XXI əsrdə sürətlə inkişaf edən elm və texnologiya fərdlərin o cümlədən cəmiyyətin gələcəyinə, onların məlumat əldə edib, həmin məlumatlardan doğru istifadə etməsinə öz təsirini göstərir. Yaşadığımız əsrdə elmə, texnologiyaya üstünlük verməyən ölkələr gələcəyə öz qapılarını bağlamış olur. Sadəcə iqtisadiyyatın, texnologiyanın və idarəetmə kimi sahələrin inkişafı ölkələrin inkişafı üçün kifayət etmir. Davamlı inkişaf içərisində olduğumuz bu dövr bizə yeni imkanlar təqdim edir. Bu imkanları dəyərləndirərək onlardan faydalanmaq yeni-yeni peşələrin yaranmasını zəruri edir. Araşdırmalar onu göstərir ki, gələcəyin peşələrinin bir ortaq cəhəti var: şahidi olduğumuz texnoloji inqilab!
Tibb, mühəndislik, memarlıq, müəllimlik kimi peşələr öz həyati əhəmiyyətlərini qoruyub-saxlamaqla paralel daima inkişaf edirlər. Bundan başqa elə peşələr də var ki, onları gələcəyin peşələri hesab etmək olar. Həmçinin bəzi peşələr də var ki, zaman-zaman onlar köhnəlməyə, hətta yoxa çıxmağa başlayırlar. Bəziləri artıq öz əhəmiyyətlərini itirərək tarixə qovuşublar. Sadə bir misal olaraq göstərmək olar ki, artıq ölkəmizdə peşə təhsili müəssisələrində kassir ixtisası üzrə mütəxəssis hazırlığı həyata keçirilmir.
Sürətlə inkişaf edən texnoloji imkanlar, bir-birinə bağlı olan qlobal iqtisadiyyat, artan və geniş formada yayılan məlumat çoxluğu iş həyatına da ciddi təsir göstərir. Həmçinin bu təsir kütləvi formada iş yerlərinin və iş formalarının dəyişməsinə səbəb olur. Paralel olaraq süni zəkanın insan zəkasına rəqib olduğunun da şahidi oluruq. Texnologiya ilə yanaşı bilikli insanlara da hər zaman ehtiyac duyulur. İnkişaf səviyyəsindən asılı olmayaraq texnologiya insansız istifadə edilə bilməz.
Son üç ildə COVİD-19 pandemiyasının yeni qlobal tənəzzülə səbəb olaraq iqtisadiyyata və əmək bazarına ciddi təsir etdiyinin şahidi oluruq. Həmçinin 2020-ci ildə beynəlxalq münasibətlərdə, o cümlədən sosial əlaqələrdə baş verən qütbləşmələr inkişaf piramidasında lap aşağıda yer alan təbəqələri böhranla üz-üzə qoymuşdur.
Beynəlxalq təşkilatlar, xüsusən də Dünya İqtisadi Forumu baş verən sənaye inqilablarının əmək bazarına təsiri ilə bağlı müəyyən hesabatlarına əsasən qeyd etmək olar ki, son on ildə iş dünyasında texnologiya, süni zəka yeni cığır açmışdır. Baş verən bu yeniliklərin, inkişafın fonunda şirkətlərin öz strategiyalarına yenidən baxmaları zərurəti meydana çıxmışdır. Araşdırmada həmçinin qeyd olunur ki, 2025-ci ilə qədər texnologiyanın imkanlarında istifadə əvvəlki illərə nisbətən kəskin artacaq. Bu da müxtəlif sənaye sahələri və coğrafiyalar üzrə insanların məşğulluq səviyyəsinə öz mənfi təsirini göstərəcək.
Xüsusən post-pandemiya dövründə texnologiya, rəqəmsallaşma təhsil və səhiyyə sektorunda sürətli inkişafı zəruri edir. Araşdırmalar onu göstərir ki, XXI əsrdə texnoloji irəliləyişlər tarixin qalan dövrlərinə nisbətən daha sürətlidir. Texnologiyanın bu sürətlə inkişafı təbii olaraq cəmiyyətin ehtiyacını da dəyişir, infrastrukturun yenilənməsini zəruri edir.
Peşəkar həyata başlayan fərdlərin bu istiqamətdə müəyyən mənada qərarsız olduğunun şahidi oluruq. Adətən müstəqil həyata atılan gənclər, öz gələcəyini, karyera yolunu daha etibarlı formada qurmaq üçün ali məktəbə qəbul olmağı planlaşdırır. Yaxud da artıq müəyyən karyerası olan biri öz peşəsində daha da peşəkar olmağı düşünür.
Bu gün biz baş verən yeni texnoloji dalğanı nəzərə alaraq innovasiyaların peşələrə necə təsir edə biləcəyini və gələcəkdə öz işimiz baxımından bizi nə gözlədiyini nəzərə almalıyıq. Rəqəmsal dövrdə doğulan bir nəsil həyat boyu müxtəlif peşələr dəyişəcəklər. Həmçinin onlar əmək bazarının gələcəyini təmsil etdiklərini də unutmamalıdırlar. Keyfiyyətli təhsil, ömürboyu öyrənmə, insan bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi sosial və iqtisadi rifahın əsas amillərindəndir.
Elm, texnologiya inkişaf etdikcə əmək bazarı həmin inkişafa uyğunlaşmaq məcburiyyətindədir. Əslində dünyaca məhşur brendlərin inkişaflarının səbəbi budur: cəmiyyətin tələbini təmin etmək. Misal olaraq Uber-i göstərmək olar, bu şirkət sadəcə bir şans məhsulu deyil.
XXI əsr bacarıqları barədə Füyuzat jurnalında danışmışıq. Həmin bacarıqların fonunda gələcəyin peşələri haqqında məlumatlı olmaq, bu sahədə maarifləndirmə aparmaq, inkişafyönümlü addımlar atmaq sadəcə mütəxəssislərin, siyasətçilərin yaxud da liderlərin işi deyil, bu həm də ümumi bir məsuliyyətdir. Fərdlər bu istiqamətdə özlərini inkişaf etdirməli və düzgün seçim etdiklərindən əmin olmalıdırlar. Bəs bütün bu inkişaf və dəyişikliklər hansı peşələrin yaranmasını zəruri edir? Gələcəyin peşələri hansılardır? Bu və digər bu kimi suallara növbəti yazılarda cavab tapmağa çalışacağıq…