Sükut bəzən qışqırıqdan daha təsirlidir. Qəzzanın küçələrində dolaşan külək hər evin divarına dəyir, dağılan divarların tozunu havaya sovurur. Bu yalnız daşların sükutu deyil. Bu, şəhid olan körpələrin sükutudur, anaların göz yaşları arasında pıçıldadığı duaların səsidir. Onlar ki üsyan etmədən itirdilər evlərini, ailələrini, bəzən də həyatlarını…
Hansı birindən ibrət götürək? Boynundan yaralanan uşağın “Allah canımı almadısa, sağamsa, demək, namaz qılmalıyam” deməsindənmi?! Yoxsa “Yaramda ciddi bir şey yoxdursa, axşam namazına yetişməliyəm” – deyə bağırmasımı bizi oyadacaq qəflətdən?! Bəlkə, Qəzzada atası öldürülən fələstinli uşağın “Səhər namazına indi məni kim oyadacaq?” – deyə dərdlənməsimi?! Yaxud yarasının şiddətli ağrısından azan səsinə sığınan uşağın imanı bizi silkələyəcək?!
Yox-yox, biz hələ düşünürük, Allah varsa (haşa!), onda Qəzzada bu vəhşiliyə niyə yol verir deyə “ciddi” sualların cavabını axtarırıq. Bu sualın arxasında bir az da imansızlığımızla təskinlik tapırıq. Mənəvi boşluğumuzu “doldururuq” bu bitməyən suallarla. Sualı yanlış qoyuruq, yanlış. Və yenə yanlış yerdə arayırıq cavabı, yanlış.
Qəzza bu dünyada bütün insanlığın imtahanıdır. Qəzzadakı müsəlmanların dirənişi, Allaha təvəkkülü bütün dünyanı heyrətə boğub. Qeyri-müsəlmanlar sosial mediada Qəzza müsəlmanlarının bu qədər dəhşətə rəğmən göstərdikləri səbrə, əqidə bütövlüyünə aşağı-yuxarı bu sualla reaksiya verirlər: “Onları bu qədər imanlı edən nədir? İslam dinini fərqli edən nədir? Onları birləşdirən nədir?” Onlar üçün dünya bir körpüdür, vətənləri isə axirət. Hər gecə Allaha yaxınlaşmaq üçün bir addım atdıqlarını düşünənlərdir onlar. Bu iman gücü bizə öz həyatımıza fərqli bir pəncərədən baxmağı öyrədə biləcəkmi?
Qəzzada hər gecə bir ümidlə başlayır – bir daha səhəri görmək və Allaha şükür etmək ümidi ilə…