Ədəbiyyat Könül Bünyadzadə

Dörd ünsür

Su

Dörd ünsürdən biri olan su hər varlıq üçün həyat qədər əhəmiyyətlidir: cansız hesab etdiyimiz minerallar, möhtəşəm planetimiz və bunlar arasında olan hər şey üçün. Maraqlıdır, hər nə qədər insanın yaranışında su olsa da, su onun məkanı deyil. Suyun öz sakinləri vardır və bu sakinlərinə həyatı bir cür verir: içindən, “ürəyindən”. Ondan kənardakılara isə bir ayrı cür verir: zahiri ilə.

İnsanın da varlığında su vardır, deməli, suyun bəzi keyfiyyətlərini özündə daşıyır. Biz də məhz suyun bu xüsusiyyətindən danışmaq istərdik.

İnsan var ki, bir stəkan, hətta bir qaşıq su qədərdir. O, mütləq nəyə isə əlavə olunmalıdır, hansı isə əhəmiyyətli bir prosesin kiçik bir detalıdır. İlk baxışda vacib görünə bilər – susuzluqdan yanan adam üçün bir damla suyun da qiyməti böyük olduğu kimi… Amma, əslində, o heç nəyi həll etmir, sadəcə bir əlavədir.

İnsan var ki, gölməçədir, müxtəlif yollarla – yağan yağışdan, hansısa arxdan sızan suyun yığıntısı kimi… Ətrafında müəyyən dəyişikliklərə səbəb ola biləcək qədər yeri var. Bu gölməçədə yeni canlılar yaranır, yeni bitkilər bitir… Maraqlıdır ki, belə yerlərdə ney hazırlanan qamış da bitə bilər, ətrafa üfunət də yayıla bilər. Burada yaşılbaş ördəklər də yuva qura bilər, çömçəquyruqlar da. Əsas olan burda suyun durğun, çöküntünün çox olmasıdır və ov üçün çox əlverişli yer olmasıdır.

İnsan var ki, göldür. Hansısa çaydan, hətta çaylardan, yeraltı sulardan bollu su alıb öz mühitini yaradan göl. Daha zəngin flora və faunası, ekzotik görkəmi olan göllər, əsasən, axar sularla qidalandığından suyu çox vaxt şirin olur və bu səbəbdən ətraf yerlər üçün içməyə, suvarmaya yarayır. Belə üstünlüklərinə görə gölləri olduqları məkanın incisi, gözəli də adlandırırlar. Amma bu göllər həmin çaylardan asılıdır, güclü istilərdə suvarma üçün kanalların sayı çoxalanda quruya bilir və mütləq əlavə bir kənar müdaxilə lazım gəlir ki, öz gözəlliyini, zənginliyini saxlasın.

Hə, bir də süni göllər, su anbarları, kanallara bənzər insanlar var ki, kimlərsə onları öz xeyirləri üçün yaradırlar. Bu yeni və süni “varlıqlar” onu yaradan kəslərə xeyir verməklə yanaşı, ətrafa da mütləq zərər vururlar. Kiminsə əkin yeri qalır suyun altında, hansısa arx, çay qurudulur, məcburən ona yönəldilir, hansısa bitkilər, canlılar yeni mühitə alışa bilməyib məhv olur, əvəzində başqaları yaranır və münasibətlərdə ziddiyyətlər törəyir. Amma bu “ərköyün suları” verdikləri xeyirlərinə  və “ərköyün” olduqlarına görə qəbul etmək məcburiyyətindəyik.

İnsan var yağış kimi – birdən-birə göydən yağıb can verir. İnsan var ki, şəlalədir. Gözəldir, səsi-küyü uzaqlardan eşidilir… amma varlığı elə bu qayadan tökülməyində, səs-küyündədir. Ondan başqa bir şey gözləmək də gülüncdür.

İnsan var ki, buzdu, aysberqdi, içində damlaları dondurub saxlayır, hətta həyat da onun içində dondurulub, özü isə sularda üzür, qarşısına çıxana bədbəxtlik gətirir. Amma içindəki həyatın donunu açanda bir möcüzə kimi duzlu dəniz suyunun ən şirin tərəfini özündə saxladığı məlum olur. O hardan hara duzlu suyun üzü ilə süzə-süzə gəlib əriyir və susuzlara həyat verir. 

