Təqvim ili qışla başlasa da, bütün gözlər, könüllər baharı gözləyir, ilk çərşənbəyə qalan günləri sayır, hər gün qarın altından boy atacaq qarçiçəyinin həsrətini çəkir. İnsanların bu qədər səbirsizlik göstərməsi qışı özündən çıxarır. O da tələsir, əsəbiləşir, qarı-çovğunu qarışdırır bir-birinə. Hər kəs qışın qəzəbindən qaçıb yığışır ocağının başına və havada oynaşan-qaynaşan qar dənələrinə baxıb için-için sevinir ki, bahar yaxınlaşır.
Baharın hikməti, gücü ondadır ki, özü gəlməmiş nəfəsi gəlir və qışın boz ayı bütünlüklə baharın müjdəçisinə çevrilir. Bir baharın tablosunu çəkmək tələb olunarsa, yəqin, iki cür şəkil çəkilərdi: qarın-buzun içində qorunan, həsrətlə cavabını gözləyən bir ümid və həmin ümidin artıq gerçəkləşmiş halı. Biz də əvvəlcə o ümidin rəsmini çəkək…
Bütün fəsillər kimi baharın da öz sevgisi var. Ancaq heç bir fəsildə sevgi bu qədər açıq bəyan eləmir öz varlığını. Buna görə də baharın özünəməxsus bir nəfəsi olur. Əriyən qarın, qalanmış çərşənbə ocaqlarının, qarın altından sanki sürməli gözləri ilə ordan-burdan boylanan nəm torpağın, titrəşə-titrəşə bir-birinə sığınan nərgizlərin ətri gəlir bu nəfəsdən. Bu ətri heç nə ilə səhv salmaq mümkün deyil. Yalnız bahara məxsus bu nəfəsdə duyulan sevgini başqa sevgilərdən fərqləndirən kiçik bir ümiddir. Baharın ruhunu içində gizlədən, bəsləyən kiçik bir ümid. O qədər bir-birinin içinə işləyiblər ki, bilmək olmur ümid birincidir, yoxsa sevgi? Ümid sevgiyə dəstəkdir, yoxsa sevgi ümidə? Bəlkə də, bu qeyri-müəyyənlikdir ki, sevgini Eşq səviyyəsinə ucalmağa qoymur…
Bütöv zaman fonunda baxanda ümid bir göz qırpımından da az vaxt alır. Ancaq nə qədər qısa olsa da, hökmü böyükdür: bir anın içində ürək ya pardaqlana, ya da ölə bilər. Təbiətin ümid adlı göz qırpımının adı isə bahardı.
Hər fəsli sevdirən incə bir məqam olur. Baharı sevdirən də onun bu qədər gizli ümidlərlə aşıb-daşmasıdır. Bu ümid dolu sevgini hər yerdə, hər zərrədə duymaq olur. Axı bütün təbiəti, hətta daşı da qış yuxusundan oyadan, göydə buludların da rəngini dəyişən, günəşin hərarətini də artıran odur.
Uzun müddət çillə çəkmiş təbiətin ümidi yavaş-yavaş, udum-udum, doya-doya cavablanır. Hər yeddi günə bir cavab: sıra ilə suyun, yelin, odun və torpağın ümidləri reallaşır və daha bir həyat çevrəsi çəkilməyə başlayır. Həyatın oyanışının tamaşasına biz də duraq.
Baharda yağış fərqli yağır. Qardan sonra yağışın öz bərəkəti, öz hikməti olur. Sevinci rənginə hopan buludlar ümid dolu sevgisini hər damlasına yükləyib göndərir yerə – onu gözləyən könüllər üçün… Hər damla göylərin lütfünü yerə çatdırmağı özünə borc bilir. Bir vaxtlar günəşin istisinə aşiq olub buxarlanan su indi yeni mahiyyətlə, yeni xəbərlərlə təkrar yerə tələsir. Damlalar özləri də gətirdikləri həyat eşqini kimə verəcəklərini maraqla gözləyir…
Bəli, baharın yağışı fərqlidir, çünki hər damlası bir ümiddir – sevgi dolu ümid. Səpələnən hər damla yerdə əriyən qarın suyuna qarışıb axdıqca ümidi daha da artır ki, dəryaya çatacaq. Bəzi damlalar birbaşa çaya, dənizə düşür, bəziləri donmuş, quru budaqların üstünə. Dənizin qoynuna düşənlər doğma ana qucağında mışıl-mışıl yırğalanır, dünyanın möcüzələrindən bixəbər qalır. Başqa yerlərə düşən damlalar isə hərəsi bir sirr pıçıldayır, hərəsi bir ümid cücərdir. Əvəzində onlar da damlalara öz könül dünyalarının qapılarını açır, ümidlərini söyləyirlər. Qarın altında donmuş budaqlar, üstünə damlayan lütfdən torpaq sanki ayılır, üzünü yuyur, yeni günə – yeni həyata hazırlaşmağa başlayır. Hər damlaya könüllərlə ünsiyyət qismət olmur axı!
