Ədəbiyyat Samir Ramizoğlu

UNUDULMAYAN UNUTQAN

Yenə nəyisə unutdum… görəsən, nə etməliydim? Çox fikirləşdim, nəyi unutmuşam, amma nə yaxşı ki unutduğumu tez unuduram. Yoxsa çoxdan dəli olmuşdum.
– Yenə hara gedirsən, ay Vüqar?
– Sonuncu kitab sərgisində danışmışam, gedib kitabımı çap etdirəcəm. Son zamanlar cavanlar yaman kitab oxumağa başlayıb. Həvəsləndim lap.
– Gözlə, uşaqlar dərsdən gəlsin, bir yerdə gedərik, körpəni qoyub gedə bilmirəm.
– Narahat olma, özüm gedib taparam.
– Narahatam deyə deyirəm də. Son zamanlar unutqanlığın çoxalıb. Dərmanlarını içdin?
– Hə, hə, içdim.
– Bu gün neçə dənə dərman içməlisən?!
– Əşşşi, içdim dəəə.
– Allah şəfa versin.
– Sağ ol!
– Niyə inciyirsən?
– İncimirəm. Gedim tez, gecikməyim.
– Birinci nəşriyyata gedəcəm. 39 nömrə gedir o yana.
– Yaxşı, telefona cavab ver, səssizdən çıxarmağı da unutma.
İlk gedəcəyi yer 39-a minib nəşriyyata getmək idi. Və beləcə, dayanacağa yaxınlaşıb avtobusa mindi. Bəxtindən bu dəfə avtobusda adam az idi və rahatca əyləşib şüşədəki yağış damlalarının rəqsinə baxa-baxa fikrə daldı:
– İnsan sözünün mənası unutqandır deyirlər. Bəlkə, elə ona görə çox şeyi unuduram? Görən, nə etdim ki, yaddaşım bu qədər zəiflədi? Kimin bostanına daş atdım ki, Allah məni cəzalandırdı. Bəlkə, yediyimiz qidadandı? Yox, yox, əgər qidadan olsaydı, evdə hər kəs mənim kimi unutqan olardı. Maraqlıdır, bəs niyə etdiyim yaxşılıqları unutmuram, niyə mənə edilən pislikləri unutmuram? Niyə gəzdiyim cığırları hər gün xatırlayıram? Əgər yaddaşımda zəiflik varsa… Bəlkə, əvvəlkindən daha az kitab oxuyuram? Bəlkə, lazımsız şeylər haqqında çox fikirləşirəm? Sosial şəbəkələr, durmadan artan statuslar məni çox məşğul edir. Onlar mənə nə öyrədir? Heç özlərinə də bir şey öyrətmir, heç kim özündə eyib görmür. Hər kəs paylaşdığı statusa əməl etsəydi, dünyamız güllük-gülüstan olardı.
Beləcə, yağış damlalarının rəqsi xəyalını da rəqs etdirirdi.
Qırx dəqiqə sonra Züleyxa nigaran halda zəng etdi:
– Görüşə bildin?
– Yox, hələ çatmamışam nəşriyyata.
– Necə yəni çatmamışam? Axı sən çoxdan çatmalı idin?!
– Gözlə, soruşum. Qardaş, nəşriyyata çox qalıb?
– Nə nəşriyyat? 194 nə vaxtdan nəşriyyata gedir ki?
– Mən marşrutu səhv salmışam, başqasına minmişəm.
– Bildim elə, dərmanlarını da qoyubsan stolun üstünə, qalıb.
– Day bundan sonra dərman içməyəcəm. Bezdim əməlli-başlı, Allah haqqı. İşim-gücüm qurtarıb elə bil, gah balıq yağı, gah vitaminlər. Unutqanlıq üçün yazılan dərmanları qəbul etməyi də unuduram. Balıq yağını heç qəbul etməyəcəm. Balıq yağının xeyri olsaydı, balıqların yaddaşı olardı.
– Sən avtobusdan düşmə, yenə başqasına minib getmə, qal avtobusda, qayıt evə, sonra gedərik… Guya nəşriyyata getsəydi, nə olacaqdı? Kitablarını unudub, evdə qalıb. Yaxşı ki telefonu unutmayıb.
Bir saat sonra Vüqar evə gəldi. Çayını təzə içməyə başlayırdı ki, qəfil yerindən qalxdı:
– Dükana dəyim, gəlirəm.
– Evə bir şey lazım deyil, nəyə gedirsən? Çayını iç, dincəl, gedərsən.
– Kitablarımı dükanda unutmuşam, tez götürüm, gəlirəm. Nəsə lazımdı alım?
– Kitabları gətirdin, verdin də mənə, qoydum rəfə.
Son zamanlar nəyisə unutduğunu üzə vuranda çox utanırdı, neçə saat özünə gələ bilmirdi.
Sentyabrın 27-də gecədən səhərə kimi hər şeyi xatırladı, heç nəyi unutmadı, sanki həmin adam deyildi. Səhər açılan kimi heç kimə bir söz demədən evdən çıxdı. Bu dəfə gedəcəyi yeri dəqiq bilirdi, səhv marşruta minməmişdi. Gün batmağa az qalırdı. Və bu dəfə Züleyxa zəng etməyi unutmuşdu, başı qarışmışdı cəbhədən gələn xəbərlərə:
– Hardasan Vüqar, evə gec gələcəksən?
– Hardayam?.. Otuz ildir gözlədiyim həsrətimə qovuşmuşam. Otuz ildir içimdə alışıb-yanan intiqam atəşi daha da alovlanıb.
– Nə danışırsan, başa düşmürəm. Yoxsa… yoxsa müharibəyəmi yollanıbsan?
– Düz tapdın, sən bilirdin axı, mən bu anı necə səbirsizliklə gözləyirdim. Otuz ildir alnımıza yazılan ləkəni təmizləmək üçün necə can atırdım. Bu bizim son şansımızdır. Biz bu müharibəni zəfərlə tamamlamalıyıq. Özünüzə yaxşı baxın. Sizi göydə Allaha, yerdə də bir-birinizə tapşırıram…
Vüqar çoxlarından fərqli olaraq həyatdakı ən önəmli şeyi heç vaxt unutmamışdı. Yazdığı məqalələr, şeirlər, kitablar da Vətən həsrətiylə yazılırdı. Toyda, yasda da Qarabağ deyirdi. İllər sürətlə ötüb-keçdi. Vüqar unudulmazlıq qazandı. Nə vaxtsa Vüqara unutqan deyib lağ-lağı edənlər vaxt gəldi ki, onun kimi UNUDULMAZ olmaq istədilər…

Samir Ramizoğlu
“Füyuzat” jurnalının məsul redaktoru