldıldı. Bunun əsas səbəbi: dövlət sifarişli yerlərin sayı hansı ixtisaslar üzrə artırılırsa, deməli, 4 ildən sonra həmin ixtisasın əmək bazarındakı yüksək mövqeyi və tələbatlılıq göstəriciləri nəzərə alınıb! Qısacası belə deyək: plan yerlərinin sayı hər hansı bir ixtisasın gələcək taleyinin, eləcə də əmək bazarındakı mövqeyinin pasportudur. Amma bu amil təkcə pasport rolunu da oynamır. O həm də abituriyentin universitet tələbəsi olmasını təmin edəcək əsas “vizit kart”lardan biridir. Yetər ki, ona xüsusi diqqət və məntiqli yanaşma tətbiq olunsun.
Düzgün sıralama
İxtisas seçimi texniki proses olaraq o qədər də qəliz deyil. Burada çox yığcam və konkret mexanizm var: yığılan bala uyğun ixtisasların keçid balı nəzərə alınmaqla 15 xanalıq bir sıralamanın aparılması. Amma ixtisas seçiminin özünün çox ciddi dərinlikləri, nəzərə alınmalı bir çox meyarlar var. Təəssüf ki, bu meyarlardan qətiyyən xəbəri olmayan, ümumiyyətlə, təhsildən, ali məktəblərə qəbul prosedurundan, ixtisaslardan, hər şeydən məlumatsız qalan şəxslər ildə cəmi 10 günlük ixtisas seçimi ilə bağlı özlərini “mütəxəssis” hesab edirlər. Hətta bu insanların belə müəyyən sosial rifahı nəzərə alaraq xidmət haqqını 200 manata qaldırılmasını halları da vardır ki, bu sadəcə insafsızlıq hadisəsidir.
Bu, valideynlərin həyəcanlı, gərgin vəziyyətindən sui-istifadə etmək, yaranmış psixoloji ortamdan öz maddi mənafeyi naminə yararlanmaqdır. Məhz bu cür insanlar istisas seçiminə formal olaraq 15 xananın doldurulması hadisəsi kimi baxır və bunu maksimum yarım saata həyata keçirməyə çalışırlar.
Amma texniki proses dediyimiz sıralama da belə ən azı 2,5 və ya 3 saat vaxt aralığında həyata keçməlidir. Çünki burada plan yerlərini, keçid ballarını, aidiyyatı ixtisas qrupuna olan müraciətləri, dövlət sifarişlərlərini və s. nəzərə alaraq texniki işləri görmək olar. Abituriyent 350 baldan yuxarı yığıbsa, onun zatən 15 yerin 1-dən tələbə adını qazana bilməsi çox da sual doğurmur. Amma burada çox ciddi məsələlərə yer vermək lazımdır – uyarlıq məsələsi. Məsələ 15 xanaya ixtisasların yazılması deyil. Hər bir ixtisas yazıldıqca plan yerləri, keçid balları ilə yanaşı həmin abituriyentin bu ixtisasa uyarlığını yoxlamaq lazımdır.
Təəssüf ki, valideynlər, hətta abituriyenlərin özləri də “təki tələbə adını qazanım” prinsipi ilə hərəkət edir, yuxarıdakı meyarları çox da nəzərə almırlar. Onlar sonradan universitetə daxil olduqda, özlərini tapa bilməyəndə, əslində, olmalı olduqları yerdə deyil, özlərinə, ruhlarına tamamilə yad olan bir yerdə olduqlarının fərqinə vardıqda həyatdan soyuyacaqlar. Məhz onda onlar ixtisas seçimini edən müəllimin qarasınca danışmağa, mənfi fikir bildirməyə başlayacaqlar. Onlar artıq öz pullarını alıblar, xidmətlərini göstəriblər. Düzmü ediblər? Təbii ki, xeyr, yanlış ediblər. Çünki abituriyent ilk dəfədir ki, ixtisas seçimində iştirak edir. O, universitet mühitini bilmir. Ola bilsin ki, valideyn də bilmir. Amma ixtisas seçimini həyata keçirən şəxs karyera məsələsini, universitet mühitini bilir. Nəyə görə məhz abutiriyentin yığdığı bal təki keçərli olsun, təki tələbə adını qazansın deyə belə edir? Burada “bazarı” psixoloji gərginlik amili həll edir.
