Bəzən məzmun o qədər zəngin, o qədər böyük olur ki, formaya yerləşə bilmir – çay öz məcrasına sığmadığı kimi.
Məna formaya sığmayanda onu zədələyir, onu yaralayır.
Sellər-sular sahilləri, bənd-bərəni yuyub aparır.
Məna formaya sığmayanda onu dağıdır.
Biçim deformasiyaya uğrayır.
Məna biçimin gözünü çıxarır, ağzını əyir, onu qozbelləşdirir – Kvazimodoya döndərir.
Bu zaman eybəcərləşən forma ifrat məzmun gözəlliyinin ölçüsü kimi üzə çıxır.
Əslində, eybəcərlik ayrılıqda mövcud deyil.
O, mahiyyətin formaya sığmazlığının nəticəsidir.
O, mahiyyətin böyüklüyünü açmağa xidmət göstərir.
Qeyri-adi, təzadlı gözəlliyin ölçü vahidi, meyarı kimi üzə çıxır.
Məzmunla biçimin təzadıdır Kvazimodoluq.
Məzmunun dağıntıları nə qədər böyükdürsə, yəni forma nə qədər eybəcərləşibsə, deməli, məna o qədər zəngindir, dərindir.
Kvazimodoluq – əl çatmayan, real olmayan, bütün ölçüləri dağıdan sevgidən doğan heyrətdir.
Qovuşmaq üçün deyil, borcdur – sevmək borcu.
İçin üzə sığmazlığıdır.
Kvazimodo – məzmunla forma arasındakı gərginliyin və məsafənin maksimum həddə çatdığı, qütbləşdiyi yerdir.
Gözəlliyin qarşısıalınmaz gücə çevrildiyi məqamdır.
Kvazimodo təzadı onun faciəsi, həm də təsdiqidir.
Bu təzad sonsuz daxili güc və enerji qaynağıdır.
Kvazimodonun içi sevgisinin, üzü cəmiyyətin şəklidir.
Onun qəlib həyatı yoxdur deyə faciəsi labüddür.
Amma bu, bədbəxtlikdirmi?
Bu faciə onun mahiyyətini açır, böyüklüyünü göstərir.
Kvazimodonun xilası faciəsindədir.
Kvazimodo faciəsinin mahiyyəti ondan ibarətdir ki, fəda olmasa, yaşaya bilmir.
Yox olmasa, təsdiqini tapa bilmir.
Özündən keçməsə, gülüş yeri olur.
Qəribə burasıdır ki, bu faciə təsdiqin yeganə yoludur.
Kvazimodonun seçimi yoxdur.
Eybəcərlik sədlərini aşmaq həmişə böyük qurban, böyük fədakarlıq tələb edir.
Sevginin gücü zülmət gecədə ildırım kimi çaxır.
Çirkinlik çiliklənir, heyrətin geniş üfüqləri açılır.
Notr-Damın möhtəşəm divarlarının qoruya bilmədiyi gözəlliyi Kvazimodo həyatının mənasına döndərir, onu vətən səviyyəsinə qaldırır.
Bu zaman məzmunun gözəlliyi biçimin eybəcərliyini unutdurur, hətta onu məlahətləndirir.
Kvazimodo – gözəlliyin qələbəsindən ötrü özündən keçən könüllü əsgərdir.
Kvazimodoya vurulan adamın məhəbbətinin əsilliyinə şübhə yeri qalmır.
İlk dəfə eybəcərlik sədlərini qıran, azadlığa çıxan Kvazimodonun daxili aləmi gözəllik, ədalət və sevgi naminə fəda edilir.
Sevgi qələbə çalır.
Kvazimodonun təzadı özünütəsdiq və ölümü bir araya gətirir.
Amma təsdiq ölümdən parlaq görünür.
Gözəllik ölüm fonunda görünmür, əksinə, ölüm gözəllik içində itir.
Biçim görünməz olur, yaddan çıxır.
Kvazimodoluq imkansızlıqdan imkan şirəsi çəkməkdir.
Kvazimodoluq eybəcərlikdən heyrətamiz gözəllik yaratmaq dərsidir. Eybəcərlikdən gözəllik sahilinə atılan körpüdür. Nifrətdən sevgiyə yol çəkməkdir.
Loğman