Üsyanın psixoloji mahiyyətini araşdıran siyasi təhlil institutları belə bir qənaətə gəlir ki, üsyan iki formada ortaya çıxır. Birinci forma daxili üsyan cəhdləridir. Sosial narazılıqların fonunda baş verən hadisələr, aksiyalar əməli reaksiya ilə qarşılaşmasa, dağıntılara səbəb olur və dövlətçilik təsisatları ciddi zədə alır.
Üsyanın ikinci forması xarici kəşfiyyat qurumları və beyin mərkəzlərinin hazırladığı informativ xarakterli ayağaqalxmalardır. Bunların əsas təşkilatçıları olan dövlətlər öz içərisində olan hadisələri boğub, ört-basdır etməklə başqa dövlətlərin daxilinə qığılcımlar salmaqla məşğuldur.
Hovard Zinn ABŞ-ın tarixindəki bir çox hadisələrə işıq tutmaqla qaranlıq məqamları bir-bir ortaya çıxarıb. Amerikadakı inqilabdan bir əsr öncə Virciniyada üsyan baş verdi. Həmin vaxtın qəzəbli və acıqlı mühacirləri paytaxt Ceymstauna od vurdular, şəhərin bir çox yerlərini yandırdılar. Yaranan ağır durumun fərqinə varan qubernator şəhərdən qaçmağa məcbur oldu.
ABŞ-dakı daxili etirazların yatırılmasında demək olar ki, rupor olan İngiltərə sayı 50 minə yaxın kolonisti nəzarətdə saxlamaq bəhanəsilə əsgərlərini Ceymstauna yolladı. Amma bir nüansı da nəzərə alaq ki, bu üsyanlar heç də britaniyalı əsgərlərə qarşı deyildi. Hadisənin məğzini təhrif edən bəzi tarixçilər onun lokal olmadığını söyləyərək guya olayların əslində britaniyalılara qarşı olduğunu təqdim etmək istəyir. Halbuki bu hadisə birbaşa ABŞ-ın daxili irtica sisteminə qarşı yönələn ən ciddi cavablardan biri idi.
Tarixdə Nataniel Bekon üsyanı kimi qalan iğtişaşlar yoxsul, ac, qəzəbli mühacirlərin hindulara və zəngin kolonistlərə qarşı yönəlmiş çıxışları idi. Bekon üsyanı aşağı təbəqədən insanların bir yerə yığılmasına və sistematik etirazlarına səbəb oldu. Üsyanın əhatə dairəsi genişləndi və sonradan qara qullar, nökərlər, muzdlu xidmətçilər də üsyana qoşuldu. Viriciniya və bütün ABŞ-da mövcud olan sinfi fərqlər, bərabərsizlik, ədalətin tapdalanması Bekon üsyanının şöhrətini daha da artırdı və başqa bölgələrə yayılmağa başladı.
Üsyanı başladan, bu gün Amerikada fəhlələrin, işçilərin daim sayğı ilə xatırladığı, amma adı məqsədli şəkildə çox anılmayan Nataniel Bekon kim idi? 17-ci əsrdə zəngin iş adamları və mülkədarlar Virciniyanın şərqindəki böyük ərazilərə və təsərrüfat məqsədli sahələrə nəzarət edirdilər. Mülkədarların torpaqları qəsd etməsinə göz yumulduğu üçün həmin ərazilərdə məskunlaşan kəndlilər və sadə insanlar yavaş-yavaş öz yuvalarından ucqarlara doğru sıxışdırıldı. Ucqarlarda yerli hindularla mühacirlər arasında ədavət qızışmağa başladı. Zinn qeyd edir ki, o dövrdə yerli hinduların bir çoxu kolonistlərə casusluq edir və gəlmələrin etiraz və narazılıqlarını sistematik olaraq onlara ötürürdü ki, hansısa gözlənilməz bir hadisə olacağı təqdirdə qarşısı öncədən alınsın.
Virciniyalılar həyatdan bezgin durumda idilər və aclıq, səfalət içərisində öz ərazilərinin qəsbinə şərait yaradanları lənətləyərək ədalətsiz sistemə boyun əymək istəmirdilər. 1760-cı ildə onlar özlərinə lider olaraq Nataniel Bekonu seçdilər. Bekon özü də əslində torpaq sahibi idi. Sadəcə onun xeyriyyə məqsədli köməkləri və indiyə qədər atdığı addımlar kasıb təbəqə arasında ona olan inamı möhkəmləndirdi. Bekonu o vaxtlar qəsəbə sakinlərinin qanunverici orqanı sayılan koloniya idarəsinə seçirlər. Bekon ona olan etimaddan sui-istifadə etmədi. Çünki başa düşürdü ki, varlı mülkədarlarla savaşmaq onun maraqlarını da aradan qaldırar, ona görə hindularla savaşmaq qərarına gəldi.
