Uşaq vaxtı böyüklər “filankəs əlli, altmış, nə bilim, yetmiş və daha çox yaşında vəfat edib” dedikdə öz-özümə deyirdim ki, niyə bu qədər üzülürlər, qəmgin şəkildə danışırlar. İnsan nə qədər yaşamalıdır ki? Amma böyüdükcə başa düşürəm ki, yanılmışam. İndi yanımda kimsə elə danışdıqda ürəyimdən bir ox sancılıb keçir sanki, gözümün qarşısında valideynlərim, doğmalarım canlanır. Bir gün həyatın bizi də ayıracağını fikirləşib istəmədən gözlərimin dolduğunu, qəribə bir təlaşın məni sardığını hiss edirəm. Hər şey mənə yuxu kimi gəlir. Sonsuz ayrılığa hazırammı?
Biz yaşamdan ölümə doğru hər gün cəsarətlə addımlayırıq. Ağacdan tökülən yarpaqlar kimi bizim də ömrümüzdən yarpaqlar bircə-bircə əskilir. Doğulur, böyüyür, həyatın şirinliyini, xoşbəxtliyini, ağrı-acısını dadır, ummadığımız ağır sınaqlardan yaralı halda sağ çıxır, kainata meydan oxuyur sonda isə əbədiyyən gözlərimizi işıqlı dünyaya yumuruq. Amma üzülmək lazım deyil, çünki bu son deyil bu, yenidən doğulmanın başlanğıcıdır, biz sonsuzluğa qədəm qoyuruq.
Dünyanın nə qədər fani olduğunu hər gün daha yaxşı dərk edirəm. Bir gün əvvələ qədər danışdığın, ünsiyyətdə olduğun insanların qəfildən qara xəbərini almaq… Bir daha onun səsini eşitməmək, isti nəfəsini duymamaq, nəvazişindən, qayğısından uzaq olmaq çox ağrıvericidir. Necə deyərlər, “güllər solar, ətri qalar əllərimizdə”, o ətir də, sima da, səs də zaman keçdikcə bizi yavaş-yavaş tərk edər. Özümüzü zamanla vəfasızlıqda günahlandırarıq.
Zaman ən amansız silahdır. Gəncliyimizi, sağlamlığımızı bizdən alıb əvəzində qırışmış dəri, qar kimi ağarmış saçlar, dinmək bilməyən ağrılar, iztirablar verir. Ən dəhşətlisi isə bir zamanlar heç nəyi unutmadığımız yaddaşımızdan ən doğmalarımızın siması, səsi yavaş-yavaş silinməyə başlayır. Sonda onlar tanımadığımız insanlardan fərqlənməz hala gəlir, yadlaşırlar.
Həyat doğmaları bir-birindən bezdirəcək qədər etibarsızdır…Bəzən doğmalarımızdan yorulur, onların varlığından narahat olacaq həddə çatırıq. İnsanlar yaşlaşdıqca, xüsusən də ölümünə az qalmış, məncə, çox narahat olur, ruh halları birdən-birə kəskin şəkildə dəyişir, yaxınlarına istəmədən də olsa, yük halına gəlirlər. Bəzən fikirləşirəm ki, onlar bizim tanıdığımız şəkildə –gülərüzlü, şirinsözlü köçüb getsələr, biz buna dözə bilməz, dəli olmaq həddinə çatardıq. Amma, necə deyərlər, bir gün gələn bir gün köçüb gedər. Dünya gözümüzdəki yaşlar kimi dolar, boşalar. Önəmli olmaq sadəcə yaşamaq deyil, necə yaşamaqdır. Allahın bizə verdiyi bu əmanətə sahib çıxmaqdır, nəfəs aldığımız zamanda gördüyümüz işlərdir. Hansı ki biz gözümüzü əbədiyyətə yumduqda bu işlərimizlə ya daim xatırlanacaq, ya da heç yaşamamış kimi unudulub gedəcəyik, çünki biz burada müsafirik. Yaşadığımız dövrdə gözəl əməllər edək. Edək ki, bir gün gözümüzü əbədiyyətə yumduqda heç yaşamamış kimi unudulmayaq, tarixin səhifələrindən silinməyək…