Füyuzat 136 Mahir Qəribov,

Əhməd bəy Ağaoğlunun “Sirati-müstəqim” qəzetindəki yazıları

XX əsrin əvvəllərində İslam dünyasının və Osmanlı dövlətinin gələcək vəziyyəti ilə bağlı dəyərli məqalələr yazan Əhməd bəy Ağaoğlu türk millətçiliyinin öncül şəxsiyyətlərindən biri olmuşdur. Ədib bu dönəmdə müxtəlif mətbuat orqanlarında xarici siyasət və Güney Qafqazla bağlı əhəmiyyətli yazılar qələmə almışdır. “Sirati-müstəqim” qəzeti “din, fəlsəfə, ədəbiyyat, hüquq və elmdən danışan həftəlik qəzet” olduğundan Ağaoğlunun fikir və düşüncələri ilə üst-üstə düşürdü. Qəzetdə İslamın parlayan işığından yarasalar kimi narahat olan, əleyhində yayımlar edənlərə də elmi dəlillərlə qarşı çıxmağın əsl vəzifə olduğu göstərilirdi. Əhməd bəy Ağaoğlunun 1910–12-ci illərdə “Sirati-müstəqim”də yayımlanan məqalələrində böyük siyasi qüvvələr, Osmanlı dövləti və İslam dünyası ilə bağlı fikirləri ön planda dayanırdı. Məşrutiyyətdən sonrakı dövrdə “Sirati-müstəqim” İstanbulda yayımlanan mühüm qəzetlərdən biri kimi yerli və xarici yazarları öz ətrafında müxtəlif mövzularda yazılarla birləşdirmişdir.

Qəzetdəki İran tarixi ilə bağlı yazıların çoxunun müəllifi məhz Əhməd bəy Ağaoğludur. Bu yazılarda İranın ən qədim tarixindən Məşrutiyyə inqilabına qədər olan dövr bəzən təfərrüatı ilə, bəzən də səthi şəkildə qələmə alınmışdır. Ağaoğlunun çar Rusiyası dövründə yazdığı məqalələrdə və yayımladığı qəzet, dərgilərdə isə ana xətt kimi “çar Rusiyasındakı müəlmanların birləşməsi” ideyası dayanırdı. Bu fəaliyyətləri nəticəsində çar Rusiyasının təqiblərinə məruz qalan Əhməd bəy İstanbula gedərək o dövrün mühüm islamçı orqanlarından olan Əhməd Hilmi Şəhbəndərzadənin “Hikmət” qəzeti və Əşrəf Ədibin “Sirati-müstəqim” qəzetində türkçülük və İslamı özündə ehtiva edən türk milliyyətçiliyi, eyni zamanda mövcud durum və gələcəklə bağlı fikirlərini yazırdı. O, 1910-cu ildə “Sirati-müstəqim” qəzetində beynəlxalq siyasət və İslam dünyasının vəziyyətini dəyərləndirən silsilə məqalələr yayımlamağa başlamışdır. Milli mübarizə dövründə, ölkənin səfərbərlik vəziyyətində öz fəaliyyəti ilə ön planda dayanan “Sirati-müstəqim” qəzeti 27 avqust 1908-ci ildə İstanbulda nəşrə başlamışdır. Əsasən, dini görüşlərin hakim olduğu bu qəzetdə dövrün ziyalılarından olan Mehmet Akif Ersoy kimi tanınmış yazarların da şeirləri yer alırdı. 1925-ci ilə qədər nəşrini davam etdirən qəzetin fəaliyyəti “Təkrir-i Sükun Qanunu” ilə sonlandırılır. Ümumilikdə 641 sayı dərc edilən qəzet 183-cü nömrədən etibarən “Səbilürrəşad” adı ilə yayımlanmışdır.

Davamı…