Hadisələrdən tez bir zamanda xəbərdar olan dönəmin koloniya qubernatoru Vilyam Berkli Nataniel Bekonu qiyamçı və xəyanətkar adlandırdı, onun ətrafında qara piar formalaşdırdı və bir çox bəhanələr gətirərək onu həbs etdirdi. Bu hadisələr son damla oldu və artıq ruhlanan kasıb əhali mülkədarlar və hindular arasında oyuncaq olmaqdan imtina edərək, Bekonun müdafiəsi bəhanəsi ilə təşkilatlanmağa başladı. Bekon tərəfdarları Ceymstauna yürüşlər etməyə başladı, qorxuya düşən qubernator məcbur qalaraq sadəcə bir üzrxahlıq ilə Bekonu azadlığa buraxdı, həbs sanksiyası aradan qaldırıldı.
Bekon üsyanların səbəbini “Xalq Bəyannaməsi”ndə göstərdi. Bəyannamə sərhəddəki mühacirlərin hindulara, sadə xalqın isə varlı və görməmiş qəsbkarlara qarşı olan qəzəb və etirazını özündə cəmləşdirdi. Berkli hakimiyyətinin ağır vergi şərtləri də etiraz olunan nəsnələr siyahısında idi. Bekonun iki ay sonra xəstələnməsi üsyanı bir az zəiflətdi. Xəstəliklə mübarizəyə uduzan Nataniel Bekon 29 yaşında öldü. Bundan sonra üsyanı dağıtmaq və etirazçıları tərk-silah etmək üçün rahat şərait formalaşdı.
Lidersizlik ucbatından üsyançılar arasında pərakəndəlik formalaşdı. Asayişi qorumaq adı ilə Tomas Qrantenin başçılığı altında York çayı ilə koloniyaya bir gəmi əsgər gəldi. Üsyançıların iyirmi üç lideri asıldı, digərlərinin silahları müsadirə edildi, yerdə qalanlara isə divan tutuldu. Tarixçilər yazır ki, Virciniyadakı hadisələr zəncirvari istismarın nəticəsi idi. Kolonistlər İngiltərəyə satılması üçün tütün əkirdilər, amma tütünün bütün qiymətini ingilislər müəyyənləşdirirdilər. Virciniyadakı bir çox insan üsyanı dəstəkləyirdi.
Bekon üsyanına qoşulan nökərlər aşağı təbəqəyə məxsus insanlar idi. Bunlar İngiltərədən və Avropa şəhərlərindən Şimali Amerika koloniyalarına gələnlər idi. Amerikaya gedən əksər yoxsullar müqaviləli nökər halına düşürdü. Çünki onlar Amerikaya edəcək səfərlərin xərclərini qarşılamaq üçün bir ağanın yanında beş, ya da yeddi il işləyəcəklərinə dair əmək müqaviləsi imzalayırdılar.
1750-ci ildə Almaniyadan Amerikaya köç edən musiqiçi Qottlie Mittelberqer qorxulu dəniz səfərini belə dilə gətirir: “Səfər boyu gəmi müsibətin acınacaqlı işarələrilə dolu idi – qorxu, duman, qusma, qızdırma, dişlərin çürüməsi… Bütün bunlara ərzaq qıtlığı, aclıq, susuzluq, isti, rütubət, səfalət və qəzəb əlavə olundu. Səfər zamanı müxtəlif əzablara dözməyən ac və səfil insanlar özlərini gəmidən dənizə atırdılar”.
Həmin dövrdə istismara məruz qalan nökərlər döyülür, ya da qırmanclanır, qadınlara təcavüz edilirdi. Bekon üsyanından sonra ingilis hərbçilər gələcəkdə problem törədə biləcək insanların olmağını nəzərə alaraq Virciniyada qaldılar.
Bütün ağrılara dözməyən nökərlərin çoxu ölkədən qaçmaq istəyir və öz qitələrinə dönüşün yollarını arayırdı. Tarixçi Riçard Morris qaçan və tələf olan nökərlərlə bağlı bir çox məlumatlar tapdı.
Bekon üsyanı Amerikada yoxsullar və zənginlər arasındakı təbəqələşmənin ən acı nəticələrinin rəsmi göstəricisi idi. Sonrakı illərdə üsyanlar daha da çoxaldı, bu isə başqa yazıların mövzusudur.
P.S. Öz tarixinə nəzər yetirməyənlər başqalarının tarixini təftiş etməyə və dünyanın ağası eqoizmini yaşatmağa çalışırlar.