Azərbaycanın görkəmli tarixçi-etnoqrafı, professor Qəmərşah Cavadovun 85 illiyinə
Dahilərdən birinin belə bir maraqlı fikri var: “Əsl insan sərrafı odur ki, görünən cəmiyyət içərisində görünməyən toplumu seçsin. O görünməyən toplum ki, mayası vətən sevgisindən, yurd məhəbbətindən yoğrulub. O toplum ki, xalqın milli-mənəvi dəyərlərini özündə, sözündə yaşadır…” Şübhəsiz ki, ana vətən ilk növbədə onu sevənlərindir: istər fərd olsun, istərsə də toplum. Biz bu fikrin gerçəkliyinə 44 günlük Vətən müharibəsində – Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən, tarixi qələbəmizin qazanılması naminə canını fəda edərək şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizin timsalında bir daha şahid olduq.
Alimin qələminin mürəkkəbini şəhid qanına bərabər tutan Həzrəti Muhəmməd Peyğəmbər mübarək hədislərinin birində belə buyurur: “Elm axtarışında olan alimə ölüm üz versə, o, şəhid sayılır”. Fikrimcə, 15 əsrdir ki, yol gələn və bu günə qədər öz qüvvəsini itirməyən bu kəlamı mayası vətən sevgisindən yoğrulmuş və Azərbaycanda etnoqrafiya elminin inkişafına mühüm töhfələr verən tarix elmləri doktoru, professor Qəmərşah Cavadova da şamil etmək olar. O, fədakar ziyalı, elm fədaisi olaraq məftun olduğu bu gözəl vətəni el-el, kəndbəkənd, bölgə-bölgə gəzib bütün şüurlu ömrünü yerli sakinlərin adət-ənənələrinin, tarixi keçmişinin, məişətinin tədqiqinə, bir sözlə, Azərbaycanın etnobütövlüyünə həsr etmişdir.
Ölkəmizdə Qəmərşah müəllimin elmi-praktiki səfər etmədiyi və tədqiqat obyekti olmayan bölgə yoxdur! Məhz belə səmərəli elmi axtarışları nəticəsində o, azərbaycanlıların Qafqazda aborigen olduğunu tutarlı dəlillərlə isbat etmişdir. Təbii ki, Uca Yaradan hər kəsə bir ömür yolu, bir tale qisməti pay verir. Əcəl möhlət versəydi, Qəmərşah müəllim etnoqrafiyaya aid fundamental xarakterli daha çox əsərlər yazardı…
1938-ci il fevralın 23-də qədim Qubanın axarlı-baxarlı guşələrindən olan Aydınkənddə dünyaya göz açan Qəmərşah Cavadov 1956-cı ildə orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix ixtisasında ali təhsil almışdı. Xalqımızın tarixi keçmişinə, məişətinə və adət-ənənələrinə olan sonsuz marağı onu Azərbaycan EA-nın Tarix İnstitutuna gətirmiş, burada aspirant olaraq etnoqrafiya ixtisasına yiyələnmişdir. 67 illik ömrünün 42 ilini AMEA-nın müvafiq institutlarında elmi fəaliyyətə sərf edən Qəmərşah müəllim ölkəmizdə və ölkə xaricində etnoqrafiya, milli-etnik münasibətlər haqqında dəyərli əsərlərin müəllifidir. Onun Azərbaycan elminə ərməğan etdiyi əsərlərində respublikamızda yaşayan milli azlıqların, demək olar ki, hamısı əhatə olunub. Öz elmi monoqrafiyalarında hər bir xalqın özünəməxsusluğundan və təkrarsızlığından söz açan görkəmli alim Azərbaycanda ilk dəfə xalq əkinçilik texnikasının məhəlli köklərini əzmkarlıqla tədqiq edib.
Qəmərşah Cavadovun “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri”, “Azərbaycanda xalq əkinçilik təqvimi və meteorologiyası”, “Azərbaycanda əkinçilik mədəniyyəti: ənənələr və müasirlik”, “Əkinçilik mədəniyyətimizin sorağı ilə”, “Azərbaycanda el köməyi adətləri” və digər monoqrafiyaları, habelə respublikanın və eləcə də keçmiş ittifaqın elmi jurnallarında, beynəlxalq konfransların materiallarında nəşr etdirdiyi 350-dən artıq məqaləsi vətəndaş, xalqşünas bir alimin elmi yaradıcılığının zəngin səhifələridir.
2000-ci ildə Norveçin Xarici İşlər Nazirliyi və Humanitar Təşkilatının Azərbaycandakı prezidenti Berqa Toppenin sponsorluğu ilə çap olunmuş “Azərbaycanın azsaylı xalqları və milli azlıqları” (Bakı, “Elm”) monoqrafiyasında professor Qəmərşah Cavadov dünyanın etnik xəritəsində yalnız Azərbaycanda mövcud olan etnosların respublikanın bir və ya bir neçə kəndində yaşayıb-yaratdıqları barədə məlumat verir və bunların, əsasən, Şahdağ xalqlarından (xınalıqlılardan, buduqlulardan, qrızlılardan, hapıtlılardan) və başqa etnik nümayəndələrdən ibarət olduğunu qeyd edir. Bununla yanaşı, respublikamızda tatlar, talışlar, kürdlər, ləzgilər, avarlar, saxurlar və ingiloylar, habelə qeyri-müsəlman etnosların məşkunlaşdığını bildirən monoqrafiya müəllifi adları çəkilən etnosları dil ailələri və dini baxımdan qruplaşdıraraq hər birini ardıcıllıqla tədqiq etmişdir.
Qəmərşah Cavadov həmçinin bir çox etnosların Azərbaycan xəritəsində qorunub gələcək əsrlərə çatdırılması üçün xüsusilə Quba rayonunun Xınalıq, Buduq, Qrız, Cek kəndlərinin açıq səma altında muzeylərə çevrilməsini, onların dünya turist marşrutlarına daxil edilməsini təklif edərək bu sahədə dünya təcrübəsindən bəhrələnməyi məsləhət görmüşdür.
2002-ci ildə Azərbaycanda ikinci dəfə səfərdə olan məşhur Norveç alimi və səyyahı, dünyaşöhrətli etnoqraf Tur Heyerdal Qəmərşah müəllimin bu monoqrafiyası ilə tanış olandan sonra yaxın gələcəkdə onu ingilis dilinə çevirtdirib öz hesabına çap etdirmək qərarına gəlmişdi. Təəssüf ki, Tur Heyerdal bu arzusunu gerçəkləşdirə bilmədi: 2002-ci ilin aprelində məşhur səyyah vəfat etdi…