Ədəbiyyat Samir Ramizoğlu

Ömrün son payızında – Bəxtiyar Vahabzadə ilə müsahibə

Hava soyuq olsa da, çox təmiz idi. Səhərdən narın-narın yağan payız yağışı günortaya yaxın Bakının küçələrini əməlli-başlı islatmışdı. İstiqlaliyyət küçəsində yerləşən, arxa tərəfi Xəzərə baxan binanın həyətinə daxil olduq. Bina yaraşıqlı idi və ilk baxışdan xoş təsir bağışlayırdı. Həyətdə salınmış kiçik, səliqəli parkda heç kim nəzərə çarpmırdı. 3-cü blokun qarşısında yerləşən polis nəzarət köşkünə yaxınlaşdıq. Bizi görən polis əməkdaşı köşkün pəncərəsini açdı və “Buyurun, eşidirəm sizi” deyib gülümsədi. Samir müəllim dedi: “Bağışlayın, Bəxtiyar müəllimgilə gəlmişik. Keçmək olarmı?” Polis əməkdaşı: “Haradan gəlmisiniz? Gələcəyinizdən xəbəri varmı”, – deyə soruşdu. Samir müəllim cavab verdi: “Bəli, gələcəyimizi bilir. “Füyuzat” jurnalından gəlmişik”. “Bir dəqiqə”, – deyə polis telefonun dəstəyini qaldırıb harasa zəng vurdu. Nəsə danışıb sonra yenə eyni gülümsər çöhrəylə dedi: “Buyurun, qalxa bilərsiniz, qapını tanıyırsınızmı?”. “Bəli, tanıyırıq, çox sağ olun!” deyib təşəkkür etdik və bloka daxil olduq. Liftlə yuxarı qalxdıqca fikirləşirdik ki, görəsən, necədir, şair? Eşitdiyimizə görə, son vaxtlar çox xəstə olur. Allah şəfa versin! Lift dördüncü mərtəbədə dayandı. Zəngi basdıq. Qapını şairin ömür-gün yoldaşı Dilarə xanım açdı. Mehribanlıqla “Xoş gəlmisiniz, buyurun” dedi. Sanki bu dəvəti eşitmirdik, qəribə bir vəziyyətdə idik. Beynimizdə nə yaraşıqlı bina, nə səliqəli park, nə də bizi qarşılayan polis var idi. Sanki bir anlıq donmuşduq: bir neçə addım bizdən aralıda – divarın o biri tərəfində uzun zamandır insanları şeirləri ilə valeh edən, “Bir salama dəymədi” şeriylə Əminə Yusifqızının dili ilə böyük bir auditoriyanı ağladan, ömrü boyu içindəki qubarı və hüznüylə yaşayan, bütün varlığı ilə Azərbaycanlaşmış, vətən aşiqi, millətin böyük oğlu Bəxtiyar Vahabzadə dayanmışdı. Gözlərimiz dolmuşdu. Millətini canından artıq sevən, içi “millət, millət!” deyən vətən şairi, sevgi şairi, əxlaq şairi bizi öz dünyamızdan qopartdı. “Xoş gəlmisiniz, buyurun” dedi. Bu səs bizi şairin olduğu otağa apardı.

İçəri otağa keçdik. Şair qapıdan sağ tərəfdə, kresloda oturmuşdu. Çox fikirli idi. Bizi görüb qalxmaq istədi. Qoymadıq. “Xoş gəlmisiniz”, – deyə əyləşməyimiz üçün divanı göstərdi. Şair çox qocalmışdı… Arıqlamış sifətində illərin dərin izləri – qırışlar hiss olunurdu. Həmişə həyat eşqi ilə baxan gözləri taxdığı eynəyin qalın şüşələri arxasından çox fikirli görünürdü. Gümüşü rəngli saçlarını isə həmişəki kimi arxaya daramışdı. Mənalı bir ömür yolu keçmiş canlı tarix sanki ondan əvvəl dillənməyəcəyimizi bilirmiş kimi bizə baxdı. Elə bil bu baxış bizə cürət verdi. Müsahibə üçün lazım olan avadanlığı hazırladıq. Sözə Samir müəllim başladı.

– Bəxtiyar müəllim, sizi xoş gördük, səhhətiniz necədir?

– Allaha şükür, pis deyiləm. Səhv eləmirəmsə, siz “Füyuzat”dan gəlmisiniz. Son vaxtlar fikrim bir az dağınıq olur.

– Bəli, Bəxtiyar müəllim, “Füyuzat” jurnalından gəlmişik…

– Yaxşı eləmisiniz. Xoş gəlmisiniz, – deyə şair gülümsədi.

– Sağ olun! Bəxtiyar müəllim, xalqımızın böyük şairi kimi “Füyuzat” haqqında nə fikirdə olduğunuzu bilmək bizim üçün çox önəmlidir. Mümkünsə, bu barədə bir-iki sualımızı cavablandırardınız…

– Buyurun, eşidirəm sizi.

– Bəxtiyar müəllim, maraqlıdır, “Füyuzat” yenidən işıq üzü gördükdə hansı hissləri keçirdiniz?

