Füyuzat 139

Oğuz fatehləri – Zəngilər

İmadəddin Zənginin Cabər qalası yaxınlığında öldürüldüyü vaxt vəzir Cəmaləddin Məhəmməd atabəyin oğlu Nurəddin Mahmudun təcili Hələbə gedib oraya hakim olmasını istədi. Cabər mühasirəsində iştirak edən məşhur əmirlərdən Əmir Səlahəddin Yağıbasan və Əsədüddin Şirkuh da Nurəddinlə birlikdə Hələbə getdilər. Vəzir daha sonra Zənginin böyük oğlu Seyfəddinə xəbər göndərib Şəhrizordan təcili Mosula gəlməsini xahiş etdi. Bu, Zəngilər atabəyliyinin Hələb və Mosul olmaq üzrə iki qola ayrılmasına yol açdı. Mosulda Atabəy Seyfəddin Qazi, Hələbdə isə qardaşı Nurəddin Mahmud başa keçdilər.

Mosulda atabəylik taxtına oturan Seyfəddin Qazi şəhərin valiliyi vəzifəsini yenə Zeynəddin Əli Kiçikə verdi, Cəmaləddin Məhəmmədi də vəzirlik məqamında saxladı. İraq Səlcuqlu hökmdarı Sultan Məsuda bir elçi göndərib atabəyliyini təsdiq etdirən sultandan bir mənşur (fərman) aldırdı. Seyfəddin Qazi Hələb hakimi qardaşı Nurəddinin işlərinə qarışmayıb Urfada çıxan üsyanı yatırmaq üçün ona kömək məqsədilə ordu göndərdi. Onun bu hərəkəti iki qardaş arasındakı etimad və bir-birinə hörməti artırdı.

Urfanın Atabəy Zəngi tərəfindən ələ keçirilməsi və buradakı xaçlı krallığının ortadan qalxması Avropada böyük səs-küyə səbəb oldu. Roma papası III Yegenis yeni bir səlib ordusu hazırlanması üçün Frank kralı VII Lui və Avropa cəngavərlərinə məktublar göndərdi. Avstriya imperatoru III Konrad da papanın çağırışına qoşuldu. Bizans ərazisindən Anadoluya keçəndə ordular ayrı-ayrılıqda Səlcuq türkləri tərəfindən məğlub edildilər. Almanların uğradığı fəlakəti görən fransızlar birbaşa Antakyaya hərəkət etdilər. Ancaq Antakyaya gedən gəmilərin azlığı səbəbindən səlibçilərin bir hissəsi Anadoluda piyada hərəkət etmək məcburiyyətində qaldı. Uzun və çətin səyahətdən sonra səlibçilər Qüdsdə birləşib oradan Şama hərəkətə keçdilər. Bunu eşidən Hələbin Zəngi hakimi Nurəddin Mahmud ilə zəngilərin Mosul atabəyi Seyfəddin Qazi birləşib şəhər yaxınlığına gəldilər. Yaranmış bu vəziyyət Toqtəginlər atabəyi Abak ilə vəziri Ünərin, Zəngi atabəyi Seyfəddin Qazi ilə Nurəddin Mahmudun, digər tərəfdən də səlibçilərin üz-üzə gəlməsinə səbəb oldu. Zəngilər Dəməşq hakimlərindən səlibçilərə məğlub olacaqları təqdirdə şəhərə rahat girmələri üçün Şamın idarəsinin onlara verilməsini istədilər. Ancaq Toqtəginlər bu təklifi qəbul etməsələr də, müsbət cavab da vermədilər. Bundan sonra Ünər səlibçilərə xəbər göndərib şəhərin Zəngilərə təslim ediləcəyi təqdirdə onlar üçün yaxşı olmayacağını bildirib gizlicə dialoqa girdi. Ünər həmçinin səlib liderlərinə külli miqdarda rüşvət verdi…

Davamı…

Müəllif:
Əkbər N.Nəcəf