XIX əsrin sonu, XX əsrin əvvəllərində yazıb-yaratmış Azərbaycanın görkəmli ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, istedadlı publisist, Axısqa türklərinin böyük oğlu Ömər Faiq Nemanzadə 1872-ci ildə Qafqaz Canişinliyinin Axısqa qəzasının Azqur kəndində doğulub. İlk təhsilini kənd məscidində alan Nemanzadə daha sonra anasının təkidi ilə 1882-ci ildə İstanbula gedərək orada “Fateh” məktəbində oxumuşdur. Nemanzadənin publisistikaya marağı hələ İstanbulda Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlayandan yaranır. Ömər Faiq İstanbulda qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olur və bu onu ədəbi fəaliyyətə daha da yaxınlaşdırır. Bu hadisələr Nemanzadənin dünyagörüşünün formalaşmasına çox böyük təsir edir. Lakin 1894-cü ildə doğma torpaqlarında olan gərginlik onu vətənə gətirir.

Vətənə dönən Nemanzadə Türkiyədə yaşayan türklərlə vətəndə yaşayan türklər arasında böyük fərqi görür, milli məktəb açmaq fikrinə düşür və bunun üçün də Tiflis maarif müdirinə ərizə yazsa da, buradan rədd cavabı alır. Bütün bunlara baxmayaraq, o, ruhdan düşmür və 1898-ci ildən Şəkidə came məktəbində uşaqlara təhsil verməklə məşgul olur. 1990-cı ildən ictimai həyata daha da yaxınlaşmaq üçün, Şamaxı, Bakı, Tiflisdə xalqın maarifləmnməsi üçün çalışır. 1903-cü ilin mart ayından “Şərqi-Rus”qəzeti ilə sıx əməkdaşlıq etməyə başlayır. Daha sonra isə “Molla Nəsrəddin” jurnalının yaranmasında Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşı olur. Nemanzadə “Molla Nəsrəddin” də çalışmaqla bərabər, həm də “Açıq söz”, “Tərəqqi”, “İrşad”, “Həyat” kimi mətbu orqanlarda çıxış edərək türk-müsəlman aləminin digər millətlər kimi artıq oyanmalı, özünün əvvəlki tarixi əzəmətini dərk edərək dünyanın inkişaf etmiş millətləri ilə bir sırada dayanmalı olduğunu vurğulayırdı.
Barışmaz mövqeyinə, cəsarətli çıxışlarına görə həmişə təqib edilən Ömər Faiqin evində dəfələrlə axtarışlar aparılıb, yazıları müsadirə olunub, felyetonları jurnal və qəzet səhifələrindən çıxarılır. Zəngin publisistik təcrübə qazanmış yazarın qələmi bu illərdə daha da kəskinləşir. O xalqının oyanması, maariflənməsi üçün əzmlə çalışır, yorulmurdu.
1918-ci ildə Azərbaycanda Demokratik Respublika quruldu. O zaman Ömər Faiq doğma yurdunda Axısqa türklərinin azadlıq problemləri ilə məşğul idi. 1919-cu ildə Nemanzadə Bakıya gəlir və Azərbaycan Xalq Cümhuriyyətinin polis idarəsində nəzarətçi müfəttiş vəzifəsinə təyin olunur.
Ö.F.Nemanzadə türkçü bir ideoloq kimi 1918–1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin varlığını birmənalı şəkildə müdafiə edir. Bu dövrdə qələmə aldığı “Milliləşmək” və digər məqalələrində Azərbaycan türklərinin dövlətinə, dilinə, mədəniyyətinə sahib çıxmasının vacibliyindən söz açan Nemanzadə hesab edirdi ki, ilk növbədə milli dili – türk dilini qoruyub-saxlamaq lazımdır: “Hər millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxlaşmış deməkdir. Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti hətta yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz”, –deyə əqidəsindən qalmır.
Azərbaycan dili, onun yad ünsürlərdən qorunması, yayılması üçün Nemanzadə daim mübarizə aparmış, publisistik və mətbu fəaliyyətinin bütün mərhələlərində dil məsələsini diqqətdə saxlayan Ö.F.Nemanzadə bu problemə müxtəlif aspektlərdən yanaşmışdır. “Bədbəxt o millətdir ki, özgə millətin silahından ziyada, dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır”, – söyləyən Ömər Faiq bu problemin nə qədər ciddi olduğunu vurğulayır və deyir –“…dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz”.
O, maarif sahəsində azərbaycanlılara qarşı olan ögey münasibəti öz yazılarında cəsarətlə göstərirdi. Dövrün qabaqcıl ziyalısı kimi öz xalqını dünyanın ən mədəni xalqları səviyyəsində görmək arzusu ilə yaşayan və nicat yolunu isə elmdə, təhsildə, xalqın maariflənməsində görən Nemanzadə bunu bütün açıqlığı ilə öz məqalələrində yazırdı.