İnsan var ki, çaydı. Azad, məkandan məkana gəzən, dolanan, gah coşan, gah sakitləşən, dağlardan üzüaşağı tələsə-tələsə özünü göllərə, dənizlərə yetirən və könüllü şəkildə şirin, dadlı bir halda olsa da, duzlu, acı bir mühitlə qarışmağa razıdır. Çayların bəlli bir yatağı var, yalnız bir istiqamətdə axır və axınına qarşı heç kimi “qəbul etmir”. Amma maraqlıdır, çaylar həm də dənizlərdə öz gələcəyini tapa bilməyən balıqlar üçün sığınacaqdır.

İnsan var ki, dənizdir. Okeanları bir-biri ilə əlaqələndirən, ölkələrin sərhədlərini cızan, çayların qovuşduğu məkan. Böyükdür, zəngindir, dərindir, amma məhduddur. Əlbəttə, bunu yalnız okeanla müqayisədə demək olar. Deməli, insan var ki, okeandır. Bütün Yer kürəsinin iqlimini təyin edən və ən əsası, onun mövcudluğunun zəmanəti olan okean. Sonsuzluğun mücəssəməsi, həm möhtəşəmlik, həm vahimə aşılayan. Ümman canlıdır və ona həyat verən içindəki canlılar deyil. Onun özü nəfəs alır, nəfəs verir. Ümman nəyə isə sığınmır, sığmır, nədənsə, kimdənsə asılı deyil, çünki o özü istinaddır, o özü sığınacaqdır.  

İnsan var ki, bulaqdır – tərtəmiz, Yerin düz bağrından süzülə-süzülə gələn, böyük çaylara həyat verən, dərinliklərdə okeanlarla, dənizlərlə vəhdətdə olan kiçik bulaq. Onların kiçikliyi imkan verir ki, onu görməsinlər, ondan xəbərsiz olsunlar. Amma maraqlıdır ki, nə dənizlər onları inkar edir, nə də gur çaylar. Onları inkar edən gölməçələr, kanallar, su anbarlarıdır – kökündən bixəbərlər…

Axı Allah da insanı yaradanda ona qatdığı suyu məhz bulaqdan – Kövsərdən götürüb, susuzluqdan yanan İsmayıl peyğəmbərə, Məryəmə də bulaq bəxş edib, Musa peyğəmbərin möcüzəsini təsbitləmək üçün də yerdən bulaq qaynadıb. Bulaq  möcüzədir və bulaq təbiətli insanlar da möcüzədir…

Od

Od deyəndə hər kəsdə bir assosiasiya yaranır – kimisi istini, kimisi işığı, kimisi təhlükəni xatırlayır. Dini-mistik ruhlu insanlar isə əksər halda od deyəndə ilk düşündükləri İblis olur. Od öz adında sanki bir təhlükə daşıyır. Miflərə inansaq, bu, ilk odu insanlara çatdıran Prometeyin faciəsinin xofudur ki, insanların bədənindən çıxmır. İblislə, yaxud Prometeylə bir əlaqəsi var, ya yox, amma maraqlı hallardan biri də odla bağlı neqativ düşüncələrin pozitivlərə nisbətdə çox olmasıdır. Bəlkə də, bundan qaynaqlanır ki, müqayisə zamanı neqativ insanlar çoxluq təşkil edir.

Əgər nəzərə alsaq ki, od varlığın mahiyyətində duran dörd ünsürdən biridir, onda onunla insan arasında müəyyən bənzərliklərin olmasına təəccüb etmərik. Od da insan kimi nəfəs alır, oksigenə ehtiyacı var; onun da var olması üçün müəyyən temperatur əhəmiyyətlidir; onun da varlığının davam etməsi müəyyən yanacaqdan – enerji mənbəyindən asılıdır.  

Odlar da insanlar kimi müxtəlifdir. Biri sarıdır, biri qırmızı; birinin qapqara tüstüsündən ocaq görünmür, digərinin ocağı elə gurdur ki, heç yaxın getmək olmur; biri korun-korun yanıb öləziyir, digərinin şöləsi göyə ucalır, biri bir çöplə xoşbəxt olur, alışıb-yanır, birinin yanacağı haradandı heç özü doğru-dürüst bilmir. Bəli, adamlarla od arasında çox bənzəyiş var, amma maraqlıdır: insanlarmı odun fərqli çalarlarını açır, yoxsa odmu insanların? 