– İnanın, mənə elə gəldi ki, “Füyuzat” yenidən dirilib, yəni Əli bəy yenidən dünyaya gəlib. İki il əvvəl idi, səhv eləmirəmsə. Baş redaktorunuz Teymur müəllim zəng vurmuşdu mənə. Dedi: “Bəxtiyar müəllim, sizi təbrik edirəm, “Füyuzat” qayıtdı”. Elə sevindim ki… özümü saxlaya bilmədim, oturub uşaq kimi ağladım… Evdə dayana bilməyib durub getdim birbaşa Teymur müəllimin yanına. Teymur müəllimə bu böyük işə görə təşəkkür elədim.

– 4-cü sayımızda “Gülüstan” poemanız dərc olunmuşdu. Poemanızı “Füyuzat”da görmək sizdə hansı hissləri oyatdı? Özünüzü bir anlıq Əli bəy Hüseynzadənin “Füyuzat”ında hiss etdinizmi?

– Bilirsiniz, “Gülüstan”ın mənim üçün tam başqa anlamı var. Onu sovetin gurhagur vaxtında yazdım. Bu əsər mənim ürəyimdən gəlib. “Gülüstan” parçalanmış xalqımızın harayıdır. O vaxt “Gülüstan” kimi poema yazmaq çox qorxulu idi. Onu yazandan sonra hər an gözləyirdim ki, indi gəlib məni aparacaqlar. Amma heç kim gəlmədi. Allah qoruyanda insana heç kim zərər vura bilməz. Jurnalın əməkdaşlarına təşəkkür edirəm bu əsəri dərc etdiklərinə görə. Çox sağ olun, “Gülüstan”ın “Füyuzat”da dərc olunması mənim üçün böyük hadisədi. Düşündüm ki, Əli bəy bunu oxusaydı, onun da xoşu gələrdi.

– Bəxtiyar müəllim, bildiyiniz kimi, “Füyuzat” jurnalı 2007-ci ildən yenidən nəşrə başladı. “Füyuzat”ın yenidən nəşrinə başladıqda sizin xeyir-duanızı almışdıq. Artıq 2 ildir nəşrimiz davam edir və 11 sayı işıq üzü görüb. Bu müddət ərzində, sizcə, “Füyuzat” bu adı doğrulda bildimi?

– “Füyuzat” çox böyük jurnal olub, həmişə çox sevilib. Bu jurnalın nəşr olunması çox mühüm məsələdir. Çox, olduqca çox. Çünki burada çox ağıllı məqalələr var idi. Əli bəy Hüseynzadənin ərsəyə gətirdiyi “Füyuzat”. Əli bəy Hüseynzadə çox böyük şəxsiyyətdir. Əli bəy ziyalı adam olub, filosof olub, Əli bəy “Faust”u tərcümə edib. Biz “Molla Nəsrəddin”i qaldırmaq üçün onu damğaladıq, vurduq zaman-zaman. Amma o lazım deyildi. “Füyuzat” jurnalı çox qiymətli jurnal olub. Bütün Şərqdə yayılıb, Türkiyədə yayılıb. Biz çox şeyi siyasətə qurban verdik. Bu, düzgün deyil, onun öz yolu var, bunun öz yolu. Qaldı ki, hazırkı “Füyuzat”a, şəxsən mənim çox xoşuma gəlir. Həm redaksiya heyətinin üzvü kimi, həm də bir oxucu kimi. Arzum var ki, gələcəkdə bir gün bir poema, ya da bir-iki şeir yazım. Gələcəkdə qismət olarsa, mütləq yazacağam. Mən bu jurnalın çap olunmasını böyük hadisə hesab edirəm. Böyük hadisədi. Bunun üçün sizə təşəkkür edirəm. Bir azərbaycanlı kimi.

– Bəxtiyar müəllim, son olaraq jurnalımıza nə arzulayardınız?

– Əli bəyin yolunu davam etdirdiyinizə görə minnətdarlıq edirəm. Əli bəyin yolu davam etməlidir. Çünki bu yol Azərbaycan xalqına xidmət yoludur. O yolu mən burda görürəm və alqışlayıram. “Füyuzatçı” olmaq gözəldir. Bu adın qiymətini bilin. Həmişə belə olun.

Səhhətini nəzərə alaraq şairi çox incitmədik. Sağollaşıb ayrıldıq. Bizə çox təsir edən bir şey də, o cür xəstə olmasına baxmayaraq, qalxıb bizi qapıya qədər ötürməsi oldu. Yolboyu böyük şairlə görüşdüyümüzə görə qəribə bir fərəh hissi keçirirdik. Amma o zaman bilmirdik ki, bu, ilk görüşümüz olmaqla bərabər, həm də son görüşümüz olacaq. Bir neçə ay sonra şairin vəfat etməsi xəbəri hamımızı kədərləndirdi. O, cismən ayrılsa da, zəngin poetik irsi ilə həmişə bizimlədir. O, ölümündən sonra da yaşayanlardandır. Xalqımız zaman-zaman böyük şəxsiyyətlər yetişdirib. Onların biri də, şübhəsiz, Bəxtiyar Vahabzadədir.


Samir Ramizoğlu
“Füyuzat” jurnalının məsul redaktoru