Səhər yelinə qarışan yüngül bir sükut vardı bu gün. İtirdiklərimizin ruhuna yaxın olduğumuza inandığımız, artıq mənə doğmalaşan o məkana doğru irəliləyirdim. Tanış yol, tanış addımlar, amma hər dəfə bir az başqa cür yaşanan duyğu. Bu dəfəki ziyarətimdə rastıma çıxan bir çiçək məni həmin qarışıq duyğulardan ayırdı. Yolun kənarına atılmış, şehli torpağın üstündə duran ağ qızılgül… Kimin qoyduğu bilinməyən, amma sanki bilinmək də istənməyən bir gül. Elə bil onu burada qoyub gedən gülün dili ilə nəsə demək istəyib. Səssiz, amma dərindən, içdən gələn bir söz, bir cümlə. Əlimi uzatmadım. Toxunmaq istəmədim. Çünki bəzən toxunduğun an pozulur içindəki sükunət. O gül, necə qoyulmuşdusa, elə də dayanmalı. Ətrafda hər şey susmuşdu o an. Ağacların sükutu, quşların bir müddətlik susması, hətta küləyin belə nəfəsini saxlaması – hər biri o ağ gülün varlığını qəbul edir, onunla həmfikir görünürdü. İçimdə bir qəribə yüngüllük və ağırlıq eyni anda yer tapmışdı. Duyğuların necə bu qədər zidd, amma bir o qədər də tamamlayıcı ola biləcəyinə heyrət edirdim. Həmin gülün varlığı, içimdəki itkilərin səssiz hekayəsini danışırdı. O anda ağlıma qəribə, amma bir o qədər də aydın bir fikir gəldi: Ayrılığın nişanəsi sarı güllər deyil. O, bəzən bir baxışda, bir sükutda, bir məktubun yazılıb heç vaxt göndərilməməsində, ya da torpağın üstündəki ağ qızılgüldə gizlənə bilər. Ayrılıq hər zaman hayqırtılı olmur. Bəzən o sadəcə sənin bildiyin, amma heç kimlə bölüşmədiyin sirr kimi yaşayır içində. Ağ qızılgül – o sanki içimizdə susan kədərin rəmzidir. Göz yaşlarının damla-damla deyil, səssizcə içimizə axdığı anların təcəssümüdür. Onun rəngi sanki acını yumşaldır, qəzəbi soyudur, itirməyi qəbullanmağa sövq edirdi. Bəlkə də, elə bu səbəbdən ağ rəng kədərin deyil, barışın və daxili dincliyin simvoludur. O güldə nə bir günah, nə də bir şikayət vardı. Sadəcə baş vermişliklərin təmkinlə dərk olunmuş sakitliyi gizlənirdi içində. O qızılgül mənə bir çox şeyi izah etdi. Oxuduğum kitablardan, dinlədiyim sözlərdən daha dərin. Sadə, amma dərin. Səssiz, amma güclü. İnsan uşaqlıqdan öyrəndiyi rəmzlərin, rənglərin, mənaların bir gün dəyişə biləcəyini düşünmür. Amma həyat göstərir: heç nə əbədi deyil. Hətta mənaların özü də.
Ağ gül bəzən itkinin ən zərif formasını təmsil edir. O sanki insanın içində gizlənmiş, dillənməyən, amma hər zaman orada olan bir xatirə kimi dayanır. Ağ qızılgül deyir ki, bəzən susmaq danışmaqdan daha çox şey söyləyir. Bəzən bir çiçək bir insanın bütün hisslərini ifadə edə bilər. Həmin an başa düşdüm ki, bəzən bir gül içində gizlətdiyi minlərlə duyğu ilə bizə heç dilə gəlməyən həqiqətləri deyə bilər. Və astaca pıçıldayar qəlbimizə: Ayrılığın rəngi həmişə sarı olmur…
Müəllif: Günel Natiqqızı