Qarabağ və onun ətrafında davam edən proseslər kimə sərf edir, kimə zərərlidir?
Kim münaqişənin uzanmasından, kim yekunlaşmasından yanadır?
Kim bölgədə sabitliyi söz ilə, kim əməli ilə ifadə edir?
Bu sualların cavabını özümüzdə tapsaq, əslində baş verənlərin qaranlıq pərdəarxasına işıq tutmuş olacağıq.
Özümüzdən başlayaq..
Azərbaycan hələ münaqişənin ilk günlərindən hüququ ön plana çıxarmış, beynəlxalq hüququn tələb etdiyi formatda münaqişənin həllinə və bölgədə sülhün əldə edilməsinə çalışmışdır.
Türkiyə də fərqli mövqedə dayanmayıb. Onun üçün də Qarabağ problemli tez bir zamanda, beynəlxalq hüquq prinsipləri ilə tamamlanmalıdır. Hətta rəsmi Ankara bu istiqamətdə bir sıra səylər göstərib, göstərməkdədir.
Təəssüf ki, problemin beynəlxaq hüquq prizmasında və dərhal həlli istiqamətində sözü və əməli üst-üstə düşən ölkələrin siyahısını genişləndirmək mümkün deyil. Buraya sadəcə Pakistan, İsrail kimi ölkələri nümunə gətirə bilirik.
İkinci sırada problemin həlli üçün əməli addımlar atmayan, yəni problem ilə ümumiyyətlə maraqlanmayan ölkələr var. Onlar mövzudan uzaq olduğu üçün, adlarını sıralamağa ehtiyac qalmır.
Böyük Britaniya, İtaliya, Almaniya, Çin, Şərqi Avropa ölkələri üçün isə, hansısa tərəfi dəstəkləməkdən daha çox iqtisadi-ticari maraqları əsasdır. Məsələn, Çin və Böyük Britaniyadan olsa, günü sabah sülh müqaviləsi imzalanar, bölgədəki tranzit yollar açılar və dünya ticarətində yeni və effektiv xətt formalaşar. Əslində bu kateqoriyadan olan ölkələrin əvvəl-axır özünün coğrafi və iqtisadi imkanları ilə diqqət çəkən Azərbaycanı dəstəkləyəcəyi aydındır. Beləcə, bölgədə sülhdən yana olanlara bu kateqoriyadakı ölkələri də əlavə edə bilərik. Sadəcə onlar Azərbaycan və Türkiyədən fərqli olaraq Qarabağın kimdə qalmasına önəm vermirlər, onlar üçün Qarabağın kimdə qalmasının daha effektiv nəticə verəcəyi əsasdır. İndiki reallıqlarda bu Azərbaycandır…
Qarabağda sülhdən deyil, xaosdan, münaqişənin yekunlaşmasından deyil, uzanmasından yana olanlar isə mehriban düşmənlər – Rusiya, Fransa və İrandır.
Əvvəla, Rusiya və İran Cənubi Qafqazı özünün “tərkib hissəsi” kimi görür. Buna görə də Azərbaycan və Türkiyənin bölgədə hakim qüvvəyə çevrilməsini əngəlləməyə çalışır. Ən effektiv silahları isə “Qarabağ”dır. Yəni Qarabağda xaos nə qədər çox davam edərsə, onların bölgəyə təsir imkanları o qədər canlı olacaq. Xüsusilə, Rusiya sülhməramlıların fəaliyyətini uzatmaq üçün xaosa ehtiyac duyur. Fransa isə çoxəsrlik imperiya xəstəliyindən sağala bilmir, dini siyasətə qarışdırır və bölgədə həm imperiya, həm də dini siyasət həyata keçirməyə çalışır. Bu nöqtədə “erməni havadarlığı” onun maraqlarının əsasını təşkil edir. Ermənilərin bölgədə istəklərinə çatması rəsmi Paris üçün “ən ideal sonluq”dur.
Elə isə diqqət edək:
Son vaxtlar Qarabağ məsələsində daha radikal addım və bəyanatlar kimlərdən eşidilir?
Mən Türkiyədən belə bir addım görməmişəm. Heç Çindən, Böyük Britaniya, İtaliya, Almaniya, Çin, Şərqi Avropa ölkələrindən, nə bilim uzaq Afrikadan da bu kimi hərəkətlər qarşıma çıxmayıb.
Sadəcə Ermənistan, Rusiya, Frasna və İranın radikal addımlarının şahidi olmaqdayıq. Səbəbini isə, yuxarıda tapmaq mümkündür…
Bura qədər ABŞ-ın adını çəkməməyimizin səbəbi odur ki, ABŞ Qarabağ məsələsində istisna təşkil edir. O həm münaqişənin bitməsindən, həm də ermənilərin xeyrinə müəyyən nəticələrin əldə edilməsindən yanadır. Amma özü də yaxşı anlayır ki, Vaşinqtonun bu yanaşması olsa-olsa utopiya olar..
Nəticə etibarilə müəyyən vaxtdan sonra ABŞ-ın da sülhdən və sülhün beynəlxalq hüququn tələb etdiyi prizmadan yana olanların sırasına keçəcəyini deyə bilərik. Necə ki İkinci Qarabağ Müharibəsində “atəşkəsi dərhal və zəruri məsələ kimi” tələb edən ABŞ bir müddətdən sonra əməliyyatların nəticələrinə qane olmuşdu…
Fransa, Rusiya və İran isə yaxşı başa düşür ki, ermənilərin Qarabağda qələbəsi artıq mümkünsüzdür. Onlar Qarabağı əbədi olaraq itiriblər. İndi bu üçlü çalışır ki, Qarabağı Azərbaycan da qazanmasın və bölgə onlardan birinin imtiyazına keçsin. Artıq hansı qalib gələrsə…
Ancaq təbii ki, bu onların planlarıdır. Necə ki Vətən müharibəsində də rəsmi Bakıdan fərqli plan qurub məğlub oldular, indi də nəticə oxşar olacaq. Çünki Fransa, Rusiya və İran istisna bütün dünya artıq Qarabağın Azərbaycanın ərazisi olduğuna əmin olub. Bu üç ölkə isə bütün dünyadan böyük deyil.