Çınqı ən kiçik “od”du, amma çoxuna başlanğıc ola bilir. Özü yanmır, elə onun-bunun ocağını alışdırır. Kibrit çöpü də elədir. Onun missiyası elə bununla bitir. Amma bunu o qədər mexaniki, şüursuz şəkildə edir ki, bəzən küləyin qabağına düşüb uçaraq hara isə təsadüfən düşdüyünün, kiminsə ot tayasına od vurduğunun da mahiyyətinə varmır. Onunku alışdırmaqdır – ara qızışdıranlar kimi. Belələrini agentlərin, təbliğatçıların arasında rahatca görmək mümkündür. 

Köz də təhlükəlidir, çünki külün altında, orda-burda gizlənməyi sevir. Kiçikdi, amma düşdüyü yeri yandıra-yandıra gedir dərinə. Götürüb atmaq olmur, əlini yandırır, saxlamaq olmur, sönmək də bilmir. Bir də görürsən, düşdüyü yerdə bir ocaq çatdı, ya da xəbərin olmadı, sevimli bir əşyanın elə bir yerini dəlib keçdi ki, nə atılmır, nə satılmır – bütün günü qeybətlə adamların həyatını zəhərləyən, xəlvətdə söz aparıb-gətirən adamlar kimi.  

Yeri gəlmişkən, bəzən işıldaböcəklər kimi özünü közə bənzədən yalançı odlar da olur. Əslində, işıldaböcəklər gecələr – bütün başqa dəyərlərin qaranlıqda qaldığı bir vaxtda ortaya çıxırlar və əsl işıq, od gələndə isə itib-batırlar – birgünlük şan-şöhrətlə özünü səmanın ənginliklərinin ulduzu hesab edənlər kimi. Varlığı və yoxluğunun xalqa bir istisi olmayan bu “işıldaböcəklər” ilk baxışda adama xoş gəlsə də, əslində, bir işıq – mədəniyyət görüntüsü yaradıb əsl işıqdan nəzərləri yayındırırlar.

Əsl od gizlində qalmağı sevmir. O, diqqət və ehtiyatlı münasibət – özünə hörmət tələb edir; məsələn, ağacın odunu aşkara çıxmağa qoymayanda o, gizlində “yanıb qovrulur” və kömür olur. İçindəki odu, istisi, hərarəti qalır və bu xərclənməyən potensial onu qapqara qaraldır. Nə ağacdan ağac olur, nə küldən kül. Onun xeyrini hamı bilir: ucuz və keyfiyyətli yanacaq! Heç kimə, heç nəyə zərər vermədən öz işini görür, amma özü də tələsir, tezcə alışır və istəyir ki, bircə yanıb bu yarımçıq halından qurtulsun. Ömrünü, arzularını övladlarının gələcəyi üçün qurban verən qadınlar və yaxud maddi ehtiyaclar ucbatından əsl istedadını gəlirli işə dəyişən şəxslər də belədir. Öz varlığı qalır qaranlıqda, bütün potensialını başqalarına sərf edir. 

Tez alışıb tez də sönən ocaqdan nə isə anlamaq çox çətindir. Niyə yandı, nə məqsədə yandı, heç özü də tam olaraq dərk etmir, sadəcə kimlərdənsə geri qalmamaq üçün o da alışır, alovlanır. Amma bu ağır iş – içinin hərarətini bölüşmək, varlığını yandırıb ətrafına isti vermək – hər oğulun hünəri olmadığına görə tezcə sönür. Düzdür, partlayışlar, bombalar da tez alışır, amma gec sönür və nəticəsi faciəli olur. Amma onların da hökmü özlərində olmur, heç özləri də bilmir ki, əsl idarə edən kimdir, həqiqi məqsəd nədir.

