Zaman işıq sürəti kimi uçub gedir, nə qədər qaçsaq da, ona əlimiz çatmır, ünümüz yetmir. Bəzən biz yaşanmış kimi hiss etdiyimiz anların üstündən bir müddət keçdikdən sonra dönüb geri baxdıqda ertələdiyimiz işlərin, içimizdə boğduğumuz arzuların, yarımçıq qalan xatirələrin daxilimizdə buraxdığı izlərdən, içimizə çökmüş ağırlıqdan, “kaş”lardan, dərin bir boşluqdan təssüflənirik. Lakin sonrakı peşmanlıq fayda vermir. Ötən zamanı geri qaytarmaq mümkün deyil.
Stress, gərginlik, yaşam uğrunda savaş, gündəlik qayğılar və s. beynimizə hakim kəsilərək bizi gözəlliklərdən məhrum edir. Biz kimik? Robotlaşmış insanlarıqmı? İnsanların surətinə diqqət yetirdikdə onlarda həyat eşqinin söndüyünü, bəbəklərindəki ucsuz-bucaqsız boşluğu, eyniləşmiş ifadələri görürük. Dünyəvi işlərə o qədər qapılmışıq ki, özümüz də hiss etmədən saysız-hesabsız buxovların içində əsir olmuş, yolumuzu itirmişik. Hisslərimizi, duyğularımızı ürəkdən yaşamağı unutmuşuq. Çoxumuz doğmalarımızdan bixəbər, onların isti nəfəsindən, nəvazişindən ayrı düşərək nələri itirdiyimizin fərqinə belə varmırıq. Onlarla vaxt keçirməkdənsə daha “mühüm işlərlə” məşğul oluruq, ən yaxşı halda isə bir neçə gündən bir zəng edib və ya mesaj yazıb hal-əhval tuturuq. Biz bununla vaxta qənaət etdiyimizi düşünürük, amma əksinə, həyatımızdan nələri çaldığımızı görmürük. Araşdırmalara görə, insanlar doğmalarının, sevdiyi insanların səsini eşitdikdə, onlarla ünsiyyətdə olduqda stress səviyyəsi azalır, enerjisi artır, xoşbəxt olur, ömrü daha da uzanır. Çoxumuz problemimizi və ya sevincimizi yaxınlarımıza deməkdənsə, artıq ənənə halını almış Süni İntellektlərlə bölüşürük. Məncə, telefonlar və süni intellekt bizi bir-birimizdən daha da uzaqlaşdırır, önümüzə daş hasarlar hörür, bizi acımasızca bir-birimizə yadlaşdırır. Simsiz qulaqcıqları qulağımıza taxıb həyatın səsini qısır, fikirlərimizin önünə sədd çəkirik. İnternetdən, elektrik cihazlarından asılı hala düşmüşük, artıq onlar bizi idarə etməyə başlayıb.
Sanki dünyanın rəngi get-gedə solur, hər şeyin dadı-duzu qaçır, bir-birimizdən uzaq düşürük. Niyə əvvəlki bayramların nəşəsi qalmayıb? Niyə keçmiş nəsillə indiki nəsil arasında körpü uçmağa başlayıb? Niyə münasibətlər saxta hal alıb? Baba-nənələrimizin, ata-analarımızın dilindən daim “Yenə o bağ olaydı” misrasını eşidirik. Bəlkə də, əsl xoşbəxtlik, mehribançılıq keçmişdə – telefonun, internetin bu qədər inkişaf etmədiyi bir dövrdə qaldı. İndi boş vaxtımızın çoxunu sosial şəbəkələrdə keçiririk. Bəzən bu bizdən qeyri-ixtiyari baş verir, bir neçə dəqiqəlik əlimizə götürdüyümüz telefon və ya kompüter bizi ağuşuna elə alır ki, bir də baxırsan üstündən bir neçə saat keçib. Sən isə heç nə qazanmamısan, əvəzində həm fiziki, həm də mənəvi cəhhətdən yorğun və tükənmiş haldasan. Əvvəllər isə darıxan kimi qonşu qonşunu səsləyir, bir yerə toplaşıb iməclik qurur, təndirə çörək yapır, məhlədəki hamı çörəyin ətirindən bihuş olaraq isti ocağın ətrafına yığılır, elə təndir başında da nehrə yağı, şor, təzə yığılmış tər göylər ilə qaynar çörəyi cana vurur, şirin-şirin söhbətlər edib bir-birlərinə həmhal olurdular. Artıq son dövrlərdə bayramları elə belə, xala-xətrin qalmasın şəkildə keçirdirik sanki. Adət-ənənələrimiz bizi addım-addım tərk edir, daha doğrusu, biz onlardan günü-gündən uzaqlaşır, yan düşürük. Əvvəllər bayramlarda insanlar bir ocağa yığışır, hay-küy ətrafı bürüyür, hər avazdan bir səs gəlirdi. Novruz bayramında alovu az qala göyə çatan tonqallar qalanır, səbirsizliklə günəşin batmasını, qaş qaralmasını gözləyən uşaqlar ardı-arası kəsilmək bilməyən papaqlarını böyük bir həyəcanla qapılara atır, qazandıqlarını aralarında qardaş payı kimi bölüşdürürdülər. İndi isə demək olar ki, bunlardan əsər-əlamət qalmayıb. Hər şey sanki öz əlvanlığını, rəngarəngliyini itirib. Bizim borcumuz adət-ənənələrimizi qoruyub özümüzdən sonrakı nəsillərə miras qoymaqdır. Biz isə əksinə edir, hər şeyi işıq sürətində unuduruq. Həyatımızdakı rənglərin solub getməsinin, bizi tərk etməsinin qarşısını almalı, ruhumuzun canlılığını qorumalıyıq. Çünki biz böyük və əzəmətli keçmişə malik ataların varisləriyik!