Elmin Nuri Köşə Yazıları

Zülmətqıran gəminin kapitanları: “Füyuzat” 18 yaş

“Füyuzat” artıq 18-ci ildir ki, özünün təzələnmiş ruhu-qanı, yenilənmiş ovqatı, daha da bərraqlaşmış zehni ilə zülmətqıran gəmi kimi qaranlıq yara-yara yol gedir…

Düz 18 ildir ki, hər yardığı qaranlığa, canını aldığı zülmətə öz ruhundan da nəsə qoyur, öz işığından da iz buraxa-buraxa yol gedir, daha doğrusu, yol açır…

“Yoldan gəlib, “yol”a gedənlər” çox yaxşı bilərlər ki, yol ruhunu yolaçanlardan yaxşı duymaq olmaz. Zülmətin o üzünə adlayaraq özündən sonra gələn insanlar üçün “yol”u açanlar öncə o yolu duyar, onu ruh halı kimi yaşayarlar. Yalnız və yalnız bunun sayəsində zülmət qırıb yol salarlar. Gerisində isə gələnlər gələr, gəlməyənlər isə…

Əziz “Füyuzat”! Artıq 18-ci ildir ki, sən də məhz bu cür addımlayır, beləcə yol salırsan. Cəhalət, ruhsuzluq, mənəvi özünüdərksizlik, milli heysiyyətsizlikdən qabar bağlamış zülməti yara-yara işıq yolunu göstərirsən…

Özü də elə bir işıq ki, başlanğıc nöqtəsi 1906-cı ilə, Əli bəy Hüseynzadə qələminin ucuna gedib çıxır. Balta odunu necə doğrayırdısa, o qələm də zülməti belə doğrayırdı; Əhməd bəy Ağaoğlular, Məhəmməd Hadilər, Yusif Ziyalar, Abdulla Şaiqlər, Hüseyn Cavid, Səid Səlmasi, Əhməd Kamallar, Ələkbər Sabir, Abbas Səhhətlər və daha kimlər bu “baltanın” səsinə toplaşar, qaranlığın necə doğrandığını qulaqları ilə (əslində, qələmləri ilə) dinləyərdilər. İti qayçı kağızı necə kəsirsə, o qələm də cahilliyi acımasızcasına elə kəsirdi. Əli bəyin qələmi məhz sənin sətirlərində zülmət cəlladlığı edirdi və edir də…

Əziz “Füyuzat”, səni bir məna, bir fikir olaraq gəzib qurtarmaq olmur. Səni gəzmək, özünə varmağın, milli özünüdərkin çətin, dolanbac yollarının qısa xəritəsinin üzərində adlamaq deyilmi?!Əziz “Füyuzat”, səni gəzmək, Vətəni, Azərbaycanı özündə bir sehir kimi qorumaq, “qırmızı qaranlıqlar”dan hifz etmək deyilmi?!Əziz “Füyuzat”, səni hər dəfə gəzmək – bir az da, bir az da Azərbaycan olmaq deyilmi?!

Düşünürəm ki, sən də düz 18 ildir ki, elə özün özünü gəzməklə məşğulsan. Bu gəzintidə kənardan nəhəng, həm də çox nəhəng bir zülmətqıran gəmi kimi necə ehtişamlı göründüyünü bir bilsən…

Yox, amma sən təkcə Zülmət qırmırsan ki! Sən eyni zamanda buraları, “Hali-Vətəni” milli heysiyyətsizlik minalarından da təmizləyir, bir tərəfdən də bu cür yol açırsan… Türkün ulu totemi – Qurd qaranlıq gecədə işıldayan gözləri ilə Oğuz türklərinə necə cığır açıb, necə yol göstəribsə, sənin də səhifələrinin az qala hər biri bir qurd olub zülmət yarır, cığır keçir…

18 yaşlı “Füyuzat”… MİMTA Fondu…

Dəyərlərin cəm olduğu o binaya hər dəfə gedəndə mən hər hansı məkanı yox, məhz “Füyuzat”ın özünü bir məna, mahiyyət olaraq gəzirəm. Redaksiya divarlarına hopmuş işığın, səmimiyyətin, ən əsası, çox az yerdə olan mənəvi ab-havanın əsl səbəbini məhz o “gəzinti”də tapmağa çalışmışam. Uzun illərdir ki, jurnalın bütün ağırlığını çiyinlərində gəzdirən, amma “dərgi” sözünü lap çoxdan öz şəxsi lüğətində “amal” ilə əvəzləyən Mübariz Yunusla bu “gəzinti”də söhbətləşmiş, nələrsə öyrənmişik.

Oradakı hər kəsin simasında, hərəkət-duruşunda, sevincində-kədərində belə “Səndə səyahət”in bir nişanəsi var.. Bəs necə? Başqa cür ola da bilməz. Axı bu gəzinti həm də Əli bəyin zülmət doğrayan qələmindən başlayır və nəhayətsizliyə doğru yol gedir. Professor Teymur Əhmədovdan (Allah rəhmət eləsin) başlamış, Mübariz Yunusun hər zaman pozitivliyini saxlayan ovqatında, Pərviz bəyin, Kənan bəyin gələcəyə aid inamlarında, Samir Ramizoğlunun fədakarlıq qarışıq səbir və təmkinində, gənc Həşim bəy, Ülviyyə xanımın sabahla bağlı düşüncələrində o gəzintinin şifrləri var…

Əziz “Füyuzat”, 18 ildir ki, yenidən varsan və hər dəfə müəllif kimi dostlarımızla (Tural İsmayılov, Bəhruz Əliyev, Kazım Kazımov) o redaksiyaya varanda divarlarında Əli bəyin qələminin “balta” səsini eşidirik… Zülməti odun kimi doğrayan həmin balta səsini…