Elçin Bilaloğlu Ədəbiyyat Füyuzat 124

28 APREL – Baş verməyə bilərdi

Azərbaycanın 28 aprel işğalından 102 il keçir. Bolşevik Rusiyasının 71 illik müstəmləkəçiliyi dönəmində ölkəmiz saysız-hesabsız mənəvi basqılara, qətl və qarətlərə məruz qaldı. Milli düşüncəmizin inkişafının qarşısının alınması məqsədilə imperiya bütün yollara əl atdı, aydınlarımızı – ziyalılarımızı məhv etdi. Çar Rusiyasının işğalçılıq siyasətini davam etdirən bolşeviklər 1918-ci ilin mayında öz müstəqilliyini elan etmiş, Şərqin ilk Demokratik Respublikasını yarandığı ilk gündən yıxmağa, öz müstəmləkəsinə çevirməyə cəhd edirdi. Nəhayət, 23 aydan sonra bolşevik Rusiyası arzusuna çatdı. Lakin hərbi müdaxilə və XI Ordunun qanlı  əməliyyatları, qətliamları nəticəsində Azərbaycan yenidən Rusiyanın tərkibinə qatılsa da, Azərbaycan Cümhuriyyəti (AC) xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq AC sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhvetmə gücündə deyil. Bu xalq müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Qeyd edək ki, XX əsrin əvvəlində, 23 aylıq müstəqillik dönəmində Azərbaycanda ayrı-ayrı güclər tərəfindən çoxlu iğtişaşlar törədildi. Təbii ki, bu, yeni qurulmuş hökumətin güc strukturlarının parçalanması, bir neçə tərəfli mübarizə aparması ilə nəticələnirdi. Həmin dövrdə hakim partiya olan “Müsavat” müxtəlif siyasi təşkilatlarla əməkdaşlıq etmək məcburiyyətində qaldı və nəticədə bir neçə dəfə kabinet dəyişikliyi baş verdi. Belə bir vəziyyətdə ölkədə bolşevizm təhlükəsi gündən-günə artırdı. Bolşeviklərin uydurduğu cəlbedici ideyalar, xüsusən də “Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə” şüarı fəhlə və kəndliləri şirnikləndirir, dövlətimizi yıxacaq güc halına gəlirdi. Eləcə də Azərbaycanın daxilindəki müxalif əqidəli bəzi hökumət nümayəndələri son məqamda bolşeviklərlə işbirliyi etdilər. Bəs 28 aprel fəlakəti necə, reallaşmaya bilərdimi? Xalq niyə özünün qurduğu Demokratik Cümhuriyyəti, sözün əsl mənasında, müdafiə etmək qüdrətində olmadı?

Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, I Dünya müharibəsinin sonuna yaxın həm Avropada, həm dünyanın başqa bölgələrində, həm də Qafqazda geosiyasi durum gərgin idi. Qərb dünyası, eləcə də dünyanın aparıcı dövlətləri bir tərəfdən Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını alqışlayır, digər tərəfdən Rusiya imperiyasının caynağından qurtulmuş dövlətlərin müstəqilliyini tanımağa tərəddüd edirdi. Çünki ortada Rusiyanın imperiyaçılıq xəttini davam etdirən bolşevik Rusiyası vardı. Məhz belə bir məqamda dünyanın aparıcı ölkələri Qafqazın bolşevik Rusiyasına güzəştə gedilməsini məqbul saydı.

Dünya dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmaması, iqtisadi vəziyyətin ağırlığı kommunistlərin, həmçinin digər müxalif qüvvələrin insanlara mətbuat yolu ilə təsiretmə imkanlarını artırırdı. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə mətbuata nəzarəti gücləndirmək qərara alındı və 25 oktyabr 1919-cu ildə Daxili İşlər Nazirliyi tərəfindən mətbuat tənzimləməsi layihəsi Məclisdə müzakirəyə çıxarıldı. Ümumilikdə layihədə mətbuata, xüsusən dövri nəşrlərə əlavə bəzi məhdudiyyətlərin tətbiqi təklif olunurdu. İlk oxunuşda qanun parlamentdə ciddi müzakirələrə səbəb oldu, məsələn, təklif olunan tənzimləmə nəşriyyat redaktorunun savadlı bir şəxs olması idi. Belə ki, kəskin etirazlar doğuran məqamlardan birincisi redaktorun savad dərəcəsinin idarə, qubernator, rayon və şəhər qubernatorları tərəfindən təyin edilməsi idi. Başqa sözlə, mətbuat azadlığı birbaşa inzibati idarəetmə aparatına bağlı olmalıydı.