Odu idarə edə bilməyəndə o, yanğına, fəlakətə çevrilir. Bu halında o nə sözdən anlayır, nə hikmətdən. Nə gözəllikdən bir anlayışı olur, nə dəyərdən. Fərq qoymadan ən nadir ağacı çör-çöpə qatıb külünü göyə sovurur; quşun da, heyvanın da, insanın da yuvasını qara qoyur. Bunlar öz ideyası, məqsədi naminə kimliyinə məhəl qoymadan minlərlə insanı güdaza verən, repressiyalar, qətliamlar törədən tiranlar, despotlardır. Onların da anladığı yeganə şey öz qüvvəsini başqalarının üzərində sınaqdan keçirmək və yoluna çıxanları ayaqlayıb keçməkdir.

Yaş odunun yanması isə bir ayrı faciədir. İstisinə qızınmırlar, tüstüsünə kor olurlar. Nə ağac kimi həyatına tam son qoyulmayan, nə odun kimi fəaliyyəti hələ başlamayanların odu da yarı-yarımçıq olur. Şəraitin, məqsədin dəyişməsi onun da taleyini dəyişə bilər. Harada nə əqidə sahibi olacağı özünə belə müəmmalı qalan, şəraitə görə “rəngini” dəyişən, amma cəmiyyətdə kifayət qədər ad-san, söz sahibi olanlar da beləcə ətrafındakılara isti yerinə tüstü bəxş edirlər – neçə sifətinin olması heç cür bəlli olmayan, adı yaxşı, əməli yaman olan, adını dost qoyub düşməndən betər vuran kəslər kimi.

Od insana bənzəyirsə, deməli, onun da romantik duyğuları var, o da üsyankar və ya hüznlü hallar yaşaya bilir, gah şimşək olub göylərdə çaxır, gah da şam olub əriyir. Maraqlıdır, hər ikisində od bənzər anlar keçirir: üstdə od, altda damla. Şimşək də yanır və yağır, şam da. Amma şimşək bunu üsyanla edir, şam səssiz-səmirsiz. Şimşək bir dəfə hayqırır, nərə çəkir və bu nərədən hər kəs titrəyir, dəhşətə gəlir. Şam isə sızıldaya-sızıldaya qorxur ki, birdən pərvanəsi çox yaxın gələr. Amma əlindən bir şey gəlmir və yeganə sevdiyini yana-yana, göz yaşı tökə-tökə yandırır. Tələsir ki, əriyib bitsin, çox cana qıymasın.

Hər ikisi dillərdə dastandır: şam ağlaya-ağlaya yanıb yana-yana ağlaması ilə, şimşək bir anın içində qaranlığı parçalaması, aydınlatması ilə sanki qaranlığı vahiməyə salıb əvəzində işığın ecazkarlığını göstərir. Adamlar da belədir. Biri sərt siması, kəskin çıxışları ilə, bir başqası kövrək, məsum misraları ilə tanınır. Hər ikisi millətinin qayğısını çəkir, cəhalət yuxusundan oyatmağa çalışır. 

Çıraqdakı şölə ancaq ilk baxışda kiçik və təhlükəsiz görünür: yağını-yanacağını verirlər, o da yanır. Əslində, onun piltəsini də, yağını da müəyyən həddə saxlamaq lazımdır. Çünki piltəsi artıq olanda, “dili uzananda” his edib ətrafını qapqara eləyir. Vay o günə ki, bu şölənin “əli” yanacaq mənbəyinin özünə çata! Onda partlayış, fəlakət qaçılmaz olur. Kimlərəsə muzdla iş görən, əslində isə bir məmur olduğu halda özünü əhəmiyyətli şəxsiyyət hesab edən və bu dar dünyagörüşüylə ondan asılı olanların taleyi ilə oynayan qulluqçular kimi. Ya adamların gününü qara edirlər, ya da Allaha bəndəlik etməyib elə hey yanacağının mənbəyinə yaxınlaşmağa çalışırlar.

Çırağın daha modern forması isə elektrik işığıdır. Düymə ilə yanıb-sönür. Düzdür, ruhu yoxdur, amma istisi var, hətta yandıra da bilir. Bəzən “əsəbiləşəndə” vurub düyməni də sıradan çıxarır. Bu səbəbdən indi onu da əlindən almağa çalışırlar: nə ruhu olsun, nə istisi, elə “düyməyə” xidmət eləsin, qənaətli, etibarlı və ucuz. Belə “maneken”-vətəndaşlara da hər dövlətin ehtiyacı var, istər yüksək vəzifələrdə, istər adi fəhləlikdə.

