Xəbərlər

Görkəmli ispan şairinin kitabı ilk dəfə Azərbaycan dilində

MİMTA Yayımlarında Mahir N. Qarayevin tərcüməsi və Ramiz Rövşənin redaktorluğu ilə görkəmli ispan şairi Federiko Qarsia Lorka yaradıcılığının mükəmməl cildi çapdan çıxıb.

“Füyuzat” ın məlumatına görə, “Ən kədərli sevinc” adlanan kitaba nasistlərin 38 yaşında qətlə yetirdiyi əndəlüslü şairin məşhur “Kante xondo” və “İqnasio Sançes Mexiasa ağı” poemaları, “Şair Nyu-Yorkda”, “Tamarit Divanı”, “Sirli sevgi sonetləri” topluları, həmçinin müxtəlif illərdə yazdığı, İspaniyada dillər əzbəri olan lirik şeirləri, nəğmələri, romansları, sonetləri, balladaları daxil edilib.

Şair olmaq – ən kədərli sevincdir

Bu günlərdə MİMTA Yayımlarında görkəmli ispan şairi Federiko Qarsia Lorkanın “Ən kədərli sevinc” adlı nəfis tərtibatlı kitabı çapdan çıxıb.

Kitab şairin Əndəlüs folkloru və xalq nəğmələri əsasında yaratdığı məşhur “KANTE XONDO POEMASI” (POEMA DEL CANTE JONDO) adlı yeddi bölümdən ibarət ilk poetik toplusu ilə açılır. Əndəlüs xalq nəğməsi kante xondo – özündə əsrlərin ənənəsini yaşadan və ispan, ərəb, qaraçı melodiyasının elementlərini birləşdirən qədim folklor nümunələridir.Lorka özü bu barədə belə deyirdi: “Kante xondo nəğmələri dünyanın bütün dənizlərindən, bütün dəryalarından, hətta onu yaradan ürəkdən, onu oxuyan səsdən belə dərindir. Kante xondo ilk öpüşdən və ilk göz yaşından süzülüb gəlir…”

Şairin növbəti şedevri buğa döyüşündən bəhs edən və 1935-ci ildə Madriddə ayrıca kitab şəklində nəşr olunmuş dörd hissəli “İQNASİO SANÇES MEXİASA AĞI” (LLANTO POR IGNACIO SÁNCHEZ MEJÍAS) poemasıdır. 1934-cü ilin yazında Mansanares arenasında həlak olan məşhur torero İqnasio Sançes Mexias ispan sənət adamlarının böyük bir nəslinin himayədarı, o cümlədən Lorkanın ən yaxın dostlarından idi. Dostunun acınacaqlı taleyinə rəğmən müsahibələrinin birində Lorka bu amansız mərasimə münasibətini bu cür ifadə etmişdi: “Buğa döyüşləri – İspaniyanın ən yüksək həyat hadisəsi, ispan varlığının poetik təsdiqidir. Bu heyrətamiz səhnəyə tamaşa edərkən hər bir ispan ürəkdən göz yaşları axıdır, dərd və müsibətlərin ağrı-acısını yaşayır. Bu – füsunkar gözəlliyin dövrəsində Ölümə tamaşa eləmək üçün hamının inamla axışdığı yeganə məkandır. Əgər korridalar öz qorxunc şeypurlarını səsləndirməkdən usansaydılar bizim qanımızdan, dilimizdən, varlığımızdan indi nə qalardı?..”

Kitba daxil edilən sonrakı bölmə ŞAİR NYU-YORKDA” (POETA EN NUEVA YORK) adlanır. Lorka özünün bu unikal toplusunu belə xarakterizə edir: “Bu şeirlər 19291930-cu illərdə Nyu-Yorkda yazılıb. Burda mənim poetik dünyam Nyu-Yorkun poetik dünyasıyla toqquşur. Hər iki dünyanın qəlbində bir Afrika nostaljisi, Şimali Amerikada əriyib itməkdə olan bütün xalqların həsrəti yaşayır. Yəhudilər, suriyalılar, xüsusən də zəncilər! Onların vətən həsrəti Amerikanın mənəvi təməlinə çevrilib. Əgər zənci incəsənəti olmasaydı, Birləşmiş Ştatlarda mexanika və avtomatizmdən başqa heç nə qalmazdı… ”

Sevgi və tənhalıq motivlərində yazdığı və “ТAMARİT DİVANI” (DIVА́N DEL TAMARIT) adlandırdığı 12 qəzəldən, 9 qəsidədən ibarət növbəti şeirlər toplusunu isə Lorka “misraları əl-Həmranın divarlarına həkk olunmuş” ərəb-əndəlüs şairlərinin xatirəsinə ithaf edib. Orta əsrlərin islam ədəbiyyatında poetik antologiyanın ənənəvi adı olan Divan bu topluda sırf şərti xarakter daşıyır, çünki Lorka qəzəl və qəsidə janrı üçün mütləq sayılan klassik norma və qaydalara tam sərbəst yanaşır.

Digər bölüm isə Lorkanını sağlığında çap olunmayan “SİRLİ SEVGİ SONETLƏRİ” (SONETOS DEL AMOR OSCURO) poetik toplusudur. “Tamarit Divanı” nəşr ediləndən sonra Lorka bu toplunu çapa hazırlasa da, 1936-cı ilin iyununda, ölümündən az öncə tamamladığı həmin sonetlər yalnız 1984-cü ildə işıq üzü görüb. Belə ki, Madriddə çıxan “ABC” qəzeti şairin ailə üzvlərinin razılığı ilə 11 sonetin müəllif əlyazmasının faksimilesini çap eləmişdi.

Kitaba eyni zamanda böyük şairin müxtəlif illərdə qələmə aldığı seçmə şeirlər, nəğmə və romanslar, ballada və sonetlər daxil edilib.

Ramiz Röşvşənin redaktor olduğu Kitabı ispan dilindən sətri tərcümə əsasında Mahir N. Qarayev tərcümə edib.