Nemanzadə dili mədəniyyətin əsası hesab edir, ona istisna əhəmiyyət verirdi. Dil məsələsi onun üçün ən vacib və birinci məsələlərdən idi. Bu məsələ baglı o daim narahatlıq keçirirdi. Dil o qədər vacib ünsürdür ki, onsuz nəinki milli mədəniyyət, hətta millət belə mövcud ola bilməz. Əgər bir milləti məhv etmək lazım gələrsə, onun dilini əlindən almaq onun üçün ən böyük qəsddir. Dili xalq yaradır və xalq da təkmilləşdirir.
Ana dilinə olan məhəbbətin ifadəsidir ki, Ömər Faiq yazırdı: “Dil yoxluğu millət yoxluğudur”, “Mən inanmıram ki, dilini sevməyən xalqını sevsin”, “Məhəbbətlərimizin ən üst qatına dil məhəbbətini çıxarmalıyıq”. “Yazımız, dilimiz”, “İkinci ilimiz” adlı məqalələrində müəllif dilimizin ahəng qanununu inkar edib onu ərəb-fars qəlibinə salmaq istəyənlərə tutarlı cavab verir. O, mübariz bir mətbuat işçisi, vətənpərvər ziyalı kimi daim Azərbaycan dilinin təmizliyi keşiyində dayanmış və bu sahəyə aid bir sıra məqalələr yazıb çap etdirmişdir. Ömər Faiqə görə milləti sevməyin birinci əlaməti onun dilini sevməkdir. Milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Bu da təsadüfi deyildi. Çünki XX əsrin Azərbaycan ziyalılarının əsas mübarizə hədəflərindən biri də milli dilə xor baxan, ona biganə olanlar idi. Dilimizdə əsl öz sözlərimiz olduğu halda, alınma sözlərin işlədilməsinə öz etirazını bildirirdi. Professor Şamil Qurbanov yazırdı ki: “…Biz deyirik: çox heyflər olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub bizi dilsiz və bədbəxt etmişlər. Elm və mərifətin camaat arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərkən, qaşımızı qayırarkən gözümüzü çıxarmışlar”.
“Eşq və məhəbbət” məqaləsində Ömər Faiq dilimizi dünyadakı asan və gözəl dillərdən biri adlandırır. Ana dilimizə həqarətlə baxanları və bu dildə danışmağı şəninə kəsir bilənləri kəskin tənqid edərək deyirdi: “Bizim bəzi ağalar dilimizin çətinliyini bəhanə edib evdə arvad-uşaq ilə də özgə dil ilə danışmaq xəyalında bulunurlar. Tiflisdə beş ziyalı bir araya gələndə görməzsiniz ki, öz dili ilə danışsın. Buranın qonaqlarında, yığıncaqlarında milli dil, milli adət, milli süfrə, milli sadəlik bulmazsız. Hələ xanımlar deyəsən ki, milli dilə düşməndirlər. Bunların adları özgə, dilləri özgə, adətləri özgə, diləkləri özgə, tərbiyələri özgə, gələcəkləri özgə, məhəbbətləri özgə! Bilmirəm, bunların millilikdən payları nədir? Bilmirəm, bu gedişlə hara gedirik?”
Onun yaradıcılığında xalqa məhəbbət anlayışı ilə dilə məhəbbət anlayışı bir-birindən ayrılmazdır. Ana dilinə olan məhəbbətini onun milli təəssübkeşliyi ilə əlaqələndirən yazıçı fikrini aşağıdakı cümlələrlə yekunlaşdırır. Ömər Faiq üçün Azərbaycan dilinin təmizliyi və inkişafı uğrundakı mübarizə bilavasitə milli azadlıq və inkişaf uğrundakı mübarizənin əsas mərhələlərindən biri idi və bu son dərəcə aktual problem onun yaradıcılığında bir ana xətt təşkil edirdi. Nemanzadə publisistikası ilə Azərbaycan dilinin qarşısına çəkilən sədləri dəf etməyə, dili alçaldanların, ona yuxarıdan aşağı baxanların əsl simasını açıb xalqa göstərməyə çalışırdı və onun publisistikasının həyatiliyi, istedadı, hərarəti bu istəyə nail olurdu.
Dil problemi Ömər Faiq yaradıcılığının əsas təməlini təşkil edirdi. Publisistik və mətbu fəaliyyətinin bütün mərhələlərində dil məsələsini diqqətdə saxlayan Ö.F.Nemanzadə bu problemə müxtəlif aspektlərdən yanaşmış, onu kompleks halda dəyərləndirmişdir. “Bədbəxt o millətdir ki, özgə millətin silahından ziyada dil və ədəbiyyatına əsir olaraq yaşamaqdadır”, – söyləyən Ömər Faiq bu problemin nə qədər ciddi olduğunu vurğulayır
Bəli, xalqının maariflənməsi yolunda Nemanzadə çox işlər görüb və bunu kimsə dana bilməz ki, o, cahillik, cəhalət girdabından xilas olmaq üçün çox çalışıb, çox zəhmət çəkib.
Afaq Sadıqova
“İşıq” jurnalının məsul katibi