Həm çırağın, həm də elektrik işığının oxşar xüsusiyyəti öz “kökündən” ayrı düşməkdir. Ocaqda odla odun bir-birini tamamlayır, hətta kül də bu mənzərənin ayrılmaz bir elementi olur. Çıraqda, yaxud elektrik işığında isə vəziyyət başqadır. Yəni bir var xalqın ənənəsi, kökü, bir də var öz kökündən bixəbər, başqa mədəniyyətə həsəd aparıb öz ənənəsindən imtina edən cəmiyyət. Başqa sözlə desək, odun-alovun öz yerində olması az əhəmiyyətli məsələ deyil, yəni adamlar öz yerində, öz bacardığı işlə məşğul olanda xalqa, millətə bir “istisi” dəyə bilir. Öz ocağında yanan odun istisi də, külü də öz ocağınındı. Belə insanlar sayəsində millət bir millət kimi özünü təsdiq edə bilir, irəli gedir, “imzalar arasında imzası” olur. Axı ocağın özü həm bu gün, həm sabah, həm şərait, həm də mühit deməkdir. Belə ocaq bir məktəbdir ki, onun közü ilə neçə ocaq qalamaq mümkündür. Kül isə tarix və keçmişdir. Atalarımız təsadüfən deməyiblər ki, “külü küllükdən götürərlər”. Bir ocaq özünə yer edirsə, kül salırsa, o yeri heç kim başqa niyyət üçün istifadə edə bilmir.  

Bir yerdə alışıb başqa yerdə yanan, üçüncü bir yerdə də sönən biri isə heç öz “mən”inə də deyil, özünün nisbi, ötəri istəklərinə xidmət edir. Yağı-yanacağı öz millətindən alıb gedib başqa millətin çırağını yandıran iş adamları buna gözəl nümunədir. Yəqin, onlar bilsələr ki çırağını yandırdığı o yad millət yanacağı bitən kimi onun külünü süpürüb atacaq, belə həvəslə günün günortaçağı çıraq yandırmazlar. Yəni ona ehtiyac olmayan bir yerdə nə öz millətinin sərvətini, nə də öz “mən”ini xərcləyərlər.   

Nəhayət, nur haqqında! İlahi hikmətin insanda təzahürü! Müqəddəslik duyğusunu dərk edən şəxsin “mən”inin bələdçi işığı! Düzdür, nur od deyil. Əbu Turxan da yazırdı ki: “Yandırmasaydı, atəşi daha parlaq nur zənn edərdilər”. Amma əgər söhbət varlığı təşkil edən dörd ünsürdən gedirsə, onda nurun da öz yeri, daha doğrusu, öz zirvəsi var. Bəli, nur yandırmır, işıqlandırır, amma o, sadə bir işıq da deyil. O, hikmətin, İlahi həqiqətin, Allahın insana verdiyi mahiyyətin bir varlıq formasıdır. Onun mənbəyi İlahi aləmə bağlı olduğuna görə bu hikmət nə tükənir, nə də insanları yanlış yola aparır.

Belə insanlar da var. Öz ideyaları, müdriklikləri ilə zaman-məkan çərçivəsi tanımayan bu şəxslər tarixdə arif, filosof, mütəfəkkir kimi tanınırlar. Əslində, bu, bir zirvədir. Oddan, alovdan keçən, “bişən”, bərkiyən düşüncənin – “mən”in nuru. Təsəvvüfə görə, varoluşun səbəbi və varlığının qarantı olan, yalnız insana verilən ilahi nur…

Bəli, od dörd ünsürdən biridir. Lakin belə məlum olur ki, hər insana eyni oddan pay düşməyib: kimisi çınqıdır, kimisi kömür, kimisi yanğındır, kimisi nur…

Hava

Hava da dörd ünsürdən biridir, ancaq nə onun kimyəvi tərkibi, nə atmosfer qatları, nə də ozon dəlikləri söhbətin məzmununa daxil deyil. Heç yaxın da gəlmir. Sadəcə hava – vahid, artıq “vətəndaşlıq” hüququ qazanmış və öz varlığını tanıtdırmış məfhumdur.

