Arzu Həsənzadə Füyuzat 136

Jurnalistikada tənqid mədəniyyəti

Məsləyindən asılı olmayaraq toplumdakı fərdlərin doğru və yanlışları ayırd etmək üçün istifadəsi zəruri olan fəaliyyətlərdən biri də tənqiddir. Kimə hansı məqsədlə yanaşılması onun əxlaqi cəhətini müəyyən edir. Bu baxımdan tənqidi müsbət və mənfi olaraq iki yerə ayırırlar. Müsbət tənqidin mayasında səhvləri düzəltmək, xətaları aradan qaldırmaq varsa, mənfi tənqidsə müvəffəqiyyətsizliyə, nöqsanların daha da artmasına gətirib çıxarır.

Cəmiyyət dünyada baş verən hadisələr haqqında doğru bilgi və xəbərlər əldə etməyə çalışır. Müasir insanın gözü və qulağına çevrilən media vasitələri (jurnal, qəzet, saytlar, radio, televiziya və s.) bu məsələlərdə həyati önəmə sahibdir. Onların tərəfsizliyi önəmli olduğu kimi, məncə, təmsilçilərinin tənqid üslubu da sağlam əsaslı olmalıdır. Sağlam tənqid üslubu yolgöstərəndir, təhdid xarakteri daşımayan, problemlərə işıq tutan, gerçəyə yaxınlaşdıran, uzlaşma yaradandır. Eləcə də doğru bilgini, xəbərin qaynağını da oradan tapmaq mümkündür. Hətta şəxsi fikirlərini ifadə etməməyi, müstəqil xətt izləməyi vacib bilən və tərəfsizlik standartlarına önəm verən jurnalistlər belə yeri gəldikdə peşə, yeri gəldikdə vətəndaş kimliyi ilə dünyada və yaşadığı coğrafiyada baş verən hadisələrə tənqidi mövqelərini nümayiş etdirirlər. Həmin mövqeyin çalarlarında müsbət tənqidi elementlər müşahidə edilirsə, “jurnalist təkamülə, maarifə xidmət edir” deməkdir.

Müsbət tənqidi elementlərin müşahidə edildiyi mətnləri azərbaycanlı fikir adamı Əli bəy Hüseynzadənin yazılarının bir qismi əsasında diqqətə çatdıracağıq. Ondan əvvəl türkiyəli jurnalist Faruk Bildiricinin bir fikrini xatırlatmaq yerinə düşər. O, yazılarından birində qeyd etmişdi ki, tənqid etmək düşmənçilik kimi anlaşılmamalı, əksinə, tənqid etməmək düşmənçilik kimi izah olunmalıdır. Faruk bəy yazısında türkiyəli roman yazarı, sosioloq Fatma Barbarosoğluna istinad edərək “Uzun vədədə ən həqiqi müttəfiq tənqiddir” fikrini irəli sürmüşdü. Deməli, yerində və zamanında edilən tənqidlər gələcəyə işıq tutar, gerçəklərin önünü kəsən qaranlıq pərdələrini gözümüzün önündən qaldırar. Həmçinin tarixə, keçmişimizə və bu günümüzə daha realist baxış bucağından yanaşmaq imkanı yaradar. Bu baxımdan zənn edirəm ki, Əli bəy Hüseynzadə jurnalist kimliyi altında göstərdiyi fəaliyyəti boyunca qələmə aldığı tənqidi yazılarını özünün və millətinin həm də ən həqiqi müttəfiqi kimi görürdü. Həmin tənqidi mətnlərdə çağırış əsaslı sətirlərin ön planda olduğuna diqqət yetirsək, uzlaşmağa nail olmaq onun prioritet mövqeyi idi.

Davamı…