Füyuzat 136

Millətçi xristianlara sülh və ədalətin yolunu göstərən jurnalist

XX əsrin əvvəllərində Cənubi Qafqazda qarşıdurma yaratmağa çalışan xarici qüvvələrin siyasi oyunlarından xəbərdar olan Əli bəy Hüseynzadə 1905-ci ildə “Həyat” qəzetinin 21-ci sayında maraqlı bir məqalə çap etmişdi. Məqalə formaca konkret görünsə də, məna və problemin aktuallığı baxımından dərin və məzmunlu idi. Çünki yazıda xristian dünyasının İslamiyyətə qarşı qərəzi, xəyanəti və məkrli siyasəti obrazlı şəkildə ifadə edilmişdi.

Müəllif məqalənin məqsədini “Həyat” qəzetinin redaksiya heyətinə göndərilmiş yazılı bildirişlə əlaqələndirib “Bakı Sülh və Vifaq Komitəsi”nin rəhbərliyi tərəfindən ünvanlarına göndərilmiş xəbərdarlığa münasibət bildirərək yazırdı: “Bu vərəqədə ümum qəzetələr, daha doğrusu, qəzetə mühərrirləri sülh və müsalimət (barışıq) dairəsində çalışıb müsəlmanlarla ermənilər beynində təlifi-beyn (uzlaşdırma) xüsusunda qeyrət etməgə dəvət olunuyorlar…

Biz zənn ediyoruz ki, bu dəvət “Həyat” qəzetəsinin özünə xitabən degildir, çünki “Həyat”ın məsləki, əsasən, sülhcüyanə və asayişpərvəranə olduğu aşkar olmaqla böylə bir dəvətnaməyə əsla ehtiyacı yoxdur”.

Bakıda “Bakı Sülh və Vifaq Komitəsi” 1905-ci ildə Azərbaycanda gərginləşən erməni-müsəlman qarşıdurmaları za­manı yaradılmışdı və qurumun məqsədi iki millətin arasında yaranan gərginliyi aradan qaldırmaq, dostluğu möh­kəmləndirmək idi. Sülh və asayişin bərqərar edil­məsinə xidmət edən qu­rumun üzvləri erməni və müsəlman ziyalıları arasından seçilmişdi. Azərbaycanlıların tərəfindən: Əhməd Ağayev, İsmayıl Səfərəliyev, Hacı Aslan Aşurov, İsrafil Hacıyev və digərləri cəmiyyətin üzvləri idilər. Cəmiyyət yazılı olaraq qəzet redaksiyalarına xəbərdarlıq göndərmişdilər ki, çap edilən məqalələrdə milli qarşıdurmalara və gərginləşdirici vəziyyətlərə səbəb olan yazıların çap edilməsinə icazə verilməsin.

Əli bəy Hüseynzadə redaktoru olduğu “Həyat” qəzetinin ünvanına göndərilmiş bu göstərişə cavab yazmaya bilməzdi!.. Çünki mütilik, yalana doğru demək onun sənətinə və şəxsiyyətinə yad idi. Beləliklə, bildirişi aldıqdan sonra əsəblərinə hakim ola bilmədi və bildirişi göndərən cəmiyyətin ünvanına təşəkkürlə başlayan bir cavab məqaləsi yazdı.

Davamı…

Məsməxanım Qubadova
Sənətşünaslıq üzrə fəlsəfə doktoru