Xəbərlər

Səfəvilərin Qafqazda demoqrafik siyasəti

Rusiya Federasiyasının subyekti Dağıstan Respublikasının ərazisində dünyanın və Azərbaycanın ən qədim şəhəri Dərbənd yerləşir. Bu şəhərdə tarixən etnik azərbaycanlılar məskunlaşıb və Azərbaycan dili Dağıstan respublikasının rəsmi dilləri arasında yer alır. Vaxtilə Qafqazın “Linqva frankası [ortaq dili]” Azərbaycan türkcəsi idi, bu barədə Türk tarixçisi Cihat Aydoğmuşoğlu bu fikirləri bölüşür: “(II Şah Abbas dövründə) Səfəvilər Dağıstan bəylərinə öz hakimiyyətlərini tanıtmış və bunun nəticəsində Türk Dili Qafqazda ümumi ünsiyyət dili halına gəlmişdir”. (Mənbə: Cihat Aydoğmuşoğlu. Safevi Devleti (1501–1736). Post Yayınevi, İstanbul 2022)

“Народы Дагестана (Dağıstan xalqları)” əsərində isə Qafqaz xalqlarının Etnogenezində Səfəvilərin rolu belə qeyd edilir: “XV əsrin birinci yarısında Dağıstana oğuz-türkmən mənşəli Qaraqoyunlu tayfaları daxil olur. Tədqiqatçılar tərəkəmə etnonimini və Şirvanda tərəkəmələrin ayrıca etnik qrup kimi formalaşmasını məhz onlarla əlaqələndirirlər. XVI əsrin sonlarında isə Qaytaq usmiliyi tərəfindən təşkil edilmiş sistemli köçürmədən sonra bu köçəri tayfaların bir hissəsi Quba və Şirvan ərazilərindən Dağıstana köçürülmüş və indiki tərəkəmələrin əcdadları burada ikinci vətənlərini tapmışlar. Toponimik materiallar və S.Ş.Hacıyevanın tədqiqatları göstərir ki, Dağıstan tərəkəmələrinin (azərbaycanlıların) formalaşmasında təkcə türkdilli (tərəkəmə, padar, qaradağlı, qayı və s.) tayfalar deyil, həm də irandilli (tatlar) tayfalar, eləcə də tərəkəmələrlə sıx etnomədəni əlaqələri olan qonşu xalqların nümayəndələri iştirak etmişdir.

Dağıstanda azərbaycanlı əhalinin sayının daha da artmasına XVI əsrin əvvəllərindən etibarən bölgədə öz hakimiyyətini möhkəmləndirmək məqsədi ilə aparılan İran hökmdarlarının köçürmə siyasəti şərait yaratmışdır. Belə ki, I Şah İsmayıl 1510-cu ildə Dərbəndi ələ keçirdikdən sonra buraya Təbrizdən (rumlu və qaramanlı tayfalarından) 500 ailə, daha sonra isə Bayat tayfasının bir hissəsini köçürmüşdür.

I Şah Təhmasib 1540-cı ildə Qürçian (Kürçi) tayfasından 400 ailəni buraya yerləşdirmişdir. I Şah Abbas isə 1579-cu ildə Dərbənddən sünniləri çıxararaq burada güclü Qızılbaş qarnizonu yerləşdirmiş, həmçinin yarımköçəri Bayat və Ustaclı tayfalarından 400 ailəni bu bölgəyə köçürmüşdür. Bu siyasəti XVII-XVIII əsrlərdə İran (Səfəvi) hökmdarları I Səfi, II Abbas və Nadir Şah da davam etdirmişdir. Adam Oleariusun (1638) məlumatına görə, Dərbənddə ayrumlu və koydurşa türk tayfalarından 500 döyüşçü yerləşdirilmiş, digər ərazilərdə də qarnizonlar mövcud olmuşdur. Nadir şah isə 1741-ci ildə Dərbənddə Azərbaycan mənşəli Mikri tayfasından bir neçə yüz ailəni yerləşdirmişdir”. (Mənbə: Народы Дагестана/Отв. Ред. С.А.Арутюнов, А.И.Османов, Г.А.Сергеева. – М.: Наука, 2002. – 509 с: ил. – (Народы и культуры).

Səfəvilərin və Qızılbaşların Azərbaycanın əsas dövlətçilik meyarı kimi seçilməsi heç də təsadüfi deyil, Səfəvi imperiyasının apardığı demoqrafik siyasət Azərbaycan icmalarının Şimali Qafqazda, İraqda, Özbəkistanda Əfqanıstanda, Pakistanda və Hindistanda formalaşmasına, Azərbaycan türklüyünün mədəni və tarixi irsinin daha geniş coğrafiyalara yayılmasına zəmin yaratmışdır.

Qızılbaş Qlobal İrsi Təşkilatının əməkdaşı, araşdırmaçı Vahid İbayev