“Müsavat” partiyasından baş nazir N.Yusifbəyli, Ş.Rüstəmbəyov, M.Ə.Rəsulzadə, A.Kazımzadə və Y.Əhmədov sözügedən qanun layihəsinin lehinə çıxış etdilər. Müxalifətdən Ə.Pepinov və S.Ağamalıoğlu qanunla əlaqədar hökuməti çox sərt formada tənqid edən çıxışla yadda qaldılar. Həmin dövrdə mətbuatla daha yaxşı işləməyi mənimsəmiş sosialistlər bu qanunu mətbuat azadlığının ağzına vurulan “xalta” adlandırdılar. Onların mövqeyi “Əhrar”, “İttihad” və bitərəflər tərəfindən dəstəkləndi. Nəticədə səsvermə böyük “sürpriz”lə nəticələndi. “Müsavat”ın qanun layihəsi 31-ə qarşı 27 səslə rədd edildi. Ancaq “Müsavat” fraksiyası qanun layihəsini ikinci dəfə səsverməyə qoymağa nail oldu və layihə qəbul edildi. Həmin dövr üçün bolşeviklərin müstəqil Azərbaycanın əleyhinə olan aktiv təbliğatının qarşısını almaqdan ötrü mətbuata nəzarət çox vacib amil idi.

Təəssüf ki, bu dövrdə “Müsavat” partiyasının daxilində də hökumətin xarici və daxili siyasətini kəskin tənqid edən çox güclü bir qanad formalaşmışdı. Parlamentdəki bitərəf qrupun lideri Behbud xan Cavanşir və Məmməd Həsən Hacınski də Rusiya ilə dostluq əlaqələri qurulmasının tərəfdarı idi. Bütün bu amillər bolşeviklərin hökumətə güclü təzyiq imkanına rəvac verirdi. 1920-ci ilin 11–12 fevral tarixlərində Azərbaycandakı sol partiyaların “Kommunist” partiyasını elan etməsi ilə Müsavat hökuməti üçün real təhlükə yaranmağa başladı.

Diqqət etmək lazımdır ki, 1919-cu ilin oktyabrından Rusiya vətəndaş müharibəsinin bütün cəbhələrində bolşeviklər üstünlük əldə etmişdilər. Qafqazda Denikinin məğlubiyyəti isə XI Ordunun Azərbaycana girməsini daha da asanlaşdırdı. Belə bir məqamda Böyük Britaniya və Fransa adıçəkilən ordunun Qafqazda irəliləməsini dayandırmaq üçün yeni tədbirlər görməli idi. Bununla əlaqədar yanvarın 10-da İngiltərə, İtaliya və Fransanın xarici işlər nazirləri ingilis nümayəndələrinin tövsiyəsi ilə Parisdə Ali Sülh Şurasının iclasını keçirdi. Görüşün təşəbbüskarı Böyük Britaniyanın xarici işlər naziri lord Kurzon idi. O, Qafqazdakı vəziyyətlə bağlı hesabat hazırladı, bütün Qafqazı və Yaxın Şərqi tez bir zamanda nəzarətə götürə biləcək bolşevik təhlükəsi haqqında məlumat verdi. Ortaq bir mövqe ilə əlaqədar olaraq lord Kurzon şuranın növbəti iclasında Lloyd Corcun təklifi ilə Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınmasının gündəmə gətirildiyini elan etdi. Beləliklə, Ali Şura 11 yanvar 1920-ci ildə son qərarı verdi: müttəfiq dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyədə tanıdılar.

