Baş redaktordan Füyuzat 140 Mübariz Yunus

Baş redaktordan

Ümid mənim ruhumun əsas

ehtiyaclarından biridir.

Necə ki bitki qidasız, havasız, işıqsız yaşaya

bilmir, mənim də ruhum

ümidsiz yaşaya bilməz…

Z.Göyalp

Kim öz həyat işığını söndürər ki?..

Kimin ümidsizlik yükünə gücü yetər ki?..

Hansı təfəkkür sahibi əbədiyyətin açarı olan ümidini itirər ki?..

“Ümidsiz insan” böhrandadır, istiqamətsizdir. Onun ruhu ziyasız, qəlbi işıqsız, ağlı aydınlığın şəfəqindən məhrumdur.

Ümidsiz insanın göy qübbəsi qara buludlarla doludur. Onun zahiri də, batini də zülmətdədir.

Ümidsizlik yoluxucudur. Sözlə ağıla bulaşıb zehni kor edər, halla ruha bulaşıb qəlbin nurunu söndürər.

Ümidsiz kəlmələr öz bətnində əlacı olmayan ağu-zəhər daşıyar…

Bu həyatda bir də ümidi solmuş insanlar var!

Onların ağlı və məntiqi ümidlərinə pərdədir.

Qanadı qırıq quşlar kimi nə ürəkdən uça bilirlər, nə də bir addım yol ala bilirlər. Belə insanların da gözlərinin fəri sönmüş, qəlblərinin gücü tükənmişdir.

Ümidi dünyəviliklə sərhədləndirənlər düşüncə və ruhunun üzərinə siyah örtü çəkmiş bədbəxtlərdir…