Hava azadlıqla bir bənzəyiş, assosiasiya yaradır. Sanki molekullar da burada azadlıqdadır: bir-birindən aralı, sərbəst dolaşırlar. Hava hara istəyir dolur, hansı formanı istəyir alır. O istər qızılı zəmi olsun, istər yamyaşıl çəmən, istərsə də xarabalıq – fərqi yoxdur, üzərindən əsib keçir. O özü yüklənmir, hansı an haradadırsa, odur, oradan xəbər verir, sonra götürdüyünü harasa atıb başqa bir şeyi götürüb qaçır. Hava heç nəyi özündə saxlamır, heç nə orada dayanmır, durmur. Amma qarşısına keçən nə varsa, götürüb hara isə aparır, çatdırır. Təsadüfi deyil ki, özündə bu keyfiyyətləri daşıyan insanı da bəzən havaya bənzədirlər və bu “havalanan” insanın başqalarından üstün cəhəti, yəqin ki, onun özünü azad hiss etməsidir.

Hava ünsürlər arasında ən yüngülüdür. Onun ağırlığını heç kim hiss eləmir, varlığı heç kimin yerini dar etmir. “Qonduğu” yerdə iz qoymur, onda da iz qoymaq olmur. Onun varlığı normal halından çıxanda hiss olunur: külək olub əsəndə, meh olub çiçəkləri titrədəndə. Sanki onun varlığı ilə yoxluğu eynidir. Bəzən onu boşluğa da bənzədirlər. Təbii ki, bunlar fərqlidir. Onun yoxluğu saniyələr içində özünü büruzə verir. Onu nəyə isə bənzətmək çətindir. Amma madam ki var, deməli, müqayisəsi də olmalıdır. Və onun ancaq bir bənzəri tapılar – əlaqə…

Güclü əsib daşı-ağacı yerindən qoparmağı, sarsılmaz şeyləri uçurtmağı sel də bacarır, od da, torpaq da. Havanın bacarığı isə gözlə görülməyən, əllə tutulmayan şeyləri daşıya bilməsidir. Çiçəklərin ətrini, rayihəsini havadan başqa nə ətrafa yaya bilər ki? Səsi havadan başqa nə uzaqlara çatdıra bilər? Rəngləri olduğu kimi, qarışdırmadan çatdırmağı, günəşin şüalarını yağışın damlaları ilə görüşdürüb yeddi rəngə salmağı havadan başqa nə bacarar? Hava fiziki təsviri, maddi varlığı olmayanlara sanki varlıq verir, onları sahibindən alıb hara isə çatdırmağa kömək göstərir, onların hərəkətini təmin edir. 

Hava həm də insanın mənəvi aləmi ilə zahiri dünyası arasında əlaqədir. Amma burada da “daşıdığı”, “ötürdüyü” şeylər sözə, hərflərə sığmayanlardır. Dərin, odlu bir ah dağlar boyda dərdin narahat bir zərrəsidir, nəfəs onu ürəkdən çıxardır ki, insan bir az yüngülləşsin.

İnsan heyrətlə içini çəkəndə hava həmin heyrəti doldurur damarlara ki, bütün bədənə yayılsın, insan bütün varlığı ilə onu hiss eləsin: rəngi qaçsın, səsi titrəsin, əli əssin.

İnsan təəccübdən nəfəsini içinə qısanda hava onun içi ilə zahiri arasındakı disbalansı gizlədir…

Bəzən nəfəsin, havanın saxladığı şey o qədər ağır olur ki, torpaq bədən ona dözmür və onu gözlərdən süzülən damcılara çevirir, ya bir şeirin misralarına, ya bir musiqinin sədasına, ya bir rəsmin rənglərinə “tökür”. Hava isə bütün bunları sadəcə daşıyır, çatdırır, özü isə onlara qarışmır, hiss etmir.

Havanın daşıdığı ən önəmli şeylərdən biri də yenə maddi varlığı olmayan, amma maddiyyata varlıq verən bir şeydir – həyat… İstər ən uca zirvədə olsun, istər ən əngin suların dibində, istərsə də yeddiqat torpağın altında, hansı vasitə ilə olursa olsun, özünü ora çatdıra bilirsə, daşıdığı bu əmanəti – həyatı sahibinə verir. Bu, zirvələrdə dolaşan quş da ola bilər, okeanlarda üzən balıq da, torpağın altından işığa can atan toxum da. Su da, torpaq da öz sakinlərini yaşatmaq üçün havanın gətirdiyi həyata möhtacdır. Hətta özündənrazı, lovğa od da havanın “havasına” oynamağa məcburdur.