Keçid balı – bilinməyən vacib detal
Bir neçə il əvvəl sosial şəbəkələrdə yayılan bir məlumat hər kəsin təəccübünə səbəb oldu. Bakı Dövlət Universitetində riyaziyyat müəllimliyi ixtisası həmin ali təhsil müəssisəsindəki hüquqşünaslıq ixtisasının keçid balını üstələməşdi. Az qala, hamı bu faktı təəccüblə qarşıladı. Bəzi insanlar müəllimliyin bir zamanlar hər kəsin böyük istəyi olan nüfuzlu hüquq fakültəsini ötüb keçdiyinə sevinirdi. Amma bu reallığın əsas səbəbinə çevrilən, lakin nəzərə alınmayan iki vacib detal var idi: birincisi, ixtisaslar üzrə ayrılan plan yerləri. Məsələn, ehtimal edək ki, riyaziyyat müəllimliyi ixtisası üçün təxminən 40, hüquqşünaslıq ixtisası üçün 120 plan yeri ayrılır. Bu o deməkdir ki, riyaziyyat müəllimliyi ixtisasına daxil olmaq üçün rəqabətlilik dərəcəsi hüquqşünaslığa nəzərən 3 dəfə çoxdur. Məhz buna görə də ixtisas seçimi zamanı riyaziyyat müəllimliyini də qeyd edən abituriyentlərdən ən yaxşı 40 nəfəri bu ixtisas üçün keçərli hesab olunur.
İkinci amil rəqabət meyarıdır. İxtisas seçimində riyaziyyat müəllimliyini qeyd edən abituriyentlərin sayı üçüncü qrupda hüquqşünaslıq ixtisasını qeyd edənlərin sayından hədsiz dərəcədə çox olub.
Hər il ixtisaslara keçid balları ixtisas seçimi zamanı həmin ixtisasları qeyd edən və universitetlərə qəbul olan abitiriyentlərin ümumi bal göstəricisinə görə müəyyən olunur.
Bu il hansı qrupda keçid ballarının aşağı düşməsi, yaxud qalxmasını bu iki data olmadan demək çətindir. Həmin dataları bir daha qeyd edək: seçim zamanı ixtisasları seçənlərin ümumi sayı, ixtisaslar üzrə ayrılan plan yerlərinin ümumi sayı. Ötən il III qrupda bir çox ixtisaslar üzrə plan yerləri çox ayrıldığından burada keçid balları aşağı düşdü. I və II ixtisas qrupunda bu tendensiyanın tam əksi yaşandığı üçün bir çox ixtisaslarda keçid ballarının artdığını görmüş olduq.
“Ölü xana” prinsipi
İxtisas seçimi zamanı yol verilən əsas xətalardan biri də xanalıq sıralamada “ölü xanalar” yaratmaqdır. “Ölü xana” abituriyent üçün şans baxımından heç bir faydalılığı olmayan, üstəlik, ona tələbə adını qazandıracaq digər ixtisasların qarşısını alan arzuolunmaz yanlışlıqdır. O necə yaranır? Məsələn, II ixtisas qrupu üzrə, tutaq ki, 340 bal toplayan abituriyent 15 xanalıq cədvəlin 5-ci xanasında ötənilki keçid balı 380 bal olan ixtisası qeyd edir. O bu il üçün keçid balının 40 bala qədər düşəcəyinə inanır. Bu inamın ardınca isə 6-8-ci xanalara keçid balı 320-310 bal olan ixtisasları qeyd edir. Bununla da nə dərəcədə ciddi yanlışlığa yol verdiyinin fərqində deyil. Çünki ixtisas seçiminin yoxlanılması zamanı kompüter amili alqoritmi elə qurur ki, sıralamadakı ardıcıllıq abituriyentin birbaşa şansına təsir edir. Məsələn, keçid balı az olduğu üçün bir ixtisası 3-cü xanaya yazan, bu zaman nəticələr arasındakı uyğunluğa riayət edən abituriyentin şansı daha çox olur. Amma hətta bu abituriyent də sıralamada müəyyən qədər aşağı düşdükcə, şanslarını azaldır. Yuxarıda misal göstərdiyimiz X adlı abituriyent də 5-ci xanada 380 balı yazmaqla keçid balı az olan digər yerləri – 6-8-ci xanaları “ölü zona” ya çevirir.
Bu il üçün proqnozlar
Ötən il abituriyentlərin 53 min nəfəri tələbə adını qazanıb. Bu il isə 60 minə yaxını həmin imkanı əldə edəcək. Ancaq bir məsələni qeyd etmək lazımdır ki, bu plan yerləri, əsasən, I ixtisas qrupunu əhatə edəcək. Burada da Rİ altqrupunda İT əsaslı ixtisaslarda, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, kompüter elmləri kimi ixtisaslarda bu artım öz sözünü deyir.