Bulud həyanım olsun,
Sözüm, fəryadım olsun.
Yağışın hər damcısı
Yara bəyanım olsun.
Təbiətin hər məqamının hikmətini duyan könüllər baharın su ilə gələn ümidinə, damlayan sevgisinə Su çərşənbəsində şükür deyirlər.
Baharın sevgi dolu nəfəsi küləklə də hiss olunur. Sanki ümid əsir və qarın boz üzünün küncdə-bucaqda qalmaması üçün hər yerə xəfifcə dolur, təravətləndirir. Külək donu açılmış və indi də təzə bahar donunu geyinmək istəyən budaqları baş-başa gətirir, onların pıçıltılarını dinləyir. Günbatandan günçıxana, gecə-gündüz yorulmadan buludları qovur, pərdələri yellədib baharın nəfəsini-ümidini evlərə doldurur.
Yel əssin – yelə dəysin,
Meh əssin – telə dəysin.
Tək əldən nə çıxar ki,
Əl gərək ələ dəysin.
Qədim bir inanca görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edəndə, gizlin bir ümidinə cavab gözləyəndə sənə külək cavab verir – əsməyi ilə. Əsib söyüdün budaqlarını torpağa toxundurarsa, deməli, diləyin yerinə yetəcək. Maraqlıdır, külək söyüdün əlini Ana Torpağa çatdırır, o da qismətində olan lütf payından səni xəbərdar edir. Beləcə, küləyin gətirdiyi ümidlər Yel çərşənbəsində könüllərdə əks-səda verir.
Baharın ümidlərinin sözçülərindən biri də oddur. Qarlı qışda soyuğa meydan oxuyan, qızarsa da qızdırmayan günəşin hərarətini əvəz edən ocaq baharın gəlişi ilə daha böyük ümidlə alovlanar. O çox gözəl bilir ki, ocaqlar nə qədər yanarsa yansın, “Allah onların nurunu aparsa, özlərini də görə bilməyəcəkləri zülmətlər içində qalarlar” (Quran – 2/17).
Könüllərin nuru olmasa, çatılan ocaqların cəhənnəm atəşindən fərqi qalmaz. Buna görə də baharda ocaqlar ümid edir ki, kor ocaqların gözləri açılacaq, verdikləri hərarətdən həyat doğulacaq. Günəşin nurundan ağacların ümidləri – tumurcuqlar çırtdayacaq, arzudan arzu doğulacaq. Beləcə, nur dolu könüllərdəki ümidlər Od çərşənbəsində sacın üstündəki qovurğa kimi atılıb-düşəcək.
Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
Ağırlığım od olsun,
Odda yanan yad olsun.
Nurun oda çevrilməsi qaşla göz arasındadı. Baharın ümidlərindən biri də o həddi keçməməkdir. Məhz baharda, Od çərşənbəsində ümidlərin çiçəklənməsi üçün hər kəs ağırlığını odda yandırmaq istəyir. Tonqalın üstündən atılmaqla özünün oddan və oddan törəyən yaradılmışdan – şeytandan ucada olduğuna ümid edir, arzularına qoşulub qanadlanır, uçur və həmin anda bütün ümidləri, arzuları bir-bir ürəyindən keçir. Az qala hər biri üçün on dəfə bu ocağın üstündən hoppanmaq istəyir.