Hava yeganə ünsürdür ki, həm maddi dünyada var, həm ilahi. Əslində, hava bu ikisi arasında yeganə (!) “əlaqədir”. Bu “hava”nın adı ruhdur. Allah torpaq bədənə ruh üfürəndə ona ancaq həyat vermir, həm də adlar öyrədir, əmanətini etibar edir. 

Maddi dünyanın çərçivələrindən yorulan, boğulan insan yenə ruhu ilə fərqli bir dünyaya ucala bilir.

Ruh – azadlıqdır. Azadlıq isə sənlə “mən”in arasında əlaqədir. Sən – sosial varlıq olaraq “mən”ə – ilahi varlığa çatmaq üçün azadlığın içindən keçməlisən. 

Torpaq

Allahın insanı torpaqdan yaratması məlumdur, amma bu torpağın məkanı, rəngi barədə rəylər çoxdur, müxtəlifdir. Bir şey isə şübhəsizdir: insanın torpaqdan yaranması. Sonra bu bədənə Özündən bir ruh üfürdü. Burada da müxtəlif rəylər mövcuddur, amma bir şey dəqiqdir: torpaq bədəndə ilahi bir nəfəs vardır.

Torpaq udduğu canları unutduracaq qədər soyuq, ayıbları örtəcək qədər abırlı, bağrında bitkilərin kök atmasını, gövdəsinin üzə çıxmasını, günlərlə, illərlə onun dik durmasını gözləyəcək qədər səbirlidir. Torpağın məziyyəti çox, ona verilən təriflərin, təsvirlərin sayı ondan da çox. Onu sevəndə “Ana Torpaq” olur, nifrət edəndə – “qara torpaq”.

Biz yalnız torpaqdan deyil, torpaqdan yaranıb torpağa bənzəyən insandan da danışmaq istərdik.

Bir var quru torpaq, boş qumlu səhra, susuzluqdan çat-çat olmuş boz çöllər. Maddi dünyanın malı-mülkü yolunda insanlığını unudub bir canlıtək ömür sürən insan kimi. Bir də var içində min bir həyat qaynayan yaşıl çəmən, sıx meşə. Hətta səhranın ortasındakı kiçik bir vahə də sonsuz səhradan gözəl görünür. Niyə? Çünki həyat var, ruh var – yaradıcı insan kimi. Hər kəlməsi bir dünya, hər nəfəsi bir dua olan, Allahın verdiyi nəfəslə “torpağına” can verib ruhunun nuru ilə “qaranlığını” işıqlandıran insan…

İlk baxışda çiçəklərin, ağacların “kifir” tərəfi – kökü torpağın altında qalır, onun gözəlliyinə xələl gətirmir. Gözəlliyi torpağın altında yox, üstündə axtarmaq isə bir aksiomdur. Amma torpaq çiçəyin özü ilə müqayisə olunmayacaq qədər eybəcər tərəfini qəbul edir və onun vasitəsilə bu çiçəyi qidalandırır, ömrünü uzadır. İnsanın bədəni də ruhunun yanında öz gözəlliyi ilə qürurlana bilməz. Amma bədən insanın bu dünya ilə bağıdır. Onsuz ruha insan deməzlər, onsuz ruh bir çox zövqdən xəbərsiz qalar. Sonlu bədənin yanında ruh sonsuzluğun dəyərini də heç anlamaz.

Torpaq nələrə şahid olmur ki, İlahi! Ona səpilən eyni toxumlardan birinin cücərib digərinin ömrünün yarıda qırılmasını və “qardaşının” boy atıb yaşıllaşmasına həsrətlə tamaşa etməsini, şax bir ağacın kökünü xəlvətcə gəmirib onu qurudan siçovulun namərdliyini, toxumun əzabla cücərib boy atsa da, qarşısını kəsən daş parçasını dəlib keçə bilməyib ümidsiz-ümidsiz öz çürüməsini qəbul etməsini görüb “udan” torpaqdır!