Konfransda ABŞ və Yaponiyanın nümayəndələri hökumətləri ilə məsləhətləşmədikləri üçün iştirakdan imtina etmişdilər. Daha sonra yapon nümayəndəliyi Ali Şuranın qərarına qoşulduğunu bildirsə də, ABŞ rədd cavabı verdi.

Xüsusi olaraq bildirək ki, Parisdə Azərbaycanın de-fakto tanınması qərarı bolşeviklərin cənuba doğru irəliləməsinə mane olmaq üçün atılan gecikmiş addım idi. Bundan başqa, müttəfiqlər bolşeviklərə qarşı mübarizə üçün “Müsavat” hökumətinin kömək istəklərinin heç birinə cavab vermədi.

I Dünya müharibəsindən məğlubiyyətlə çıxan, əsrin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi hər mənada zəngin bir ölkəyə yiyələnməyin əhəmiyyətini çox gözəl anlayırdı.

Rusiya müstəmləkə illərində Azərbaycanda öz tərəfdarlarını formalaşdıra bilmişdi. Bu şəxslər o dövrdə imperiyanın müxtəlif mərkəzi şəhərlərində baş tutan inqilab dalğasının təsiri ilə şovinist rus “inqilabçıları”nın fanatikinə çevrilmişdilər. Belə bir çətin dövrdə bolşevik Rusiyası Bakı üzərinə 100 min nəfərlik, o dövr üçün təpədən-dırnağa qədər müasir silahlarla silahlanmış ordu ilə gəlirdi. Faktiki olaraq AC-nin bu qədər hərbi qüvvənin qarşısında dayanmağa gücü yox idi.

Həmin dövrdə Osmanlı Türkiyəsində baş verən hadisələri də diqqətdən qaçırmaq olmaz. Belə ki, 1919-cu ildə Sevr müqaviləsini tanımayan Kamal paşa və silahdaşlarının Samsuna gəlməsi ilə Türkiyədə ikihakimiyyətlilik yarandı. Burada Kamal paşa silahdaşları ilə xarici müdaxiləyə qarşı mübarizəyə başladı. Bu mübarizədə Kamal paşaya ilk böyük dəstək Sovet Rusiyasından gəldi. Müstəqilliyi üçün müttəfiqlərlə mübarizə aparan, Sovet Rusiyasının hərbi və diplomatik dəstəyinə ehtiyac duyan Kamalçı Türkiyə şimal qonşusu ilə yaxın əlaqələr qurmağa çalışırdı. Amma Sovet Rusiyası ilə Türkiyə arasında iqtisadi və hərbi ittifaqa İngiltərə və Fransanın təsiri altında olan Zaqafqaziya respublikaları mane olurdu. Mustafa Kamal digər türk hərbçilərindən fərqli olaraq pantürkist deyildi və bu ideologiyanın Sovet Rusiyası ilə münasibətlərə mənfi təsir edəcəyini yaxşı anlayırdı. Pantürkizm Kamal paşanın müəllifi olduğu “Türkiyə mənafeyinin birinciliyi” tezisi ilə uyğun gəlmirdi. Buna əsaslanan Kamal paşa Şərq ordusunun komandirlərinə Sovet Rusiyası ilə müttəfiqlik münasibətlərinin qurulması barədə tapşırıq vermişdi. Türkiyə Böyük Millət Məclisinin Şərq Ordusunun komandiri Kazım Karabekir paşa, Xəlil paşa və Nuru paşaya 17 mart tarixli məktubunda yazırdı: “Bolşeviklərin Türkiyə sərhədlərində görünməsi üçün bolşeviklər dərhal bütün Qafqazı ələ keçirməlidirlər. Bolşeviklərin Azərbaycanda, Dağıstanda və Gürcüstanda hakimiyyətə gəlməsini təmin etmək çox yaxşı olardı”.