Həmçinin biz bu il II qrupda da plan yerlərinin sayında 95 faiz artım gözləyə bilərik. Bunu əsaslandıran səbəblər var. Çünki II ixtisas qrupuna, çox təəssüflər olsun ki, əvvəlki illərə nisbətən maraq və diqqət azalıb. Beləliklə, I və II ixtisas qrupunda çox ciddi rəqabət, bir çox abituriyentin kəsiləcəyini gözləyə bilmərik. Ancaq III ixtisas qrupunda ciddi rəqabətin olacağı gözlənilir.
Keçid ballarının artımının məhz III ixtisas qrupunda olduğunu düşünürük. Bu, ötən il də belə oldu. Çünki III qrup, əsasən, pedaqoji yönümlü ixtisaslardan ibarətdir. Burada, əsasən, müəllimlik ixtisası var. Plan yerlərini əmək bazarının tələbi müəyyənləşdirir. Müəllimlik ixtisasına isə əmək bazarında o qədər də ehtiyac yoxdur. Hər il MİQ imtahanı keçirilir və çox sayda müəllimin kənarda qaldığını görürük.
Kifayət qədər normal bal toplayan, hətta müsahibədən də keçən, ancaq vakant yer çox az verildiyinə görə kənarda qalıb yalnız namizəd kimi qeydə alınan müəllimlər hələ “n” qədərdir. Belə olduğu halda müəllimliklə bağlı ixtisasları artırmaq, əmək bazarını daraltmaq işə yaramır.
Bu baxımdan da III qrupda keçid ballarınını artacağını gözləyirik. Bu qrupda həddindən artıq yüklənmələr olur və əmək bazarına uyğunluq məsələsi getdikcə zəifləyir. İndi XXI əsrin, süni intellekt dövrünün tələbləri var, daha çox mühəndislik, İT ixtisasları lazımdır, ancaq əksinə, biz III qrupa marağın artdığını görürük.
Bizim gənc xanımlarımız, əsasən, III qrupa müraciət edir və onların seçimləri bir-birinə çox yaxındır. Əmək bazarında buna ehtiyac yoxdur? Bu gün universiteti bitirib əlində “qırmızı diplom” olan müəllimlərin sayı kifayət qədərdir.
Müəllimlik mənim üçün ən böyük peşədir. Ancaq cəmiyyətə də nəzər salmaq lazımdır. Bu gün işsiz müəllimlərin sayının kifayət qədər olmasına, yenə də ixtisas seçimində 600 bal toplamalarına baxmayaraq, müəllimliyi seçirlər.
Bu il III qrupda keçid ballarının kəskin artımını və bir çox abituriyentin tələbə adını qazanmayacağını müşahidə edəcəyik. Sadəcə, III qrupda ödənişli əsaslarla qəbul olmaq şansı olacaq. Onu da qeyd edim ki, III qrupda “Sosial iş” və “Muzey işi və abidələrin qorunması” ixtisası var ki, ötən ilin reytinqinə görə, ən çox yer ayrılan ixtisaslar idi.
“Sosial iş” ixtisası bizdə hələ məşhurlaşmadığından, aşağı bal toplayanlar “Muzey işi və abidələrin qorunması” ixtisasını qeyd etmişdilər. Bizim təfəkkürümüzdə “təki tələbə olaq” prinsipi var. Ancaq bir çoxu bu ixtisasın nəyə lazım olduğunun, əmək bazarında özünü necə göstərəcəyinin fərqində olmurlar.
Cəmiyyətin müəyyən reallıqları var. Bu gün həmin ixtisası bitirən nə qədər məzun işlə təmin olunacaq? Bütün bunlara görə III qrupda vəziyyət bir qədər gərgindir. IV qrup hər zaman stabil olub, ATU-da 1200-ə qədər yer ayrılacaq, onun əksər hissəsi “Müalicə işi”, 200-dən çoxu stomotologiya və başqa sahələr üçün ayrılıb.
Beləliklə, I, II, IV qruplarda keçid balının artması ötən illərə nisbətən o qədər də hiss olunmayacaq, ancaq biz bunu III qrupla bağlı deyə bilmərik. III qrupda rəqabət, keçid ballarının artması və plan yerlərinin o qədər də çox olmaması abituriyentlərin işini digər qruplardan bir qədər çətinləşdirəcək.