18 sentyabr 2024-cü il tarixində 1995-ci ildə Ulu öndər Heydər Əliyevin imzaladığı 18 Sentyabr – “Üzeyir musiqi gününün keçirilməsi haqqında” fərmanına əsasən, Hüseyn Cavidin Ev Muzeyində “Milli Musiqi Günü” münasibətilə “Üzeyir Hacıbəylinin sevimli tələbəsi Ərtoğrol Cavid” adlı tədbir keçirilib.
“Füyuzat”ın məlumatına görə, öncə Üzeyir Hacıbəylinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Ü.Hacıbəylinin bəstəkarlıq sinfində təhsil alan Ə.Cavidin sevimli müəlliminə həsr etdiyi “9 variasiya” (fortepiano üçün) əsəri səsləndirilib.
Daha sonra tədbiri giriş nitqi ilə açan muzeyin direktoru, fil.e.d., Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı dahi bəstəkarın Azərbaycan musiqisinin inkişafındakı roluna toxunaraq Üzeyir bəy və Ərtoğrol Cavidin birgə fəaliyyəti haqqında danışıb: “Qızlar məktəbinin direktoru Pənah Qasımov hazırda toplaşdığımız bu otaqda yaşayıb. Hüseyn Cavidlə qonşu olublar. Pənah bəy Qasımov, Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olduqları üçün Üzeyir bəy tez-tez bu mənzildə qonaq olub. Onlar yaxın dost olduqları üçün daima isti münasibətdə olublar. Həmin vaxtlardan Ərtoğrol Üzeyir bəyi tanıyıb və bu dahilərin söhbətlərinin dinləyicisi olub. Ərtoğrol Azərbaycan Milli Konservatoriyasında Üzeyir bəyin sinfində təhsil alıb və özünün “9 variasiya” əsərini müəlliminə həsr edilib. Bu gün bu əsərlə “Milli Musiqi Günü” münasibətilə baş tutacaq dövlət tədbirində açılış ediləcək. Üzeyir bəy, Bülbül yeganə insanlar idilər ki, 1937-ci ildən sonra xalq düşməninin oğlunu işlə təmin etmiş, ailənin yeganə çörək gətirəninə kömək əlini uzatmış, yardımını əsirgəməmişdirlər. Bu yardım çox gənc yaşında ağır xəstəlikdən rəhmətə gedən Ərtoğrolun vəfatından sonra da davam etmişdir”.
Daha sonra tədbiri muzeyin əməkdaşları – filologiya elmləri doktoru Gülşən Əliyeva-Kəngərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Quliyeva, Cəmilə Rzayeva, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlər şöbəsinin əməkdaşı, Üzeyir Hacıbəylinin şəxsi arxivinin tədqiqatçısı Aytən İmanova, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə çıxış ediblər.
Sonda tədbir iştirakçıları Hüseyn Cavidin Ev Muzeyinin fondunda qorunan şəxsi arxiv materialları əsasında hazırlanan sərgi ilə tanış olublar. Sərgidə Ərtoğrol Cavidin müəlliminə ünvanlandığı məktublar, onun bəstələrindən ibarət nəşrlər, topladığı folklor materialları əsasında 13 cild həcmində muzey tərəfindən çap olunmuş “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyi nümayiş olunub.
Gün boyu muzeyin ekspozisiya zallarında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bəstələdiyi musiqilər səsləndirilib.