Baharda ümidi aşıb-daşanlardan biri, birincisi, ən səbirsizi torpaqdır. Ancaq bütün Analar kimi özü hər kəsdən sonraya qalır. Əslində, hər övladının gerçəkləşən ümidi su olub onun ürəyinə çilənir, yel olub üzünü təravətləndirir, ocaq olub canını isidir. Amma hardasa dərinliyində özünün də ümidləri var ki, qoynundakı balalarına həyat enerjisi verə bilsin. Ana Torpaq özü ümid dolu olmasa, nə suyun bərəkəti, nə küləyin hərəkəti, nə də odun cəsarəti bir şeyə yarayar. Ümid ümidə dəstəkdir axı…
Şaxtadan, sazaqdan sızıldasa da, Ana Torpaq içindəki ümidi qoruyub saxlayır və baharda bir ümid min olur. O ona əmanət edilən hər toxumun, hər həyat mənbəyinin keşiyini çəkir, sevgi ilə, ümidlə bağrının başında bəslədiklərinin boy atmasını gözləyir. Torpaqdan cücərənin hərəsi bir ümiddir. Fərqi yoxdur – göydən gələn damla olsun, yaxud əriyən qar suyu olsun, əgər ümidlər üst-üstə düşürsə, bir sünbül, bir fidan, bir çiçək boy atıb çıxır. Torpağın üzünü ilk güldürən isə qarçiçəyi olur. Əslində, qarı, buzu əridən torpağın içindəki ümidin hərarətidir. Qarçiçəyi yox, baharın, həyatın özü boylanır qarın altından. Bəlkə də, ağappaq qarın arasından boylanan torpağın sürməli gözündə parlayan bir ümiddir o qarçiçəyi.
Baharın bərəkəti ondadır ki, torpağın nə altında, nə də üstündə Yaradanın lazım olan payı, lütfü əskik qalır, heç bir ümid solmağa, qurumağa məhkum qalmır. Vay o haldan ki, yerdəkinin ümidi qırılmış, kəsilmiş ola. Bax onda onun üstünə gələn başqa ümidlər də kəsilir, əliboş qalır. Ana Torpağın hikmətini dərk edən könüllər Torpaq çərşənbəsi ilə bahara “xoş gəldin” deyir.
Baharın çəkəcəyimiz ikinci tablosu dörd ümidin cavabını özündə əks etdirəcək, daha doğrusu, baharın ümidlərinin artıq həyat qazanmış nəticələridir.
Baharda hər ağac özü ilə danışır, dərdləşir. Budaqlar gövdə ilə, gövdə kökü, kökü torpağı ilə pıçıldaşır – bizə yenə sevgi payı varmı?! Sakit, ilk baxışda hələ də yuxudaymış kimi görünən bir ağacın ümid dolu təşvişindən yalnız bahar xəbərdardır. Əslində, bu pıçıldaşma özü həyatın bir nişanəsidir, ümidin közüdür. Bağda ağacın budaqlarında görmək olur o ümidi – qupquru, bomboz bir budaq için-için həyəcanla gözləyir – tumurcuqlarının hamısı oyanacaqmı, içindəki sevgisi onların hamısını qışın sərt üzündən qorumağa yetibmi? Qəribədir, baharda budaqların budanmasında, əl-qolunun doğranmasında da ümid var… Axı həyat damarı quruyanda deyiləcək “sözlər” də bitir. Buna görə də budağın ümidi kəsilməsin deyə onun tükənmiş qolu kəsilir. Yaxud sevgi payı bütün ağaca yetməyəndə kiçik ümidlər daha böyüyə qurban verilir – ağacın barlı-bəhərli olması üçün kiçik budaqlar kəsilir. Ancaq ağacın budaqlarının budanmasının öz vaxtı var. Bir az gecikəndə, ümidlər artıq cücərəndə budaq kəsilən qolu – ümidi üçün “göz yaşı” axıdır və onun gözünün suyunu “silməsən”, təsəlli verməsən, quruyub ölər.
Baharın gözəl nişanələrindən biri də çölü-çəməni bürüyən nazlı qızıl lalələrdir:
Bahar gələndə mən də,
Bitərəm göy çəməndə.
Mən baharın qızıyam,
Köynəyi qırmızıyam.
Bahar sanki bütün rəngləri bir-bir əlavə edir və qışdan sonra təbiətin yeni tablosunu çəkir. Tablo o qədər ümid dolu olur ki, ona tamaşa edən hər kəsin ilk reaksiyası öz içində oyanan ümidə sevinməsi olur. Bu rənglərə baxan istər-istəməz baharın nəfəsini, səsini də eşitməyə başlayır: otların arasındakı balaca bir bulağın şırıltısı, yuvalardan boylanan sarıdimdik ətcəbala quşların civiltisi…
Bəli, ümid həyat közüdür, alovlanana qədər dincəlmir. Bahar da o közün qoruyucusu, alışmadan sönməməsi, yaxud alışıb ətrafını yandırmaması üçün lazım olan şəraiti yaradan fəsildir. Bəlkə də belə tədbirli, səbirli olması səbəbindən sevgisi belə sakit, kövrək olur, Eşq səviyyəsinə qədər qalxmır!..
Könül Bünyadzadə