Yolboyu gülümsəyən günəş qəfildən buludların arxasında gizlənərək gözdən itir. Təbiət yazdığım qeydlərlə bərabər dinlədiyim nəğməyə qoşularaq xatirə dumanı yaradır sanki… Bu dumanın içindən süzülüb gələn sətirlər isə Nəriman Həsənzadənin poeziya dünyasındandır:
“Görüşdük pillələrdə
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz”.
Şairin həmin misraları göz önündə elə onun ömür nərdivanını canlandırır. Sonralar ruhunun sirdaşı olacaq Sara xanım sevgi nərdivanı ilə ona doğru irəliləyəndə o başqa sevdaların sorağında idi:
“Sevdiyim qadınla ailə qurmuşam. Ancaq qəribədir ki, mən institutda 1-ci kursda oxuyanda o, 8-ci sinifə gedirdi. Onu bacım kimi görürdüm, bilmirdim ki, onun mənə hissləri başqadır. Deyirdim, Sara, get instituta, gör filan qız necədir? O da gəlib hamısını pisləyirdi, hərəsində bir nöqsan tapırdı”.
(Nəriman Həsənzadənin müsahibələrindən)
Ancaq bu sevgi cavabsız qalmır. Sevən könüllərdə taxt quran məhəbbət dastanına çevrilir:
“Sən açdın bir qəlbin məhəbbətini,
mən duydum bir ömrün səadətini.
Sənsiz hər sözünü, hər söhbətini,
sənsiz hər ədanı xatırlaram mən”.
Sara xanımın vaxtsız vəfatı ilə bu məhəbbət dastanı xatirələr dumanından boylanır:
“Mən səni sevəndə yaz havasıydı,
Neyləyim, taleyin gözü tökülsün.
Həyatım əlində quş yuvasıydı,
Quran özün oldun, uçuran özün”.
Həyatın amansız hökmü ilə o, Saranın cismini itirsə də, ismini yaşadır:
“Cibimdəki telefonda canım qalıb,
səssiz gələn, o zənglərin arasında.
Tapdım səni, gör hardasan, sənə qurban,
mən yazdığım şeirlərin arasında”.
Onu yaşadan sevgi dolu sətirlər isə təkcə bir şairin fərdi ağrısı deyil, ömür-gün yoldaşını itirən bütün ataların ürək sızıltısına çevrilir:
“Daha yaş artdıqca səbrim azalır.
Yaş aşdı… Neyləsin, yaş əyir, qızım,
Qadınsız ata da anasız qalır,
Ürəyim ananı istəyir, qızım…”
Dinlədiyim nəğmə bitsə də, yaratdığı o xatirə dumanı çəkilmək bilmir. Çünki bu misraların arasında Sara xanımın adı, Nəriman müəllimin bitməyən həsrəti və ölümsüz bir eşqin pıçıltısı gizlənir.



