Görmə pozğunluqları akademik göstəricilərə mütləq şəkildə təsir edir. Tez-tez göz qırpmaları, qıyaraq uzağa baxmaq, oxumaqda çətinlik çəkmək, baş ağrıları, diqqət əskikliyi, tez yorulma varsa, bu göz problemlərinin olduğunu göstərir.
Müasir dövrdə telefon, komputer, tablet istifadəsi daha geniş vüsət almışdır. Digital ekrana hər gün bir saat baxmaq miopiya (yaxından görmə) riskini 21% artırır. Bu vasitələrdən istifadə edərkən bəzi qaydalara əməl etmək lazımdır. Bəs həmin qaydalar nələrdir?

“Füyuzat” mövzu ilə bağlı Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin üzvü, həkim-oftalmoloq Vəfa Əliyevadan müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
– Bildiyimiz kimi, şagirdlərin və tələbələrin tədris prosesi zamanı elektron vasitələrdən istifadəsi göz sağlamlığı üçün zərərlidir. Bu zərəri minimuma endirmək üçün nə tövsiyə edirsiniz?
– Bunun üçün bir sıra yollar var:
1. Komputer monitorunun yuxarı sərhəddinin göz səviyyəsindən bir qədər aşağıda tutmaq. Baxarkən ekran tənzimləyicilərini doğru nizamlamaq, mavi işıq filtrindən istifadə etmək. 20/20/20 qaydasına əməl etmək, yəni – hər 20 dəqiqədən bir 20 saniyə gözümüzü 20 feet (yəni 6 m) uzaqlığa baxmaq lazımdır.
2. Telefona baxarkən ekranla gözümüz arasında 30–40 sm məsafə olmalıdır. Gecə qaranlıq mühitdə mavi işıq gözümüzün qaranlığa adaptasiyasını pozduğu üçün bu da yuxusuzluğa səbəb ola bilər.
3. Əgər ekran qarşısında uzun müddət oluruqsa, mütləq şəkildə gözümüzün nəmliyi üçün tez-tez göz qırpmaq, yaxud süni göz yaşı damcılarından istifadə etməliyik (həkim məsləhəti ilə).
– Qidalanma və yuxu rejimi görməmizə nə dərəcədə təsir göstərir?
– Yuxu rejiminin və qidalanmanın görməmizə çox böyuk təsiri var.
1. Şəkərli yeyəcəklərdən çox istifadə edən zaman qan şəkəri yüksəlir, tor qişada damarlardan qansızmalara və maye toplanmasına səbəb olur. Nəticədə, tor qişada geridönülməz dəyişikliklər baş verir.
2. Trans yağlar və doymuş yağ turşuları ( fast food, çipsi) – damar tıxanıqlığına gətirib çıxarır.
3. Duzlu qidalar (kolbasa, sosiska, konservlər) – arterial təzyiqin yüksəlməsinə, qan damarlarının divarını zədələməsinə səbəb olur.
4. Spirtli içkilərin – görmə sinirinin zədələnməsinə, göz quruluğuna, göz daxili təzyiqin artmasına təkan verir.
5. Rafinə karbohidratlar (ağ çörək, makaron) şəkərin yüksəlməsinə səbəb olur.
6. Süni dadlandırıcıların istifadə olunduğu müxtəlif şirniyyatlar allergik göz xəstəliklərinə gətirib çıxarır.
– Təcrübənizə əsasən, göz sağlamlığı ilə bağlı ən çox yayılan hansı miflərlə qarşılaşmısınız?
– Gündəlik rasionumuzda 1) A vitamini ilə zəngin qidalar – kök, kabak gecə korluğunu önləyir. 2) Omega 3 ilə zəngin balıq məhsulları, qoz , çia toxumu retina xəstəliklərinin qarşısını alır. 3) Sutein, zeaksantin kimi karatoinoidlərlə zəngin kələm, brokoli, ispanaq, qarğıdalı, qırmızı bibər tor qişanı sərbəst radikallardan qoruyur. 4) C və E vitamini ilə bol olan çiyələk, kivi, badam, sitrus meyvələri antioksidan özəlliyə sahibdir. 5) Sinklə zəngin qırmızı ət, paxlalılar da həmçinin gözümüz üçün faydalıdır. 6) Ən önəmlisi isə orqanizmin 60% -i, gözlərimizin isə 98%-i təşkil edən suyu gün ərzində doğru bir şəkildə qəbul etmək də göz sağlığımız üçün vacibdir.
– Göz sağlamlığını qorumaq üçün cəmiyyətə sadə, amma vacib 3 məsləhətiniz nə olardı?
– Əfsuslar olsun ki, bugünkü gündə cəmiyyətimizdə doğru bilinən yanlışlar içərisində gözlərimizi təhdid edən bir çox faktorlar var. Onlardan ən önəmlisi eynək taxaraq gözlərimizin buna alışmasıdır. Unutmayaq ki, eynək optik qüsurları düzəldən vasitədir. Vaxtında eynək taxmaq uşaqlarda göz tənbəlliyinin qarşısını alır, həyat keyfiyyətini artırır. Digər miflərdən biri – saçı uzatmaq göz zəifliyinə səbəb olur kimi yanlış fərziyyələrdir. Sözsüz ki, bunları artırmaq olar. Unutmayın ki, hər zaman mütəxəssis məsləhəti sizi doğru bilgiləndirəcək.
Sonda onu demək istərdim ki, daxili aləmimizdən dünyaya açılan bir pəncərədir gözlərimiz. Onları qoruyaq ki, dünyamızı daha gözəl və keyfiyyətli şəkildə görək.
– Çox sağolun. təşəkkür edirik.
– Buyurun.
Məryəm Hacıyeva