İnsanın da içində doğulan neçə-neçə arzular arasında bəlkə də ən çox bəslədiyi, ümid etdiyi bir arzusu ya gecikir, ya tələsib “cücərmədən” yox olur; içində boy atan paxıllıq, qəzəb, yaltaqlıq hissi insanı ucaldan, saflaşdıran sevgi, ədalət, gözəllik hissini gəmirir və bir gün insan yıxılır, yerində heyvan – canlı qalır. İnsanın qurduğu ideallar, planlar uyğunsuz şəraitə düşəndə əzaba çevrilir və “ürək” bütün bunları udmaq məcburiyyətində qalır.

Torpaq kimi bədən də arzuların gömüldüyü məkandır!

Amma torpaq gözəl şeylərə də şahid olur! Quruyub cadar bağlayanda göydən düşən damcıların həsrətlə onları gözləyən toxumlara, köklərə qovuşmasına, onlara həyat verməsinə, lap dərinlikdən süzülə-süzülə gələn, özünə yol açan bulağın bir qayanın, bir dağın dibindən vurub üzə çıxmasına, qaranlıqla vuruşa-vuruşa gün üzünə çıxmağa çalışan zərif bir çiçəyin əzminə, qoca bir kötüyün dibindən göyərib qalxmış pöhrələrin həyat eşqinə ilk şahid olan torpaqdır!

Bəs insan?! Tam ümidsiz bir anında ən kiçik yardımdan yapışması, “ipin ucundan tutub yumaq” yaratması, İlahidən gələn bir nurun şimşək kimi içinə qapanmış bir qaranlığı işıqlandırması ilə yeni bir nəfəsinin açılması, yeni bir idrak qatının kəşf olunması, ideyasının, arzusunun verdiyi əzmlə hər çətinliyə sinə gərməsi, məqsədinə çatanda qatlaşdığı bütün əzabları sevincindən unutması, öz qocalmış vücudunun yanında böyüyən gələcək nəslinin cavan vücudu ilə qürur duyması insana da xasdır!

Torpağa düzgün qulluq edəndə necə bağlı-bəhərli olursa, doğru niyyət də bədənə eləcə “qulluq” edir, onu mübarək edir.

Torpağın qatında yatan dəfinəni “canlandırmaq” onun öz ixtiyarında, iqtidarında deyil. Torpaq bir vasitədir, qabdır, alətdir, keçiddir. Bədən də “özündən bixəbərdir”, hansı isə niyyətin, iradənin hökmü ilə nə buyurulursa, “göydən nə yağırsa, onu da qəbul edir”. Ancaq bir var su torpağın ancaq üst qatını isladır, bir də var torpaq doyur və cana gəlir, həyat verir. Bir var bədən sadəcə mövcuddur, bir də var bütünlüklə ruhunun əmrinə müntəzirdir.

Torpaq başlanğıc və sonun birləşdiyi nöqtədir – torpaqdan yaranan torpağa dönür. Sönən doğulan üçün başlanğıc olur və torpaq buna vasitəçilik edir… bədən kimi. Bəlkə də məhz bu məqamda bədən ruhdan bir addım öndədir, yaxud arxadadır. Kim bilir… Torpaqdan bir ovuc götürəndə o götürüldüyü yerin keyfiyyətlərini özündə saxlayır, ötürür. Bədən də ondan “ayrılan” bədənə öz keyfiyyətlərini vermək iqtidarındadır. Amma hər ruh bildiklərini özündən sonrakı ruha ötürə bilmir, çünki onun nəyi bilməsi, necə bilməsi Allahın ixtiyarındadır.

Torpaq qədər zərbəyə məruz qalan yoxdur… Amma o, həyat gücünü itirmir, “ona” üz tutan hər toxumu cücərtməyə çalışır. İnsanın da gücü bədəninə çatır… amma o, torpağın özü deyil, sadəcə ondan bir ovuc olduğu üçün səbri də bir ovucdu, əzmi də.

Allah insanı necə möhtəşəm yaradıb: bədəni ulu torpağa, ruhu sonsuz ilahi aləmə bağlı öz möhtəşəmliyini dərk etmək üçün ağıl, bu möhtəşəmliyin harmoniyasından zövq almaq üçünsə könül! Bunları unudansa nə ağılı, nə könülü özündə sığdıra bilməyən bir ovuc torpaq, bir quru nəfəs olur…