Türkiyə tərəfi Sovet Rusiyasına Xəlil paşanın Dağıstandakı türk hərbi dəstələrindən Azərbaycanı ələ keçirmək üçün istifadə etməyi təklif etdi. Xüsusilə vurğulanırdı ki, Azərbaycana müdaxilədə Xəlil paşanın müsəlman bölüyündən istifadə neft ehtiyatlarını məhv olmaqdan xilas edə bilərdi. Türk Milli Hərəkatının İcraiyyə Komitəsi Bakıdakı türklərə Sovet Rusiyasının Qafqaz Regional Komitəsinin bütün əmrlərinə tabe olmağı ilə bağlı göstəriş vermişdi. Elə bu dönəmdə Xəlil paşanın rəhbərlik etdiyi bir qrup türk zabiti XI Ordunun fəal şəkildə təbliğinə kömək etdi. Türk əsgərləri yerli əhali arasında XI Orduya müqavimət göstərməməyə çağıran təbliğat işləri apardılar. Bu təbliğat bolşevik olmayan digər siyasi qüvvələrə də ciddi təsir etmişdi, məsələn, “İttihadçılar” və Müsavat”ın sol fraksiyası türk zabitlərinin inqilabçı Rusiya ilə inqilabçı Türkiyə arasında bir dəhliz yaratmağın zəruriliyi ilə bağlı iddialarından güclü təsirlənmişdilər.

Aprel ayının ortalarından etibarən Azərbaycan Kommunist Partiyası qiyam  üçün hazırlıqlara başladı. Qiyam Qafqaz Regional Komitəsi ilə birlikdə hazırlandı. Aprelin 22-də XI Ordu nümayəndələrinin iştirakı ilə Qafqaz Regional Komitəsinin Bakı Bürosunun və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iclasında aprelin 27-də Azərbaycan hakimiyyətinə təslim olması barədə ultimatum verilməsi üçün qərar çıxarıldı. Təyin olunan gün (aprelin 27-də) Azərbaycan kommunistlərinin silahlı dəstələri həm şəhərdə, həm də şəhər kənarında vacib obyektlərin ələ keçirilməsinə başladı. Tezliklə Bakının poçt, teleqraf, radio stansiyaları, polis məntəqələri, böyük neft sahələri və sənaye müəssisələri, hərbi və ticarət limanları Azrevkom-un ixtiyarında oldu. Diversiya qruplarının səyi ilə Bakı, şimal sərhədi və Gəncə arasında telefon, teleqraf rabitəsi sıradan çıxarıldı. Qiyam başladıqdan qısa müddət sonra Bakı qarnizonu bütün əsgərləri ilə birlikdə Azrevkom-un tərəfinə keçdi. Beləliklə, xalqımızın çoxəsrlik arzuları və çoxsaylı qurbanları bahasına qazandığı müstəqilliyinə son qoyuldu, müstəqil dövlətin bütün atributları ləğv olundu, Azərbaycanın ərazisi qanlı bolşevik ideologiyasına dayanan sovet imperiyasına birləşdirildi.

Bəli, birmənalı şəkildə vurğulamalıyıq ki, Azərbaycan Cümhuriyyəti 1920-ci ilin 28 aprelində çar Rusiyasının ambisiyalarını yaşadan bolşeviklər tərəfindən işğal olundu. Təxminən iki il müddətində sovet Azərbaycanı qismən müstəqil siyasət yürütsə də, öz mövqelərini möhkəmlətmiş kommunistlər 1922-ci ildə bütün qərarvermə səlahiyyətlərinə xitam verdilər. Fikrimizcə, tarixin bu məqamına diqqət etməli, müstəqillik immunitetimizi daim canlı tutmalıyıq. Əks halda müstəqilliyimizi qorumağımız çətin olar. Ona görə də bu kimi tarixlərə münasibətimiz birmənalı olmalıdır.

Azərbaycanda hələ təkcə 1920-ci ilin aprel ayının 28-dən 1921-ci ilin avqustuna qədər 48 min nəfər işğalçılar tərəfindən terrora məruz qalmışdır. Bolşeviklərə qarşı Gəncədə, Zaqatalada, Şəkidə, Naxçıvanda, eləcə də digər bölgələrdə baş vermiş 150-yə yaxın üsyan bir daha sübut edir ki, Azərbaycan xalqı işğal rejimi ilə barışmamış, özgürlük uğrunda mübarizəsini daim davam etdirmişdir.

Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa etdikdən sonra (1991) AC-nin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini qurdu.