Aktual Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” və COP29 niyə vacibdir?

Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Qlobal təhdidlərin, qlobal qarşıdurma və çəkişmələrin artdığı sırada iqlim dəyişikliyinin də dünyanın gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaratması fonunda Azərbaycanın həm iqlim məsələləri ilə məşğul olan dünya səvviyyəli COP29-a ev sahibliyi etməsi, həm də “Yaşıl dünya naminə həmrəylik ili”nin qeyd edilməsi əlamətdar hadisədir.


Bəs “Yaşıl dünya naminə həmrəylik ili” niyə bu qədər vacibdir və bu həm iqlim, həm də siyasi cəhətdən nələr vəd edir?


“Füyuzat” mövzu ilə bağlı siyasi şərhçi Tural İsmayılovun fikirlərini öyrənib.


O qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanın ekoloji məsələlər və dünyadakı iqlim məsələləri ilə bağlı obyektiv mövqeyini ifadə edir:


“Ümumiyyətlə biz hal-hazırda dünyanın başının savaşlara və siyasi qalmaqallara qarışdığı bir dövrdə böyük güc və siyasi mərkəzlərin görmək istəmədikləri məsələlərdə avanqard rolumuzu ifadə edirik. Bu gün Azərbaycan qlobal iqlim təhlükəsizliyinə mane olan bir çox məsələlərin həlli istiqamətində uğurlu bir ölkə qismində iştirak edir. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eyni zamanda bu fonda COP29 kimi vacib bir tədbirə ev sahibliyi etməsi, Azərbaycanın bu sahədəki rolunu bir daha göstərir”.


Müsahib həmçinin bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə qədər də bir sıra ciddi addımlar atılıb:


“Azərbaycan dünyada yeganə ənənəvi enerji məhsulları ixrac edən ölkədir ki, həm də alternativ və bərpa olunan enerji məsələsində öz potensialını nümayiş etdirib. Bu gün Azərbaycan təkcə neft və qaz məhsulları ilə deyil, eyni zamanda külək və günəş enerjisi ilə dünyanın diqqətini cəlb edir və ərəb coğrafiyasının, “Mastar” kimi nüfuzlu şirkətinin Azərbaycanla müqaviləsi var. Eyni zamanda biz bilirik ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında artıq 2 ildir alternativ və bərpa olunan enerji məsələləri üzrə konfranslar da keçirilir və burada Azərbaycanın Xəzər hövzəsindəki potensialı xüsusi dəyərləndirilir”.


Ekspert əlavə edib ki, Azərbaycanın bu gün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ideyaları və eyni zamanda dövlət olaraq ortaya qoyduğu mövqe bununla yekunlaşmır:

“Biz istənilən bir sahədə ekologiyaya xidmət edən, ekologiyanı qoruyan qərarların verilməyəndə iştirak edirik, istər ictimai nəqliyyatda, istərsə də Bakı şəhərinin abadlaşdırılması prosesində də iqlim məsələləri ön planda yer alır və hesab edirəm ki bu həm də bütün sahələrdə Azərbaycanın iqlim məsələlərinə və eyni zamanda ətraf mühitə olan hörmətini nümayiş etdirir”.